Səhər alaqaranlıqlı "İnşaatçılar” metro stansiyasının həndəvərində dayanıb sevgilimi gözləyirdim. Metronun qarşısında görüşüb ona "14 fevral” hədiyyəsini verəcəkdim. Sonra onu işə ötürüb mən də öz işimin dalınca gedəcəkdim. Sevgilim yubandığından metronun o baş-bu başına gedib-gəlirdim ki, vaxtı "öldürüm”.
Birdən gözümə 11-12 yaşlarında bir qızcığaz sataşdı. Bir əlində nərgizgülü tutmuşdu, o biri cibində idi... Çiynindən balaca ağ çanta asılmışdı. Arabir dəstə-bağlama nərgizi sinəsinə büküb gül tutan əlini ağzına tuturdu. Ovuclarına buğ üfürürdü. Dümağ üzü səhərin ayazından qıpqırmızı qızarmışdı. Metronun pilləkənlərindən üzü aşağı və yuxarı düşənlərə əlindəkini uzadırdı. Adamlar qənşərinə çatanda dayanırdı. Dillənmirdi. Utandığından başını aşağı salırdı. Arada bir gəlib gedənlər dilucu qiymət soruşurdu:
-Neçəyədir bu?
-1 manat, əmi.
Başqa biri qəzəbli baxışla, əmiranə tonla gözlərini qızcığaza zilləyib:
-A bala, neçəyə verirsən?
-1 manata xala... (başını qaldırmadan zorla eşidiləcək səslə dillənirdi).
Başqa bir tərəfdən içindəki vulkanı, püskürtünü balaca qızcığazın üzərinə tökməyə hazırlaşan yaşlı bir qadın əsəblə gülləri əlləşdirir... Öz-özümə deyirəm ki, ay xala, sənə o biri dünyada hər axşam "qaib" qoyurlar, bax, o nərgizgülü sənin nəyinə gərək... Ürəyim dözmədi. Yaxınlaşdım. Bir manat uzadıb bir dəstə nərgizgülü aldım. Əlindəkini götürdüm. Gülün zoğ hissəsi, dəstə yeri ipisti idi. Gülü qaytarıb başqasını götürdüm:
-Bacı, xətrinə dəyməsin, mən qutudan başqasını götürərəm. Bunu əlində isitmisən. Əlinin istisinə heyfin gəlsin.
"Məktəbdən çıxdım ki, gül satıb atamın dərmanlarını alım”
Qızcığaz deyəsən heç nə başa düşmədi. Sorğu-suala tutmaq qərarına gəldim. Birdən yadıma düşdü ki, bir azdan dərs başlayacaq. Bəlkə də artıq başlayıb. Bu uşaq niyə dərsdə deyil? – deyə öz-özümə fikirləşdim. Cavabı öz dilindən eşitmək istədim:
-Bacı, adın nədir?
-Zəhra.
-Neçə yaşın var?
-11. 12-nin içindəyəm.
-Neçənci sinifdə oxuyursan?
-6-cı...
-Bir azdan dərs başlayacaq, niyə dərsə getmirsən?
-Məktəbdən çıxmışam.
-Məktəbdən niyə çıxmısan?
-Anama kömək edirəm. Köməkləşib gülləri satırıq. Bir ildi məktəbə getmirəm.
-Atan yoxdur?
-Yoxdur... (bir anlıq duruxur). Var, evdədir, yatır. İşləmir. Xəstədir. Gül satıram ki, atamın dərmanlarının pulunu yığım.
-Nə vaxtdan gül satırsan?
-Keçən ildən.
Zəhranı diqqətlə süzürəm. Gözümüzün öyrəşdiyi, 20 qəpik üçün adamın əlindən tutub sallaşan, pul verməyəndə çəmkirən qaraçı qızcığazlarına bənzəmədiyini anlayırsan. Adətən dilənçilərin yanından düz keçirəm. "Qaraçılardan varlısı yoxdur” – deyib onlara verəcəyim 10 qəpiyə də qıyıram. Bu dəfə alınmadı. Üzündən, gözündən hiss etdim ki, mənim millətimin balasıdır. Utancaqdır. Safdır. Əlindəki nərgizgülünü təbəssümlə uzatsa da, ona uzadılan manatı qorxa-qorxa, ürkə-ürkə alır...
Get-gedə əllərinin göyərdiyini gördüm. Səhərin qara soyuğunun yanağına şapalaq kimi çəkdiyi qızartı da yavaş-yavaş saralırdı. Qəfildən-Zəhra, bəs anan haradadır?-deyə soruşdum. Anam da metronun o biri başında gül satır – cavabını aldım:
-Bəs nə qədər çox gül gətirmisən? Satıb qurtara biləcəksən?
-Anam dedi ki, bu gün satılacaq...
- Bu gün nə günüdür ki? – təbəssümlə soruşuram:
-Qızlarla oğlanların (təbəssüm edir, yenidən üşüyən əllərini boğazından buxarlanan buğuna sarı tutur).
Ürəyim dözmür. Neçə gül satmalı olduğunu soruşuram. Beş-altı manat olsun, gedəcəm deyir. Az qalıram, metronun yanından keçənlərə yalvaram ki, gül alın, yazıqdı bu qızcığaz. Hayqırmaq istəyirəm ki, göyərmiş əllərinin xatirinə, soyuğun yaşartdığı gözlərinin xatirinə bir dəstə nərgizgülü alın...
Çar-naçar, cibimdən bir beşlik çıxarıram (səhv etmirəmsə, üstümdə altıca manat pulum var idi). Bir manat da geri qayıtmaq üçün özümə yolpulu saxlayıram. Anidən arxa cibimdə qəpiklər şıqqıldayır. Bir manatı da üstünə qoyub Zəhraya uzadıram:
-Zəhra al bu pulu, get, soyuqdur. Əllərin donacaq bir azdan.
Pulu götürür. Mən də bir dəstə əlavə gül götürüb, sol əlimə alıram. Nərgizgülü heybəsini dayanacağa kimi kömək edirəm. Sonra oradan bir qədər uzaqlaşıram. Vaxtı "öldürmək” üçün yenə o baş-bu başa gedib gəlirəm. Hələ on dəqiqə var, deyib metronun aşağısına-yuxarısına var-gəl edirəm.
Arxamı Zəhraya tərəf çevirərkən içimdən bir bayatı qopur:
Əzizim, buda məni.
Xırpala, buda məni.
Üstümdə pulum azdı,
Sabah gözlə burda məni...
"6 uşaq, bir Qarabağ əlili öhdəmdədir...”
Yenidən bayaqkı yerə qayıdanda Zəhranı pilləkənlərin üstündə görürəm. Yenə də paltosuna və papağına qısılmış cələfsiz, arıq canı ilə nərgizləri yanından keçənlərə uzadır... Özü də başı aşağı...
Birdən arxadan – ay oğul, ay oğul! Səninləyəm, qardaş... – səsinə diksinirəm. Qucağında körpə uşaq 40-45 yaşlarında bir qadının mənə sarı gəldiyini görürəm. Utana-utana sözə başlayır: "Oğul, mən Zəhrənın anasıyam. Allah əvəzini versin, Zəhraya 6 manat vermisən ki, evə getsin. Sağ ol. amma gülümüz çoxdur. Sabah sevgililər günüdür. 100 gül gətirmişik, satmalıyıq. Üzrlü say, gedirdi, özüm qaytardım”.
Qadın qucağındakı uşağın bələyinin orasını-burasını düzəldir. Açıq qalan yerlərini örtür. Söhbətə tuturam. Əllərinin qabarından, ovuclarının çatlaqlarından zəhmətkeş qadın olduğu aydın hiss edilir. Adının Afət olduğunu deyir. Təxminən il yarım əvvəl Ağdaşdan gəliblər. Afət Abıyeva deyir ki, rayonda iş olmadığı üçün ailəlikcə paytaxtda üz tutublar:
"Orada dolanışıq yox idi. Ağdaşın özündə qalırdıq. Bakıya köçəsi olduq. İndi burada kirayədə qalırıq. 8 baş külfətik. Üzr istəyirəm, sən də mənim balam, 6 uşağım var. Ən balacası qucağımdakıdır. 8 aylıqdır. Adı da Tunardır. Yoldaşım Qarabağ əlilidir, Abıyev Azərdi adı. Kəlbəcərdə döyüşüb. Ayaqlarını "moroz” aparıb. Amma əlillik statusu yoxdur. Heç veteran "knijka”sı da yoxdur. Rayonda olanda 5000 pul istədilər. Vəsiqə düzəldə bilərik-dedilər. Biz də hardan alaq o qədər pulu. Çıxıb Bakıya gəldik. Yoldaşım işləyə bilmir. Neçə illərdi ki, yataq xəstəsidir. Biz də gül sata-sata həm öz boğazımıza baxırıq, həm də yoldaşımın dərmanlarını alırıq. O dərmanlar olmasa bir gün də yaşaya bilməz”.
"Oğlum da işləyir, qızım da, mən də...”
Afət xala deyir ki, böyük oğlu tikintidə işləyir. Özü də günü 15 manata. Fəhləlik edir. Məktəbi bitiribmi, bitirməyibmi xəbəri yoxdur. 17 yaşı var deyir. Əlavə edir ki, payıza əsgər gedəcək: "Oğlum da işləyir, qızım da, mən də. Birtəhər ailəni saxlamağa çalışırıq. Allaha qurban olum, 6 uşaq verdi. İndi məcburuq ki, saxlayaq. "Özüm hər gün bu çağa ilə bazara gedirəm. Kartof-soğan satıram. Bir əlim çağada, bir əlim kartof-soğanda. Görən deyir ki, qoçaq adamsan. Nə etməliyəm? Başqa nə çarəm var?!”.
Afət xala və balaca Zəhra ilə sağollaşıram. Hələ axşamın düşməyinə səkkiz-on saat var..
Bu vaxt görüşəcəyim xanımdan zəng gəlir:
-Bayaqdan sakitcə sənə baxıram.
-Sənə nərgizgülü alırdım...
-Yaxşı görək... (səs ciddiləşir). Məni gözləyəndə də fürsəti boşa vermirsən də, o xanım kim idi?
- 6 manata sevgililər gününü təbrik etdiyim tanımadığım ana-bala...
-... (dud-dud-dud...) Telefonu sönür...