Asif Rəsulov! Bu ad ölkədə demək olar ki, hər kəsə doğmadır. Bu adın tanışlığı bizə aprel döyüşlərini bir daha xatırladır. Bir çox hərbiçilərimizin şücaəti və qəhrəmanlığı xalqımızın əbədi yaddaşlarına həkk olunmaqla bərabər, vətənpərvərlik duyğusunu birə-beş alovlandırdı. Göstərdiyi mərdliyi və şücaətlərindən gələcək nəsillərə ağızdolusu danışa biləcəyimiz azərbaycanlı igidlərimizdən biri də məhz Asif Novruz oğlu Rəsulovdur. 1977-ci il təvəllüdlü qəhrəmanımız Ağstafa rayonunda dünyaya göz açmışdır. Öz şəxsi istəyi ilə 1994-cü ildə Bakı Ali Hərbi məktəbində təhsil almış, 1998-ci ildə həmin məktəbi bitirərək başa vurmuşdur. 2016-cı ildə aprelin 1-dən 2-nə keçən gecə silahlı qüvvələrimizlə erməni hərbi qüvvələri arasında baş vermiş dördgünlük döyüşdə hərbçilərimiz böyük qəhrəmanlığa imza atdılar. Dördgünlük müharibə zamanı, Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad edib, Füzuli rayonu istiqamətində yerləşən "Lələ təpə" adlandırılan yüksəkliyə nəzarəti ələ keçirdilər. Asif Rəsulov da həmin döyüşlərdə bütün gücüylə əlindən gələni əsirgəmədi. Talış yüksəkliyi uğrunda gedən qızğın savaşda 7 erməni əsgərini və düşmənin 2 tankını məhv edən döyüşçümüz 7 snayper gülləsi almış və arxasına düşən mərminin təsirindən kürəyindən ciddi xəsarətlər almışdır. Müdafiə Nazirliyinin Hərbi Hospitalına yerləşdirilən Asif Rəsulovun bədənində çoxlu sayda qəlpələr tapılmışdır. Hətta həkimlər qəlpələrdən birin çıxarılmamağı qərara alıblar. Düşmən silahından açılan güllələr onun ayağını, çiynini, qolunu və qarnını deşib. Həkimlərin səyi nəticəsində qəhrəmanımızın həyatı təhlükədən sovuşdu. Təbii ki, ölkə başçısı cənab İlham Əliyev igidlərimizin bu şücaətini özünəməxsus şəkildə qiymətləndirdi. Asif Rəsulov prezident tərəfindən xidmətdə fərqləndiyinə görə medalla təltif edildi. Bu döyüşlərdə adını tariximizin şanlı səhifələrinə yazdıran bu cür qəhrəmanlar gələcək nəsillərə böyük örnək olmaqla yanaşı, həm də fəxrlə nümunə göstərəcəyimiz insanlardır. Qarabağ uğrunda gedən döyüşlərdə, həmçinin müharibə şəritində olduğumuz müddətdə belə öz qəhrəmanlığı ilə xalqımızı, ümumən türk dünyasını təsirləndirən qəhrəmanlarımız vardır. Mübariz İbrahimov, Fərid Əhmədov və s. kimi milli qəhrəmanlarımızın göstərdikləri şücaətlər milli ruhun qidalanmasında böyük rol oynadı. Bu cür tarixi insanlar sayəsində hətta vətənpərvərlik hissinə qapılmayan şəxslər də özlərində bu hisləri oyandırdılar. Xalq öz şəhidlərini, qəhrəmanlarını heç vaxt unutmur və bu şəxslərlə tarix boyu fəxr edir. Asif Rəsulov əlindən gələni həmin döyüşdə etdi, öz sağlamlığı bahasına olsa belə əzmlə mübarizə apardı. Bu gün də müharibə başlasa döyüşə hazır olduğunu vurğulayır. 1992-ci il Qarabağ döyüşlərində öz əzmkarlıqları ilə yaddaşlarda qalan Allahverdi Bağırov, Əlif Hacıyev, Mehdi Abbasov kimi qəhrəmanlar həyatlarını itirsələr də, Asif Rəsulov bu gün xalqımızın canlı əfsanəsidir. Bu gün böyüklər uşaqlara bu cür vətən uğrunda savaşan igidlərin qəhrəmanlıqlarından danışmalı, gənclər də öz aralarında bu kimi mövzulardan söhbət açmalıdırlar.
Gənc nəsillərin stimul mənbəyi kimi vətənə olan sevgisini açıq şəkildə etiraf edən igidimiz həmçinin uşaqları da vətən eşqiylə böyüməyə səsləyir. Uşaqlar bu cür qəhrəmanların etmək istədiklərini təkrarlamaq istəyir, vətənə olan sevgiləri sinələrində tüğyan edir. Qəlbində Asif kimi vətən eşqi olan insanlar döyüşdə öz əzmkarlığı ilə fərqlənməklə yanaşı xalqın xüsusi rəğbətinə layiq olurlar. Bu gün sağ qalmasına ürəkdən şad olduğumuz Asif Rəsulov demək olar ki, hər kəsin diqqət mərkəzindədir. Qəhrəmanımızla qürur duyuruq.