Azərbaycanda vəkillərin sayı artırılacaq

Azərbaycanda vəkillərin sayı artırılaraq zəruri həddə çatdırılacaq.

AzBaku.info Report-a istinadən xəbər verir ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli, 853-VQD nömrəli qanununun tətbiqi barədə sərəncamında əksini tapıb.

Sərəncamla Nazirlər Kabinetinə Azərbaycan qanunlarının və Azərbaycan prezidentinin aktlarının “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin edib Azərbaycan prezidentinə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində Azərbaycan prezidentinə məlumat vermək tapşırılıb.

Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək, Vəkillər Kollegiyasına vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun daha səmərəli təmin edilməsi məqsədi ilə vəkillərin sayının artırılaraq zəruri həddə çatdırılması üçün müvafiq tədbirlər görülməsinin tövsiyə edilməsi tapşırığı verilib.