Əkbər Hacıyev cibimizə necə girir... - İDDİA

“Azəriqaz” İstehsalat Birliyi Göyçay Rayon İstismar İdarəsi abonentlərə qaz sərfiyyatını yanvardan yeni limitlə hesablanmalı oldugu halda, ötən il limiti keçmis vətəndaşlara 0,20 AZN olmaqla ödəniş qəbzləri paylayır.

Bu barədə verilən məlumata görə, “Azəriqaz”ın Göyçay idarəsinin bu özbaşınalığı rayonda narazılıq doğurub. Göyçay sakini İlqar Məhərrəmlinin sözlərinə görə, “Azəriqaz”ın fırıldağı ilə rastlaşıb.

“Digər abonentlər kimi onlar mənə də 110 kub qaz sərfiyyatını artıq hesablayıblar. Mən 01.01.2019-cu ildə səhər saat 7:00-da sayğacın üstünü götürmüşəm. Yəni sayğacın üstü 01.01. 2019-cu il saat 7:00-da 15450 idi.

08.01.2019-cu ildə mənə göndərilən bildiriş-xəbərdarlıqda isə sayğacın üstü 15560 göstərilib. 18.12.2018-ci ildə sayğacın üstü 15326 olub.

Nəzərə alsaq ki, 01.01. 2019-cu il səhər saat 7-də sayğacın üstü 15450 olub bu rəqəmdən 18.12.2018-ci ildə sayğacın üstündəki 15326 çıxdıqda 124 qalır. Hazırda sayğacımın üstü 15560-dır. Fərq 234-dür. 234 kubun hamısı 20 qəpikdən hesablanıb”, - deyə şikayət edir.

Göyçay sakini əlavə edir: “Halbuki 234 kub sərfiyyatın 01.01.2019-cu ilədək sayğacın üstündə olan 124 kub sərfiyyat 20 qəpikdən (24 man 80 qəpik) 01.01.2019-cu ildən 08.01.2019-cu il tarixə olan 110 kub sərfiyyat isə 10 qəpikdən olmaqla 11 manat olmaqla borcum 34 manat 80 qəpik hesablanmalı idi.

Mənə isə 18.12.2018-ci il tarixdən 08.01.2019-cu ilədək 234 kub qaz sərfiyyatının hamısı 20 qəpikdən olmaqla 46 manat 80 qəpik hesablanıb. Ortada fərq 11 manatdır. Yəni “Azəriqaz”ın soyğunçuluqla məşğul olan əməkdaşları təkcə mənə 11 manat artıq yazıblar”.

Belə məlum olur ki, təkcə İ.Məhərrəmli yox, rayonda bir çox abonentlər qurumun soyğunçuluq və maxinasiyasının qurbanı olub.

Rayondan gələn şikayətlər arasında daha biri Göyçayın Yenikənd kəndindəndir. Bu kənd Kürdşaban bələdiyyəsinə daxildir. Hələ sovet dövründən Kürdşabanda telefon, su xətti, avtobus olduğu halda Yenikəndə qədər gəlmir.

Müstəqillik dönəmində davamlı şikayətlərdən sonra avtobus gündə iki dəfə də olsa Yenikəndə gəlir, su xətti, yol çəkildi, yeni transformator quraşdırıldı.

Ancaq qaz xəttinin bərpasında və telefon çəkilişi hələ də problem olaraq qalır. 2018- ci ilin noyabr ayında Kürdşaban kəndinə qaz xətti bərpa olundu.

Yenikənd sakinlərinin davamlı olaraq yerli və mərkəzi hökümətə, ARDNŞ-a, birbaşa Rövnəq Abdullayevə ünvanladığı müraciətlərə müsbət cavab verilmir. Bu barədə sakinlərin ölkə prezidentinə müraciəti isə ümumiyyətlə cavablandırılmır.

Yəni, Göyçayda qaz dərdi bitmir. Kəndlərin bəzisi qaz üzünə həsrət qalıb, camaat evlərdə donur, olanlara isə qaz idarəsi kələk gəlməkdədir.

Xatırladaq ki, bundan əvəvl tanınmış hüquq müdafiçəçisi, Abşeron sakini olan Sahib Məmmədov da “Azəriqaz”ı ittiham eləmişdi. Qurumun sözçüsü İbrahim Kərbəlayev isə deyib ki, tənqidlər həqiqətdən uzaqdır.

“Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 22 dekabr 2016-cı il tarixli, 19 nömrəli qərarına uyğun olaraq, 2017-ci ilin yanvar ayının 1-dən etibarən əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 1700 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 1700 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanır.

Abşeron rayonunun Hökməli kənd sakini Sahib Məmmədov tərəfindən GPG15337530 nömrəli qaz sayğacına 31 dekabr 2018-ci il tarixində saat 11:29 radələrində ödənilmiş 5 AZN vəsait il ərzində verilmiş limiti keçdiyi üçün 20 qəpik tarifi ilə hesablanıb.

Belə ki, qeyd olunan ünvanda 2018-ci il ərzində təbii qazdan istifadə üçün, ümumilikdə, 300 AZN vəsait ödənilmiş və Tarif (Qiymət) Şurasının Qərarına əsasən, 2 350 kub metr qaz hesablanıb.

İl dəyişdikdən sonra 3 yanvar 2019-cu il tarixində 1 AZN və 10 AZN olmaqla 11 AZN vəsait ödənilmiş və abonentin sayğacına 10 qəpik tarifi ilə 110 kub metr qaz sərfi yüklənib", - deyə İ.Kərbalayev vurğulayıb.

“Azəriqaz” rəsmisi əlavə edib ki, İTRON Smart tipli qaz sayğaclarda əvvəldən ödəniş sistemi ilə idarə olunduğundan limitin idarə olunması ödəniş sistemində idarə olunur:

“Ödəniş sistemi ilə sayğac arasında informasiya əlaqəsi olmadığı üçün ödəniş edilən tarix həmin ilin limitinə aid edilir.

Hesabat aparılan ödənişlər əsasında formalaşır və əhali istehlakçıları üzrə 1700 kub metr limit 01.01.2019-cu il tarixdən başlayaraq smartkarta aparılan ilk odəniş əməliyyatından etibarən hesablanır”. \\xalqxeber.az\\