“Xırdalan Xəz” ASC şefindən şəhid qızının ruhuna təhqir: içki, rüşvət, ölüm... - VİDEO

Akif Rəhimov məşhur adamdır. Vaxtilə deputatlığa namizəd olub

Cahan.info yada salır ki, onun “Yeganə” şadlıq evi var, özü “Xırdalan Xəz” ASC-nin rəhbəridir. Yəni, pulunu “balta kəsməz”, kifayət qədər varlı adamdır, əli çox yerə çatır, fikirləşir ki, hər bir cinayəti rüşvətlə, pulla, yuxarıda vəzifəli adamların əli ilə ört-basdır etmək olar. Amma sonuncu faciəvi hadisədə “yaman yerdə axşamlayıb”. Prezidentin məmur və varlı şəxslərin övladlarına xəbərdarlığına baxmayaraq, A.Rəhimovun oğlunun harınlıq edərək şəhid qızının avtoqəzada həyatına son qoyması onun axırına çıxıb.
İş adamı düşünüb ki, işi bağlamaq olar, şəhid ailəsini də yola gətirər, başına puldan tökər, qan pulusunu verər. Üstəlik, cinayəti ailə şoferinin üstünə qoyub, oğlunu türmə həyatından xilas edir. Amma bütün bu əməllərinin üstü elə açılır ki, işi araşdıran müstəntiq ölkədən qaçmalı olur, qeyri-rəsmi köməkçisi A.Rəhimovdan rüşvət aldığına görə həbs olunur. Bu azmış kimi, biznesmen qəzada ölən şəhid qızının ruhunu təhqir edərək onun sərxoş olması barədə rüşvətlə saxta tibbi ekspertiza rəyi alır. Bu gizlinlərin üstü Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və külli miqdarda rüşvət almaqda təqsirləndirilən 1988-ci il təvəllüdlü Elnur Babayevin işində açılıb. Xəbəri qafqazinfo.az yazıb. Belə ki, 2017-ci ilin noyabrında “Xırdalan Xəz” ASCrəhbəri Akif Rəhimovun 17 yaşlı oğlu Rəhim Rəhimov şəhid qızı Könül Əkbərovanı idarə etdiyi 90 FO 007 nömrəsi “Jeep Grand Cherokee” markalı avtomobillə vurub öldürüb.
Qəzadan sonra R.Rəhimov 1 ay azadlıqda qalmışdı, onun yerinə isə ailənin sürücüsü Əmrulla Şahbazov cinayəti boynuna götürmüşdü. Daha sonra şəhidin ailəsi məsələni ictimailəşdirdiyi üçün cinayət işi Səbail RPİ-nin müstəntiqi Vüqar Abbasovdan alındı və V.Abbasov vəzifəsindən qovuldu. Bu gün təqsirləndirilən Elnur Babayev də həmin müstəntiqin qeyri-rəsmi köməkçisi olub. Məlum olub ki, iş adamı Akif Rəhimov sürücülük vəsiqəsi olmadan maşın idarə edən oğlunu həbsdən yayındırmaq üçün şəhid qızı, mərhum K.Əkbərovanın sərxoş olması barədə saxta ekpertiza rəyi almaq istəyib. Ona bu vədi verən müstəniq köməkçisi Elnur Babayevə 52 min 500 manat verib. E.Babayev ekspertiza rəyi üçün 10 min manat, müstəntiq Vüqar Abbasov vasitəsilə işi həll etmək, saxta şahidlər tapmaq və R.Rəhimov yox, sürücü Əmrulla Şahbazovun təqsirləndirilən şəxs kimi tanınması üçün Akif Rəhimovdan 42 min 500 manat alıb. Hazırda müstəntiq V.Abbasovun ölkədən qaçdığı bildirilir. Lakin işin ictimailəşməsi və nəzarətin güclənməsi E.Babayevin vədlərini yerinə yetirməyə imkan verməyib.
E.Babayev pulu Akif Rəhimovun qardaşı Məmməd Rəhimova məxsus “Yeganə” şadlıq sarayında alıb. Rəhim Rəhimov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Amma cəmi 9 ay həbsdə qaldıqdan sonra məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməklə azadlığa buraxılıb. İşin ən dəhşətlisi budur ki, A.Rəhimov oğlunun qurtarmaq üçün rüşvət verir, ailə şoferini qurbanlıq edir, məsələni bağladır, bütün bunları hardasa başa düşmək olar - Azərbaycan reallığıdır. Ancaq oğlunun öldürdüyü şəhid qızının ruhunu aşağılamaq, saxta tibbi rəylə qadının içkili, sərxoş olduğu sənədi almaq hansı vicdana sığışır? Bu nə rəzalətdir, bu nə utancverici haldır... Şəhid qızının günahsız yerə bir qudurğan yeniyetmənin törətdiyi qəzaya qurban getməsi azmış, üstəgəl sərxoş olması təəssuratı formalaşdırılır.
İki uşaq anasının həyatına son qoyan gəncin cəzalandırılması əvəzinə şəhid qızına sərxoş damğası vurulması, rüşvətlə ona çamur atılması, ruhunun incidilməsi çox böyük günahdır, insanlığa yaraşmayan addımdır. Qəza zamanı dünyasını dəyişən Könül Əkbərovanın anası, hüquqi varisi kimi tanınmış Bəsti Qədimova deyib ki, mərhum qızı ailəli olub, sonra boşanıb. Onun 4 övladı var. Onlardan biri hərbi xidmətdədir. R.Rəhimov ölümlə nəticələnən qəza törətmə və hadisə yerindən qaçmaqda təqsirləndirilir. Biznesmenin oğlu deyib ki, hadisə günü "Enerji-klub"a ad gününə gedirmiş.
Qeyd edək ki, “Yeqanə” Şadlıq sarayı Akif Rəhimov və onun qardaşı Məmməd Rəhimovun şərikli obyektidir. Mediada gedən yazılara görə, qardaşların Bakıda “Səmayə” şadlıq sarayı və bir sıra obyektləri var. Qardaşların hazırda sadə vətəndaşları aldadaraq onlara olan borclarını qaytarmaması ilə bağlı səslənən fikirlər tam təsdiqini tapıb. Prezidentin dəfələrlə: “Məmurlar və iş adamlarının uşaqları qudurğanlıq etməməlidir” - kimi tapşırıqlarına məhəl qoymayanların, qanunun qadağan etdiyi qaydaları ən sərt şəkildə pozanların hüququn sərt üzü ilə cəzalandırılması vacibdir. Əks təqdirdə Akif Rəhimov kimilərin özbaşınalığına şərait genişlənər, onlar və 17 yaşlı övladları daha çox insanın həyatına son verəcək.