17 aprel 2006-cı ildə 388 nömrəli Fərmanla təsdiq edilmiş "Texniki yardım və qrant alınmasına dair saziş" üzrə alınan vəsaitlərdən təkcə xəbəri olmayan sosial təbəqə, məhz elə müharibə veteranlarıdır. Çünki Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi bu müharibədədöyüşçü kimi iştirak etmiş 64278 nəfər döyüşçünü birləşdirir. Əgər bu 13 ildə bircə fakt olmuş olsaydı, bizim bu humanist əməldənmütləq xəbərimiz olardı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BMT-nin İnkişaf Proqramı və Əhali Fondu arasında sosial müdafiə əhəmiyyətli yeni layihələr imzalanıb.
Artıq 12 fevral 2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondu arasında “Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin olunması” və nazirliklə BMT Əhali Fondu arasında “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihələrinin imzalanması mərasimi olub. Bu barədə "Real tv" məlumat verib.
Tədbirdə Əmək və Əhalinin sSosial Müdafiəsi naziri Sahil Babayev, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai, BMT İnkişaf Proqramının Azərbaycandakı Rezident nümayəndəsinin vəzifəsini icra edən Alessandro Frakassetti, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin nümayəndəsi Fərqan Abaszadə, BMT-nin İnkişaf Proqramının Proqram müşaviri Leyla Fathi, BMT Əhali Fondunun Proqram müşavirləri Bəhicə Əliyeva, Nərminə Məlikova iştirak edib.
S. Babayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarının icrası olaraq, əhalinin həssas qruplarının sosial müdafiəsinin yaxşılaşdırılmasına xidmət edən tədbirlərin gücləndirilməsi və əhatə dairəsinin genişləndirilməsi üçün mühüm addımların atıldığını vurğulayıb. Nazir bu sahədə beynəlxalq əməkdaşlıq müstəvisində birgə layihələrin icrasına da xüsusi önəm verildiyini deyib. O, bildirib ki, ötən ilin dekabr ayında nazirliklə BMT İnkişaf Proqramı arasında “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi əlilliyi olan şəxslərin özünüməşğulluq fəaliyyəti müstəvisində dayanıqlı biznes qurmalarına töhfə vermək məqsədinə yönəlib.
S. Babayev vurğulayıb ki, hazırda imzalanan iki layihə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünün nəticəsi olmaqla, mühüm sosial əhəmiyyət kəsb edir. Belə ki, “Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin olunması” layihəsi əlilliyi olan qadınların və Qarabağ müharibəsi əlillərinin müdafiəsi və rifahı ilə bağlı hüquqlarının təmin olunması, onların cəmiyyətə inteqrasiyasının təşviq edilməsi istiqamətində Azərbaycan hökumətinin apardığı işlərə dəstək məqsədi daşıyır. 2500 nəfər əlilliyi olan şəxsi əhatə edəcək layihənin əsas komponentləri sırasında təlimlər vasitəsilə onların bacarıqlarının inkişafının və məşğulluqlarının, öz kiçik bizneslərini yaratmalarının dəstəklənməsi, əlilliyi olan şəxslərlə bağlı inklüzivliyin təşviq edilməsi də mühüm yer tutur. Bu sahədə aidiyyəti dövlət və hökumət qurumları, özəl sektora aid işəgötürənlər, KİV-lər ilə fəal əməkdaşlıq həyata keçiriləcək.
“Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsi bu prosesə uyğun olaraq, hökumətin yaşlıların rifah halının yaxşılaşdırılması istiqamətində səylərinə dəstək verəcək. Layihə 10 mindən çox şəxsi əhatə edəcək və layihə çərçivəsində bir-biri ilə sıx əlaqəli olan bir sıra fəaliyyətlər (müvafiq sahədə siyasətin təkmilləşdirilməsi üçün daha keyfiyyətli məlumatların hazırlanması, yaşlanma məsələsinə dair ictimai məlumatlılığın artırılması, sosial xidmətlər vasitəsilə yaşlıların daha sağlam və müstəqil həyat sürmək imkanının dəstəklənməsinə yönələn pilot tədbirlər) həyata keçiriləcək.
Q. İsakzai BMT-nin İnkişaf Proqramının və Əhali Fondunun Azərbaycan hökuməti ilə əməkdaşlığını ildən-ilə genişləndirdiyini vurğulayıb. O, imzalanan yeni layihələrin də bu istiqamətdə mühüm addımlar olduğunu, həmin layihələrin sosial sahədə önəmli nəticələrin əldə olunmasında əhəmiyyətli rola malik olacağına əminliyini ifadə edib.
Demoqrafik sahədə müsbət vəziyyətin mövcud olduğu Azərbaycanın müvafiq sahədə siyasətin hazırlanması və inkişaf etdirilməsində BMT-nin Əhali Fondu ilə fəal əməkdaşlığından da razılıqla bəhs edilib. Hazırda imzalanan layihələrin sosial müdafiəyə ehtiyac duyan şəxslərlə bağlı vacib fəaliyyət istiqamətlərini əhatə etdiyi diqqətə çatdırılıb.
Layihələr imzalandıqdan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BMT-nin İnkişaf Proqramı və Əhali Fondu arasında əməkdaşlığın mövcud vəziyyətinə, yeni layihələr çərçivəsində görüləcək işlərə dair fikir mübadiləsi aparılıb. Bu fikirləri "Real tv" yayıb.
Bir daha bildiririk ki, 13 il sərasər “Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin olunması” adı altında alınmış bu qrantlardan Qarabağ müharibəsi veteranlarınınxəbəri yoxdur. Hətta sabiq nazir Səlim Müslümova AVMVİB müharibə veteranlarının kataloqunun hazırlanmasıüçün 15 min manat vəsaitə razılaşsa da, sonradan rəsmi məktub göndərərək veteranlar üçün heç bir vəsaitin nəzərdə tutulmadığını utanmazcasına yazıb sabiq nazir müavini İlqar Rəhimovun imzasıyla bizə göndərmişdi...
Geniş araşdırma yazısını tezliklə sizlərə təqdim edəcəyək. Bu qrantlar "hansı dəyirmanda üyüdüldüyünü" sizlərə çatdıracağıq.
Bizi izləyin!
Fedai.az Araşdırma Qrupu