Bakı-Quba yolunda yolun təhlükəsizlik üçün qoyulan qoruyucu məhəccərlərinin yararsız halda olmasına və qəzaya səbəb olmasına dair iddialara rəsmi münasibət bildirilib.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib ki, faktla bağlı araşdırma aparılır:
“Məsələ agentliyin diqqətindədir. Ərazi dəqiq bilinmədiyi üçün Bakı-Quba yolu istiqamətində yol boyu bütün məhəccərlər yoxlanılır. Hadisə yeri müəyyənləşdirildikdən sonra mövcud problem əməkdaşlar tərəfindən aradan qaldırılacaq”.
Qeyd edək ki, ötən gün Bakı-Quba yolunda qoruyucu məhəccərin qəzalı vəziyyətdə olması səbəbindən ağır yol-nəqliyyat hadisəsi baş verib. “Toyota Land Cruiser” markalı avtomobil yoldan çıxaraq aşıb.