Bir müddət əvvəl Beyləqan rayonunda Heydər Əliyevin adını daşıyan parkın hissələrə bölünərək satılması barədə informasiyalar yayılmışdı. Bunun ardınca mətbuatda həmin əraziləri özəlləşdirən ata-bala Abdullayev Vahid Cəmil oğlunun və Abdullayev Asəf Vahid oğlunun qanunsuz əməllərinə haqq qazandırmaq cəhdlərinə rast gəlindi. Əslində nə baş verir? Əlahəzrət fakt ondan ibarətdir ki, həqiqətən də Vahid və Asif Abdullayevlər həmin ərazidəki torpaq sahələrini özəlləşdiriblər. 3440 kv.metr park ərazisi Abdullayev Vahid Cəmil oğlunun adına 0,24 ha torpaq sahəsi isə Abdullayev Asəf Vahid oğlunun adına özəlləşdirilib. Əlavə olaraq bildirilirdi ki, parkın ərazisində olan 20-30 il bundan əvvəl əkilmiş yüzlərlə nadir ağaclar məhv edilib və yerində obyektlər tikilib. Beyləqan bazarının sahibi, iş adamı Xəqani Əhmədov baş verənlər barədə müvafiq dövlət qurumlarına məlumat versə də qanunsuzluqların qarşısını alan tapılmayıb. Bu azmış kimi, Xəqani Əhmədovun özü hədəfə götürülərək bir çox qurumlar tərəfindən təqiblərə məruz qalıb. Məcburiyyət qarşısında qalan iş adamı Xəqani Əhmədov hüquqi müstəvidə pozulmuş hüquqlarının müdafiəsinə qalxıb. Məlumat üçün bildirək ki, qalmaqallı ərazi ilə bağlı ortaya çıxan problemlər hələ də məhkəmə müstəvisində araşdırılır. Maraqlıdır ki, Beyləqan məhkəməsi və Şirvan Apellyasiya Məhkəməsi Xəqani Əhmədovun iddialarını təmin etməyib. Mübahisəli ərazidən əldə edilmiş video-foto görüntüləri bir daha əlaqədar qurumların diqqətinə çatdırmaqla mövzunu diqqətdə saxlayacağıq.
Gələn yazılarımızda tanış olacaqsınız:
1. Ata-bala cütlüyünə (Vahid və Asəf Abdullayevlər nəzərdə tutulur) himayədarlıq edənlər kimlərdir?
2. Ədliyyə Naziri Fikrət Məmmədovun Beyləqandakı və Şirvandakı hakimləri hansı maraqlara görə sahibkar Xəqani Əhmədovun iddialarını qəbul etməkdən yayınıblar?
3. Beyləqan və Şirvan Apellyasiya Məhkəməsində sözügedən torpaq qalmaqalı ilə bağlı kimlər tərəfindən və hansı məsələlər müzakirə olunub?
4. Beyləqan Rayon İcra Hakimiyyəti nəyə görə baş verən proseslərdə Abdullayevləri müdafiə edir?
5. Əmlak Məsələləri Dövlət Komitəsi nəyə görə ərazidə yenidən araşdırmalar aparılmasından vaz keçərək qanunsuzluqlara göz yumub?
Bu və digər qaranlıq məqamlara gələn yazılarımızda aydınlıq gətirməyə çalışacağıq.
Yazıda adı çəkilən tərəflərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
Araşdırmalarımız davam edir...
Ardı var...