Nəsimi RİH-də 2 milyonluq tender müəmması: ünvansız şirkət və Pösük oğlu kimdir? – Araşdırma

Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən bu şirkətə ayrılan vəsait barədə Vergilər İdarəsinin rəsmi saytında məlumat yerləşdirilib.
Reportyor.info-nun araşdırması zamanı şirkətin rəhbəri Əlnağı Əliyev Pösük oğlu göstərilir. Kommersiya qurumunun yerləşdiyi ünvan isə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhərrəm Abışov küçəsi, ev 8, mənzil 20 göstərilir.
Nəsimi rayonunda görüləcək işlərin Sabunçu rayonunda yerləşən şirkətin həyata keçirməsi bir ayrı mövzudur. Araşdırmanın ən mühüm nəticəsi budur ki, sözügedən ünvanda “C.C-Təmir Tikinti” MMC adlı şirkət fəaliyyət göstərmir.

Əməkdaşımız ötən il Nəsimi rayonunda 1 milyon, 789 min 700 manatın hansı binaların əsaslı təmirinə xərcləndiyini dəqiqləşdirmək üçün sözügedən ünvana baş çəkib.
M.Abışov küçəsində yaşayış binasına daxil olan müxbirimiz ev 8, mənzil 20-nin qapısını döyüb və onun üzünə bir qadın açıb. O, burada ailə yaşadığını, heç vaxt şirkətin ofisi olmadığını söyləyib.
Bir sözlə, Əlnağı Əliyev Pösük oğlu adında bir şəxsin “C.C-Təmir Tikinti” MMC adlı şirkət bu ünvanda yerləşmədiyi üzə çıxıb.
Nəsimi RİH-də 2 milyonluq tender müəmması: ünvansız şirkət və Pösük oğlu kimdir? – Araşdırma

Ümumiyyətlə, bu adda şirkətin fəaliyyət göstərib-göstərmədiyi də müəmmalı olaraq qalır. Çünki şirkətin nə əlaqə nömrəsi var, nə bundan başqa tenderlərdə iştirak etməsi haqda məlumatlara rast gəlmək olur.
Ona görə də 2017-ci ildə Nəsimi rayonunda 1 milyon, 789 min 700 manatın yaşayış binalarının təmirinə xərclənib-xərclənmədiyi, konkret olaraq hansı binaların təmir edildiyi, bu maliyyənin şəffaf və təyinatı üzrə sərf edildiyi haqda rəsmi məlumatlar yoxdur.
İnternet resurslarında da sözügedən kommersiya qurumu haqda məlumatlara rast gəlinmir. Bu halda sual doğurur ki, Nəsimi rayon icra başçısı Asif Əsgərov bu şirkəti tenderdə necə qalib elan edib, hansı binaları təmir etdirib, 2 milyona yaxın pulu Pösük oğluna hansı şəkildə ödəyib?
Maraqlıdır ki, internetdə Əlinağı Əliyev Pösük oğlu ad-soyadını axtarış verəndə tamamilə heç bir səhifə açılmır.
Reportyor.info-nun araşdırması zamanıkeçən il Nəsimi rayonunda hansı binaların təmir edildiyini İH-nin rəsmi portalından öyrənməyə çalışmışıq.
Nəsimi rayonunda 2017-ci ilin I rübünün yekunları ilə bağlı çıxışında icra başçısı A.Əsgərov qeyd edib ki, Hüseyn Seyidzadə küçəsi 1, 2a, 3 və 16b saylı binaların və Cavadxan küçəsi 62 saylı binaların fasadları rənglənib.
Rəşid Məmmədov küçəsi 15 və 17 saylı binalar təmir olunmuş və həyətində “Abad Həyət” layihəsi çərçivəsində işlər görülüb.
Burada sakinlərin istirahəti üçün söhbətgah və azyaşlıların əyləncəsi üçün oyun elementləri quraşdırılıb. Həyətə şam və küknar ağacları əkilib.
Cavadxan küçəsi 70 və 72 saylı binaların həyəti, Seyidzadə küçəsi 5 saylı binanın arxası, Əliisgəndər İsgəndərov küçəsi 1,3,7 saylı binaların həyətləri, III mikrorayonda H.B.Əliyev küçəsi 4,36,42,46 saylı binaların ətrafı qanunsuz çəpərləmələrdən təmizlənib.
Maraqlıdır, binaların rənglənməsi, həyətində ağac əkilməsi, çəpərlərin sökülməsi üçün nə qədər maliyyə lazımdır?
Mərdanov qardaşları küçəsi 96a saylı binanın zirzəmisi təmizlənib, köhnə kanalizasiya xəttləri yenisi ilə əvəz olunub.
M.Qaşqay küçəsi 16 ünvanında təmir işləri görülüb, bina tam yararlı hala salınıb, 28 May küçəsi 52, 54, 56, 58, 60, 62; Nizami küçəsi 100, 102, 103, 104, 105, 107, 117, 119, 131, 135, 137; Xaqani küçəsi 65, F.Əmirov küçəsi 10; Zorge küçəsi 13 saylı binalarda əsaslı təmir işləri aparılıb.
Bu işləri də RİH həm öz adına çıxarır, həm də Mənzil Kommunal Təsərrüfatı Birliyi belə məsələləri həyata keçirir. O zaman Pösük oğlunun şirkəti hansı işlərlə məşğul olub?
Və sual yaranır – kosmetik işləri görmək üçün 2 milyona yaxın vəsait lazımdır? Ümumiyyətlə, A.Əsgərovun 1-ci rüblə bağlı çıxışında həmin şirkətin adı da keçmir və podratçı firmanın hansı olduğu açıqlanmır.
Xatırladaq ki, A.Əsgərov Nəsimi icra başçısı olduğu tarixdən rayon ərazisində yaşıllıqların kəsilib yerinin satılması, binaların həyətlərinin iş adamlarına verilməsi ilə gündəmə gəlib, nəinki binaları təmir etməsi ilə…
Yeri gəlmişkən, bu istiqamətdə daha dərin və ətraflı araşdırmalar apardığımız üçün qarşıdakı günlərdə təqdim edəcəyimiz yeni materiallarla tanış olacaqsınız.
Nəsimi RİH isə yaxşı olar ki, bir ailənin yaşadığı ünvanda “yerləşən” şirkət və onun sahibi barədə müəmmaya aydınlıq gətirsin. Araşdırmalarımız davam edir…
Gülay
REPORTYOR.info
https://www.youtube.com/watch?v=ERE5uNktmGg
https://www.youtube.com/watch?v=JT8XuRGXWIs
https://www.youtube.com/watch?v=GGx7OLzF4Vo
https://www.youtube.com/watch?v=HzQwGokTkiA