Elmira Süleymanova vəzifədən azad olunmasından danışdı

Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova yaxın günlərdə onun yerinə yeni namizəd irəli sürüləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.


Elmira Süleymanova demokrat.az-a açıqlamasında deyib ki, sözügedən məlumatlar iddia xarakteri daşıyır:

"Mənim bu vəzifədən getməyim və yeni ombudsmanın fəaliyyəti başlaması ilə bağlı müdüəalar Azərbaycan Konstitusiyasında da öz əksini tapıb. Mənim bu vəzifədən getməyim üçün gərək müvafiq tövsiyələr və cənab prezidentin sərəncamı olsun. Yəni, bu istəklə olan məsələ deyil. Bununla bağlı məsələ ölkə Konstitusiyasında da öz əksini tapıb. Yəqin ki, cənab prezident bununla bağlı müvafiq qərar verəcək. Bundan sonra hər şey məlum olacaq".

Xatırladaq ki, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) postuna yeni namizədin irəli sürüləcəyi barədə məlumat yayılıb.

Hökumətdəki mənbədən modern.az-a verilən məlumata görə, bu vəzifəyə seçki 2019-cu ilin mart ayında keçiriləcək. Qeyd edilir ki, uzun müddətdir İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) vəzifəsində çalışan 81 yaşlı Elmira Süleymanova nəhayət təqaüdə yola salınacaq.

Onun yerinə kimin namizəd irəli sürüləcəyi isə hələ müəyyən olunmayıb. Bu namizədin və ya namizədlərin qarşıdakı müddətdə müəyyən olunacağı gözlənilir.

Qeyd edək ki, 2002-ci və 2010-cu illərdə İnsan hüquqları üzrə müvəkkil seçilən Elmira Süleymanovanın səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib.

Lakin yeni Ombudsman seçilmədiyindən Elmira Süleymanova fəaliyyətini davam etdirir. Çünki qanunvericiliklə Ombudsmanın səlahiyyət müddəti bitsə də, yenisi seçilənə qədər işinə davam etməlidir.

"İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında" Qanuna əsasən, müvəkkil 7 il müddətinə seçilir və eyni şəxs müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz. Elmira Süleymanova da iki dəfə Ombudsman seçildiyindən, qanun onun səlahiyyət müddətini artırmağa imkan vermir.

Qanunvericiliyə görə, Azərbaycan Respublikasının Prezidenti Milli Məclisə yeni Ombudsmanın seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Milli Məclis 15 gün müddətində yeni müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edir.

Nəhayət 2 illik gecikmədən sonra bu seçkinin 2019-cu ilin martında keçiriləcəyi gözlənilir.