Kərəm Həsənov üçün Fərhad Əliyev aqibəti: növbəti qurban komitə sədridir?

Bir neçə il öncə adı xaricdə biznes şəbəkəsi yaratmaqda hallanan Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovla bağlı yeni iddialar ortaya çıxıb.

Belə ki, cumhuriyyet.az-ı məlumatlandıran mənbənin sözlərinə görə, Əmlak Komitəsinin sədrinin son vaxtlar yenidən qızışan oliqarx savaşında tərəf seçməsi onun özünü də hədəfə çevirib və "vurulması” üçün ciddi əsaslar yaradıb. Həsənovun bir neçə media orqanını himayəsinə götürərək, rəqiblərə meydan oxuması da diqqətdən yayınmır.

Bir müddət əvvəl mediada Kərəm Həsənovun Azərbaycanda yığdığı milyonlar hesabına Çexiya və Dubayda böyük biznes şəbəkəsi qurduğu barədə ciddi məlumatlar yayılmışdı. Çexiya yeyinti sənayesində Həsənovun böyük pay sahiblərindən biri olduğu qeyd olunur.

Onun bu ölkədə yüngül və yeyinti sənayesinə daha önəm verdiyi bildirilir, mineral su və pivə istehsalına böyük kapital yatırımı etdiyi iddia olunur. Həsənovun Çexiyanın müxtəlif bölgələrində, xüsusən də Benetiçe və Karlovı Varı şəhərlərində mineral su zavodları olduğu deyilir.

Bu zavodlarda istehsal edilən mineral suların bir qismi çex bazarlarına çıxarılsa da, daha böyük qismi Avropa ölkələrinə satılır, lakin həmin suların Azərbaycana idxal olunduğu da vaxtında təsdiqini tapıb.

Bu suların Azərbaycandakı satışını həyata keçirən və rəsmi distribüteri hesab edilən ”Mattoni”nin də komitə sədri və ona yaxın olan adamlara məxsus olduğu deyilir. K.Həsənovun xarici ölkədəki biznes fəaliyyəti bununla məhdudlaşmır. Komitə sədrinin həm Çexiya, həm də Birləşmiş Ərəb Əmirliyində xeyli sayda istirahət və əyləncə mərkəzinə sahib olduğunu bildirən mənbə K.Həsənovun biznesin bu sahəsində də böyük səriştəyə malik olduğunu qeyd edib.

Bütün bunlarla bağlı cumhuriyyet.az olaraq mediada yer alan məlumatlar üzərindən araşdırmamıza görə, komitə sədri əldə etdiyi sərvətin böyük bir qismini İsveçrə banklarında hifz edir: "Komitə sədrinin İsveçrə bankları ilə əlaqəsi qardaşı vasitəsilə təmin olunur. K.Həsənovun qardaşının pasportunda onun İsveçrəyə səfərlər qeydiyyatını göstərən möhürlər də bununla bağlıdır”.

Komitə sədrinin Azərbaycandakı biznesi də yetərincə rənğarəng və çoxşaxəlidir. Bura restoranlar, əyləncə mərkəzləri, tikinti sektoru və sair sahələr aiddir. Həsənov rəhbəri olduğu Əmlak Komitəsinin səlahiyyətlərindən sui-istifadə edərək, bir çox obyektləri çox rahat şəkildə yaxınlarının adına su qiymətinə özəlləşdirə bilməsi, onu son 7-8 ildə Azərbaycanda ciddi kapital sahibinə çevirib.

Əlbəttə, Kərəm Həsənov dövlət məmuru yox, iş adamı olsaydı, bu biznes şəbəkəsini yalnız alqışlamaq olardı. Amma indiki halda söhbət dövlətdən oğurlanan pullar və korrupsiya hesabına qurulan biznesdən gedir.

Əmlak Komitəsinin sədri bir vaxtlar onun biznesinə əl qoymağa çalışan rəqiblərlə media vasitəsi ilə haqq-hesab çəkmək iddiasına düşüb. Cumhuriyyet.az bildirir ki, bu məsələ isə Fərhad və Rafiq Əliyev qardaşlarının həbsdən azad edilməsindən sonra sürətlənib.

Ötən müddət ərzində bir neçə dövlət qurumu ilə Əmlak komitəsi arsında baş verən məhkəmə skandalı, Həsənovun "qol gücü” nümayişi onun böyüyən iddialarından xəbər verir. Bir vaxtlar adı həbsə atılan Əliyev qardaşları ilə birgə çəkilən və vəzifəsini itirmək qorxusu ilə üzləşən Həsənovun rəqiblərindən qisas almaq üçün böyük fürsət qazandığı görünür.

Maraqlıdır, hakimiyyətin 3-cü ranqlı məmurlarından hesab olunan Kərəm Həsənova bu savaşın ssenarisini kim cızıb? Ona bu qədər səlahiyyətin verilməsinin hansısa pərdərxası məqamları var.

Xatırladaq ki, bir vaxtlar sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev də oliqarxlar arasında gedən savaşa məhz bu "yol”la gəlmişdi. Sonu isə bəllidir. Görünən odur ki, Kərəm Həsənov da yaxın qohumunun yolunu gedir. Nəticənin necə olacağı zamanın işidir.
AzBaku.org