Abonentlər Beyləqan Qaz istismar idarəsindən şikayətçidirlər
Cahan.info-ya verilən məlumata görə, Beyləqan sakinləri əziyyət çəkirlər.
Son vaxtlar adıçəkilən idarə Beyləqanda əhaliyə yanar qazın verilməsində fasilələr yaradır. Əhaliyə yanar qazın verilməsində fasilələr yaranarkən əvvəldən xəbərdarlıq edilmir. Bu da partlayışa səbəb ola biləcək təhlükə yaradır.
Amma deyəsən ötən dövrdən nəticə çıxarılmayıb. Yada salaq ki, 2012-ci ildə Baş Prokurorluq tərəfindən Beyləqan qaz istismar sahəsinin rəisinin qanunsuz əməlləri ifşa olunmuşdu.
2016-cı ildə Beyləqan qaz istismar sahəsinin sabiq rəisi Sabir Mustafayevin qanunsuz əməlləri ifşa olunandan sonra onun yerinə təyin olunanların da fəaliyyəti qaneedici olmamışdı.
Ümumiyyətlə, Asif Ağayev Beyləqana icra başçısı gəldiyi vaxtdan rayonun problemləri daha da qabarıb. Beyləqan rayonu Şərq qəsəbə sakinləri bələdiyyə sədrindən şikayətçidirlər.
Bu günlərdə müraciət edən 20-dən çox sakin bildirib ki, Beyləqanda bələdiyyə sədri Vaqif Quliyev qəsəbədə gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün nəzərdə tutulmuş idman meydançasının ərazisini satıb: “Həmin yerdə məscid tikilməsi nəzərdə tutulmuşdu, amma indi sədrin qohumu orada ev tikir.
Seçildiyi dövr ərzində əhaliyə heç bir hesabat verməyib, özbaşına qərarlar verərək torpaq vergisi adı ilə kəndlilərdən aldığı pulların heç birinə qəbz vermədən mənimsəyib.
Vaqif Quliyev həm də kənd üzrə baytar işləyir və dövlətin süni mayalanma yolu ilə alınmış hər buzova görə ayırdığı subsidiyaları qohumlarının və öz adına yazaraq mənimsəyir”.
İcra başçısının isə Heydər parkını hissə-hissə satdığı xəbəri yayılmışdı. Bir sözlə. Beyləqanın sosial problemləri, qaz, işıq çətinlikləri bir tərəfdən, məmur özbaşınalığı digər tərəfdən əhalini boğaza yığıb.
Asif Ağayevin adından danışan icra hakimiyyətinin şöbə müdirlərindən biri fermerlərə deyib ki, əgər bundan sonra da təsərrüfatlarını qorumaq istəyirlərsə, başçının qəbulunda olmalıdırlar.
Biz ilk başdan elə başa düşdük ki, yeni başçını problemlərimi maraqlandırır. Sonra şöbə müdiri işarə ilə başa saldı ki, qəbula əliboş gəlməli deyilik. Əgər işimizi davam etdirmək istəyiriksə. Belə də iş olar. Adam heç göləmir ki, 40-ı da çıxsın..."
Bundan başqa, Beyləqan sakinləri Natarius kontorunun qapalı qalmasından narazıdırlar. Təxminən bir ilə yaxındır ki, Beyləqan şəhər ı-saylı Notariusun müdirəsi Şəmsiyyə Quliyevanın təqaüdə çıxma yaşı çatıb və Şəmsiyyə xanım təqaüdə çıxıb.
Elə həmin gündən də Beyləqan şəhər 1-saylı notarius kontoru qapadılıb. Notariusa yeni müdir təyin edilmir, digər işçiləri isə işə gəlmirlər.
Yekunda 100 min əhalisi olan Beyləqan rayonunun sakinləri Notarius işlərini görmək üçün məcburən qonşu rayonlara getməli olurlar.
Əhalinin dediyinə görə notariusa yeni müdir vəzifəsində işləmək istəyənlərdən rüşvət tələb olunur və bu böyük məbləğ olduğu üçün heç kim Notariusda müdir kimi işləmək istəmir.