Azərbaycanda idarəetmədə korrupsiyanın kökünün kəsilməsi istiqamətində son zamanlar xeyli addımlar atılır. Məmurlar dəyişdirilir, struktur islahatlarına gedilir, məmur-xalq ünsiyyəti yaradılır. Lakin bütün bunlarla yanaşı, ekspertlərin dilindən tez-tez rüşvətin kökünün tamamilə kəsilməsi üçün “Sinqapur modeli”nin tətbiqi məsələsi də gündəmə gətirilir. Bildirilir ki, əgər məmurların maaşları yüksəldilərsə, onlar korrupsiyadan kənar olarlar.
Məlumat üçün qeyd edək ki, Sinqapurda Li Kuan Yunun hakimiyyəti illərində ölkədə korrupsiya halına demək olar ki, rast gəlinməyib. Orada korrupsiyanın qarşısını almaq yollarından biri kimi məmura yüksək maaş verilir. Məsələn, məlumatlara görə, Sinqapurda nazirin məvacibi 50 min ABŞ dollarından yüksəkdir.
Sinqapur tarixində milli inkişaf naziri De Çzinvanın korrupsiyada əli olduğu sübuta yetiriləndən sonra intihar edib.
Sinqapurda maaşlar yüksək olduğu kimi, qanunlar da sərtdir.
Azərbaycanda korrupsiyanın qarşısını almaq üçün məmurların maaşlarının yüksəldilməsi imkanı varmı? İlk növbədə buna ölkə iqtisadiyyatının vəziyyəti uyğundur?
“Yeni Müsavat”a mövzu ilə bağlı danışan ekspert Natiq Cəfərli bildirib ki, əslində Sinqapurda kompleks şəkildə işlər görülüb:
“Orada maaşların qaldırılması ilə yanaşı məhkəmə sistemi həddindən artıq çox sərt və ədalətli idi. Ən azından Sinqapur qanunları çərçivəsində ədalətli qanunlar çıxarılırdı deyə, nəzarət və cəzalandırma mexanizmi də korrupsiya ilə mübarizədə məhkəmənin üzərinə qoyulmuşdu. Ona görə də görülən işlər ciddi nəticə verdi və korrupsiyanın kökü kəsildi. Təkcə maaşların qaldırılması istiqamətində addımlar atılsaydı, bəlkə də ”Sinqapur möcüzəsi” adlandırılan effekti ala bilməzdilər. Ona görə də paralel olaraq, maaşların qaldırılması ilə yanaşı, məhkəmələrin də çevik, ədalətli şəkildə fəaliyyət göstərməsi və bir cəzaverici mexanizmə çevrilməsi çox vacib haldır. Korrupsiya ilə mübarizədə bu iki şərtin olması mütləqdir. Maaşların qaldırılması üçün Azərbaycan iqtisadiyyatında da imkanlar mövcuddur. Burada böyük həcmdə vəsait tələb olunmayacaq. Əsas iki istiqamətdə maaşlar qaldırıla bilər. Belə ki, birincisi, təqribən sayları 29 minə yaxın olan dövlət qulluqçularının maaşları qaldırılmalıdır. İkincisi də məhkəmə, hüquq-mühafizə orqanlarında çalışanların maaşları ilə bağlı müəyyən addımlar atılmalıdır. Çünki insanları narahat edə biləcək məsələlər məhz bu istiqamət üzrədir. Ona görə də maaşların artırılması üçün ölkənin iqtisadi gücü var. Ancaq yalnız bu addım yetərlidirmi? Məncə, yetərli deyil. Yəni həm hüquq-mühafizə orqanlarının daha da çeviklik göstərməsi, həm məhkəmədə ədalətli qərarların çıxarılması mexanizmi yaradılması, təkcə maaş artımı ilə nəyəsə nail olmaq mümkün deyil. Ancaq maaşların artırılması da vacib haldır. Çünki Azərbaycanda nazirlərin maaşları 1200-1500 manat arasında dəyişirsə, hər kəs bilir ki, nazir bu pulla dolanmır. Bu maaşla dolanmaq, ümumiyyətlə, çox çətindir. Əgər bank sektorunda çalışan bir işçi 3-4 min maaş alırsa, nazirə də 1200 manat maaş verilirsə, bu, qeyri-proporsional yanaşmadır. Bu baxımdan deyə bilərik ki, maaşların kifayət qədər artırılmasına lüzum var. Bunun üçün iqtisadi imkanlar da yetərlidir. Ancaq eyni zamanda effektivlik də artırılmalıdır. Ola bilər ki, dövlət aparatının kiçildilməsi istiqamətində addımlar olsun və bunun hesabına da maaşları yüksəldilsin. Eyni zamanda cəzalandırma mexanizmləri də daha sərt şəkildə işləyə bilər”.
Ekspert bildirib ki, bu xüsusda deputatların adlarının çəkilməsi normal deyil:“Ümumiyyətlə, qanunverici orqanda çalışan insanların korrupsiyada adlarının hallanmasının özü nonsensdir. Yəni bu, olmalı deyil. Onların böyük əksəriyyətinin də biznesi var ki, heç bu da qanuni deyil. Deputatlar da biznesdən kənar olmalıdır. Bütün bunların qarşısını almaq üçün birincisi, güvənilən parlamentə ehtiyac var. Yalnız bundan sonra təbii ki, maaşların da artırılması mümkündür. Sadəcə olaraq, vətəndaşlar, seçicilər tərəfindən bunun yüksək qarşılanması üçün parlamentin yenidən formalaşmasına və inandırıcı seçkilərə ehtiyac var ki, bu, müəyyən suallar doğurmasın. Daha bir ciddi məsələ isə budur ki, ən az əmək haqqı alanla, ən yüksək maaş alanın arasında da uçurum olmasın. Yəni bir ölkədə minimum əmək haqqı 180 manatdırsa, deputata 10 min manat versəniz, bu, ciddi narazılıq yaradacaq. Ona görə də burada balans yaratmaq lazımdır. Maaşların ümumilikdə qaldırılması, gəlirliyinin artırılması üçün kompleks tədbirlər görülməlidir”