Səhiyyə Nazirliyi Şabran rayonunda səkkiz yaşlı uşağın antibiotik vurulduqdan sonra ölməsinə münasibət bildirib.
Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Şabran şəhəri, 2011-ci il təvəllüdlü Gülnur Elnur qızı Dadaşovanın halı pisləşdiyi üçün valideynləri tanışları olan tibb işçisinə müraciət ediblər:
“Həmin tibb işçisi də ona iynə vurmaq qərarına gəlib. İynə vurulduqdan sonra uşağın vəziyyəti pisləşib və o, komatoz vəziyyətə düşüb. Bundan sonra valideynləri uşağı Şabran Rayon Xəstəxanasına çatdırmaq qərarına gəliblər.
Reanimasiya şöbəsinə yerləşdirilən uşağın vəziyyəti ağır olduğundan onun Bakıdakı 2 saylı Əbülfəz Qarayev adına Uşaq Klinik Xəstəxanasına köçürülməsi qərarı alınıb. Xəstəxanaya komatoz vəziyyətdə çatdırılan səkkiz yaşlı qıza göstərilən reanimasion tədbirlərə baxmayaraq, onu həyata qaytarmaq mümkün olmayıb”.
“Faktla əlaqədar istintaq araşdırmalarına başlanılıb. Ölümün dəqiq səbəbi istintaq başa çatdıqdan sonra məlum olacaq”, - deyə nazirlikdən qeyd edilib.
Qeyd edək ki, Report-un yaydığı məlumata görə, Şabran rayonunda səkkiz yaşlı uşağın antibiotik iynə vurulduqdan sonra vəziyyəti ağırlaşıb, daha sonra yerləşdirildiyi xəstəxanada ölüb.