Elmi titullu şəxslərin sayına görə, Azərbaycanın Gədəbəy rayonu həmişə seçilib. Gədəbəy rayonunda anadan olmuş alimlərin bir neçəsi ABŞ, Türkiyə, Rusiya və s. ölkələrin müxtəlif elmi assosiasiyalarının üzvləridir. Amma son illər bu göstərici sıfıra yaxınlaşır.
Anews.az-ın əldə etdiyi məlumata görə, son illər Gədəbəydə təhsilin göstəriciləri aşağı səviyyəyə düşüb. Rayonun təhsilində olan problemlər getdikcə artır.
Gədəbəy rayonunda çalışan və adının çəkilməsini arzulamayan müəllimlərdən birinin redaksiyamıza göndərdiyi məktubdan bəlli olur ki, bu Təhsil Şöbəsinin müdiri Baxış Nağıyevin yürütdüyü yarıtmaz siyasətin nəticəsidir.
Belə ki, Baxış Nağıyev Gədəbəydə təhsil adı altında maddi imkanlarını artırmağı əsas hədəf seçib. Rayonun şəhər və kənd məktəblərindən pul yığır. "Məktəb direktoru məndən bir aylıq maaşımı tələb edir və bildirir ki, verməcəyim təqdirdə dərs dediyim sinifdəki uşaqları xaric edəcək. Bu barədə Baxış Nağıyevə məlumat versəm belə heç bir tədbir görmədi. Sonda həmin məktəb direktoru qeyd etdi ki, pulu Baxış Nağıyevin göstərişi ilə yığır”, - deyə müəllim məktubunda vurğulayır.
Son 10 ildə Gədəbəy rayonunda şagirdlərin ali məktəblərə yüksək balla qəbul olunması Gədəbəydə təhsilin yüksək səviyyəsi ilə bağlı deyil. Həmin şagirdlərin adları rayonda və yaxud kəndlərdə məktəb qeydiyyatından çıxarılmır. Lakin həmin şagirdlər Bakıda, Sumqayıtda, Gəncədə nüfuzlu kurslarda hazırlıq keçir və bu yolla ali məktəblərə qəbul olurlar. Amma həmin şagirdlərin qeydiyyatda olduğu məktəbdə dərs buraxması onlara problem yaratmır. Təhsil idarəsinin rəhbərliyi buna göz yumur, əvəzində isə kursların hesabına əldə edilən yüksək göstəriciləri öz əməklərinin bəhrəsi kimi qələmə verirlər.
Baxış Nağıyevin digər gəlir mənbəyi isə attestat imtahanlarıdır. Gədəbəy rayonunda bir attestatın qiyməti 100-500 manat arasında dəyişir.
B. Nağıyevin yarıtmaz idarəetmə sisteminin nəticəsidir ki, Gədəbəydə yenidən tikilən, təmir-bərpa işləri aparılan məktəblər çox yararsız haldadır. Həmin məktəblərin bəzilərində şagirdlər dərsə gəlmir. Bu hal ən çox qış aylarında baş verir. Qızdırıcı sisteminin işləməməsi səbəbindən valideynlər uşaqlarını məktəbə buraxmır. Elə məktəblər də var ki, valideynlər öz puluna qızıdırıcı avadanlıqları alıb məktəbə hədiyyə edir. Amma Baxış Nağıyevin villasının qızıdırcı sistemi son model və Avropa standartlarına cavab verən texniki avadanlıqlarla işləyir.
Məktəblərin təkcə şagird yox, müəllim problemi də var. Məktəblərdə adı məktəbdə gedən, amma faktiki işləməyən müəllimlər də var. Onlar məktəbə getmir, maaşının bir hissəsini almaqla Bakıda və yaxud digər rayonlarda yaşayır. Maaşlarının qalan hissəsi isə direktorlar vasitəsilə Baxış Nağıyev tərəfindən mənimsənilir.
B,Nağıyev məktəblərdən müxtəlif yollarla pul yığır. Hətta təyinatla gələn müəllimlərin yerdəyişməsi üçün 2-3 min manat arasında pul alınır. Hətta rayon təhsil şöbəsi ildə bir neçə dəfə yoxlama adı ilə məktəblərin direktor və müəllimlərini pul verməyə məcbur edir.
Redaksiyamıza daxil olan müraciətdə bildirilir ki, kənd məktəblərindən birinin şagirdi dərs ilin zamanı Bakıya iş axtarmağa gedir. Həmin şagirdi Bakıda restoranlardan birində polis tutur və Təhsil nazirliyinə məlumat verir. Nazirlikdən rayona yoxlama qrupu göndərilir. Həmin yoxlama qrupu rayon təhsil şöbəsinin əməkdaşları ilə birlikdə polis tərəfindən tutulan uşağın məktəbinə yollanır. Yoxlama bitdikdən sonra Baxış Nağıyev nazirliyin yoxlama qrupunun adından müəllimlərindən, hətta məktəbin xadimələrindən 20 manat pul yığıb.
Ümid edirik ki, ölkənin müvafiq orqanları Gədəbəy rayonu təhsil idarəsind baş verən hadisələri arşdıracaq və rayonda təhsilin səviyyəsinin yaxşılaşdırıması məqsədi ilə uyğun qərarlar veriləcəkdir.
Zaur Qənəbərov