Qaradağ rayon İcra Hakimiyyətində bir neçə gün əvvəl insident yaşanıb. Cumhuriyyet.az xəbər verir ki, insident Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovla, bir zamanlar ölkə gömrüyünə nəzarət edən “Broker” ləqəbli Əbülfəz Məlikov arasında yaşanıb. Qaradağ İcra Hakimiyyətindəki mənbənin bildirdiyinə görə Süleyman Mikayılovun kabinetindən yayılan səs-küy o qədər bərkdən olub ki, koridorda belə eşidilib. Bir qədər sonra isə Süleyman Mikayılovun kabinetindən qəzəbli bir adam çıxıb. Daha sonra isə icra hakimiyyətində gəzən söz-söhbətlərdən məlum olub ki, həmin şəxs hazırda “Meyvəli” meyvə-tərəvəzlərin topdan və pərakəndə satış bazasını idarə edən Əbülfəz Məlikov olub. İcra başçısının kabinetində olan səs-küy və söyüşlərin səbəbi isə bilinmir.
Qeyd edək ki, Əbülfəz Məlikov uzun müddət Azərbaycan gömrüyündə nəzarəti həyata keçirib. Bu şəxs hər zaman Azərbaycan mətbuatının diqqət mərkəzində olub və ölkə daxilində monopoliyanı təşkil edən əsas simalardan biri olub. O hətta həbsdə olan MTN generalı Akif Çovdarova “peredaça” daşınmasında belə ittiham olunub.
Qaradağ İcra hakimiyyətində baş verən insidentlə bağlı araşdırmamız davam edir.