Sumqayıt Musiqi Kollecinin xüsusi “humanizmi” - Tələbələrə “kövrək notlar” üstündə Üzeyir bəyin məhşur “pulun var? Var,var!” mahnısını oxutdururlar
Təhsil sahəsində rüşvətxorluq və korrupsiyanın aradan qaldırılması üçün son zamanlar dövlət səviyyəsində xüsusilə Təhsil naziri cənab C.Bayramovun ciddi tapşırıqları əsasında sərt addımlar atılır. Xüsusilə kollec tipli təhsil müəssisələrində baş alıb gedən kütləvi qanunsuzluq halları narahatlıq doğurur. Redaksiyamıza daxil olan məlumatlarda artıq Təsil Nazirliyi və eyni zamanda aidiyyatı üzrə Mədəniyyət və Turizm Nazirliyinin bu məsələni diqqətdə saxladığı və yaxın günlərdə adı “qara siyahıda” olan kolleclərlə bağlı qəti tədbirlər görəcəyi ilə bağlı xəbərlər verilir.
Rubrika.Az saytına Sumqayıt Musiqi Kollecində baş verənlərlə bağlı ciddi ittihamları özündə əks etdirən məlumatlar daxil olub. Kollecdə olan mənbələr tərəfindən redaksiyamıza təqdim olunan məlumatlarda bu musiqi təhsili müəssisəsində yaranmış vəziyyət olduqca qeyri-qənaətbəxş kimi qiymətləndirilir. Hazırda kollecdə fortepiano, nəfəs alətləri, simli alətlər, zərb alətləri, xor dirijorluğu, musiqi nəzəriyyəsi, xanəndə və vokal şöbələri fəaliyyət göstərir. Lakin, məlumatlara görə kollecdə baş verənlərin “səsi” artıq dərs otaqlarına sığışmadığı üçün kənara da yayılıb. Burada baş verənləri musiqinin heç bir notunda oxumaq mümkün deyil, çünki bu tembri özündə əks etdirən vokal qabiliyyət hələ heç bir bəşər övladına nəsib olmayıb.
Rubrika.az saytına verilən məlumatlarda bildirilir ki, kollecdə tələbələrin aylığa buraxılması adi hal alıb. Xüsusilə əyalətlərdən gələn tələbələrin belə aylığa buraxılması kollec rəhbərliyinin xüsusi “humanizmi” kimi təqdim edilir. Saytımıza verilən məlumata görə bütün bu əməliyyatlara direktorun müavini Yaşar müəllim rəhbərlik edir. Qərb bölgəsindən, digər ucqar bölgələrdən olan tələbələr 500-600 manat müqabilində aylığa buraxılırlar. Onların gəlib Sumqayıtda qalması xərclərinə nisbətən daha ucuz başa gələn belə “lütfkarlıq” kollecin rəhbərliyinə hər ay on minlərlə manat pul qazandırır.
Həmçinin Yaşar müəllimin imtahan semestrlərində də tələbələrdən pul yığılması işlərinə bilavasitə rəhbərlik etdiyi bildirilir. Aylıqda olan, həmçinin dərslərə zəif gələn tələbələrə də imtahan sesiyası müddətində “kövrək notlar” üstündə Üzeyir bəyin məhşur “pulun var? Var,var!” mahnısını oxutdururlar.
Məlumatlara görə kollecdə pul yığımı bayram günlərində, eləcə də digər əlamətdar günlərdə də davam etdirilir. Təqvimdə qırmızı rəngdə olan günlər tələbələr üçün “qara” gəlir desək yanılmarıq.
Rubrika.az saytına daxil olan məlumatda Yaşar müəllimin artıq yüksək ranqlı məmurların adından da pul yığdığı bildirilr. Belə ki, Yaşar müəllim son “yığımın”ı məhz Sumqayıtın icra başçısı Zakir Fərəcovun şəhərdə binaların təmiri üçün apardığını iddia edib. Göründüyü kimi, olduqca ciddi ittihamdır və yəqin ki, Zakir müəllim adının belə bir olayda bu tərzdə hallandırılmasına biganə qala bilməz.
Mövzu ilə bağlı Sumqayıt Musiqi Kolleci ilə əlaqə saxlamağa cəhd etsək də zənglərimizə cavab verən olmadı. Məsələni diqqətdə saxlayacağıq.