Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Mərkəzi tərəfindən həyata keçirilən özünüməşğulluq proqramının yerlərdə məmurların bərbad fəaliyyəti nəticəsində əhalinin haqlı narazılığına səbəb olduğu haqda dəfələrlə yazmışıq.
Bu layihə çərçivəsində rayonlarda gedən "oyunlar" həqiqətən acı gülüşlərə səbəb olur. Nazir Sahil Babayevi bu xəbərdarlıqlar deyəsən heç narahat etmir.
“Yeni Müsavat”ın redakisyasına gəlmiş şikayətçi ilə bağlı yazını teref.info olaraq oxuculıara təqdim edirik.
Goranboyun Ərizalı kənd sakini Ariz Qnyaz oğlu Dəmirov ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Mərkəzi tərəfindən verilən qoyunların qoca olmasından şikayətçidir. “Yeni Müsavat”ın redaksiyasına gəlib, üzləşdiyi problemlə bağlı danışan Ariz Dəmirov deyir ki, 2015-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işsiz kimi qeydiyyata götürülüb.
“3-cü qrup əliləm, bacım Fəridə 2-ci qrup əlildir. Anam Firuduz şəhid bacısıdır. 3 il gedib-gəldim, iş vermədilər. Məşğulluq Mərkəzinin müdiri Nicat Məmmədov deyirdi ki, iş yoxdur. Vəziyyətimiz olduqca ağırdır. Məni özünüməşğulluq proqramına yazdı. 1 ay Goranboyda Qocalar evində qoyun saxlamaqla bağlı təlim keçdilər, axırda da mənə qoca, əldən düşmüş qoyunları verdilər, dövlətə də guya 4 min manatlıq qoyun verilməsi haqda hesabat yazdılar” - deyə şikayətçi bildirib.
Onun sözlərinə görə təlimdə onlara yanı balalı qoyun veriləcəyi, həmin balaları böyüdüb satmaqla sığortaya pul ödəyəcəkləri bildirilib, heyvan saxlamağın qaydaları haqda dərs keçilib: “2018-ci ilin oktyabrın 28-də gecə 10-un yarısında qapı döyüldü, çıxdm ki, bir maşındır, özünüməşğulluqdan da Aydın adlı nümayəndə gəlmişdi. Mənə 21 qoyun veriləcəyini dedilər. Maşından 20 arıq, əldən düşmüş qoyun endirdilər, 1 də erkək qoç adı ilə çəlimsiz bir quzu qoyub getdilər. Səhər oldu, heyvanlara bir də baxdım. Gördüm ki, qoyunlar qocadır, ağızlarında dişləri belə yoxdur. Elələri var ki, gözləri görmür. Boyunlarına ip bağlayıb gəzdirməkdən bezmişəm. Qonum-qonşu qoç adı ilə verdikləri çəlimsiz quzunun südyanığı olduğunu deyirlər. Qoyunların eləsi var, qocalıqdan tükləri tökülüb. Aralarında ayağı şikəst olanı da vardı, mənə verəndən 2 gün sonra səhər baxdım ki, tövlədə ölüb. Qabaqlarına ot qoyuram, üzümə baxıb mələyir, yemirlər. Ağızlarında dişləri yoxdur axı ot yeyə bilsinlər”.
Ariz Dəmirov dişsiz qoyunların artmayacağını, bu səbəbdən də özünüməşğulluq proqramından onun dolanışığını təmin etməsinin də sual altına düşəcəyini deyir: “21 qoyunun cəminin ağzında 21 diş yoxdur. Mənə qoyunları təhvil verəndən sonra Nicat Məmmədova zəng elədim. Dedim ki, mənə nimdaş, qoca qoyunlar verilib, gözləri görmür, ot yemirlər. Cavab verdi ki, qoyunları sənə nazirlik verib, məni narahat eləmə. Məcbur olub nazirliyə getdim. Orada Elnur adlı əməkdaşa başıma gətirilən oyunları danışdım. O da dedi ki, ağlın olaydı, qoyunları alanda sənədlərə qol çəkməyəydin. Dərdimi kimə deyim, bilmirəm”.
Şikayətçi sənədlərdə 21 qoyunun 4 min manat olması haqda qeyd olmasına rəğmən faktiki qiymətlərinin qat-qat ucuz olduğunu deyir: “Halbuki bazara həmin 21 qoyunu aparsaq, maksimum 400-500 manat zorla verən olar.
Yeriyə bilmirlər, ağızlarında diş yoxdur, gözləri görmür. Qoyunu qucağıma alıb axura, su qabına yaxın aparıb yerə qoyuram. Qoyunlar o qədər qocalıb əldən düşüblər ki, 2 qoyunu qucağıma alıb yem qabına, su qabına yaxın apara bilirəm. Qoca qoyunlardır, gəzməyə halları yoxdur. Qonum-qonşunun qoyunları mənə verilən qoyunların yanında dana kimi görünürlər. Qonşu 2 qoçu aparıb bazarda satsa, mənə verilən 21 qoyundan artıq pul alar. Adını qoyublar ki, guya mənə yerli cins qoyun verilib. Yerli cins elə qoyun yoxdur. Yerli cinsdən olan qoyunlar hündür, ətli-canlıdırlar. Mənə verilən qoyunlar isə canlı skletlərdir".
Şikayətçi nazirdən kömək istəyir: “Nazirdən xahiş edirəm ki, bu işə əncam çəksin, mənə yerli cinsdən olan qoyunlar versinlər”.
Dünən bazar günü olduğundan ƏƏSMN-dən mövqe ala bilmədik. Nazirlikdən mövzu ilə bağlı danışmaq istəyən olsa, dinləməyə və çap etməyə hazırıq.