Efiopiyada təyyarə qəzasında nazir və deputat ailəsi də həlak olub

Xəbər verdiyimiz kimi bu gün, Efiopiya paytaxtından Keniyaya uçan “Ethiopian Airlines” şirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb.


"Boeing 737" tipli sərnişin təyyarəsində 35 ölkənin vətəndaşları həlak olub.

RİA Novosti xəbər verir ki, qəzada ölənlər arasında slovakiyalı siyasətçi Anton Qrnkonun həyat yoldaşı, qızı və oğlu da olub. Ölənlər arasında İtaliyanın Siciliya əyalətinin naziri də var.

Şirkət rəhbəri Tevald Gebremariam bildirib ki, qəzadan öncə pilot nasazlıq olduğuna görə enişə icazə istəyib və razılıq alıb.

“Ethiopian Airlines” aviaşirkətinin məlumatına görə təyyarədə 149 sərnişin və 8 heyət üzvü olub. 35 dövlətin vətəndaşı bu fəlakətdə həlak olub. Onlardan 32-i Keniyanın, 18-i Kanadanın, 9-u Efiopiyanın, 8-i İtaliyanın, 8-i Çinin, 8-i ABŞ-ın, 7-i Böyük Britaniyanın, 7-i Fransanın, 6-ı Misirin, 5-i Almaniyanın, 4-ü Hindistanın, 4-ü Slovakiyanın, 3-ü Avstriyanın, 3-ü İsveçin, 3-ü Rusiyanın, habelə Mərakeşin, İspaniyanın, Polşanın, İsrailin vətəndaşları olublar.

Bundan başqa, həlak olanlar arasında Belçika, Cibuti, İndoneziya, İrlandiya, Mozambik, Norveç, Ruanda, Səudiyyə Ərəbistanı, Sudan, Somali, Serbiya, Toqo, Uqanda, Yəmən, Nepal, Nigeriya vətəndaşları, BMT pasportu daşıyan bir sərnişin də olub.