Ramazan Məmmədovda bu qədər sərvət hardandır?

Büdcə pulları ilə alınan mülklər; oğulları da təmir-tikinti işindən milyonlar qazanır...

Özünü Bakı Şəhər İcra Hakimiyyətinin məsul işçisi kimi təqdim edən və Hacı Ramazan kimi tanınan Ramazan Məmmədov hazırda əksər dövlət idarə, təşkilat və müəssisələrin elan etdiyi tenderləri udur və bu zaman külli miqdarda sərvət toplamağa müvəffəq olub.

Arqument.Az xəbər verir ki, bu barədə xalqxeber.az saytı məlumat yayıb. Məlumata görə, Ramazan Məmmədovla bağlı yetərincə informasiyaya sahib olan məlumatlı şəxsin paylaşdığı bilgidə deyilir ki, az qala təmir-tikinti ilə bağlı bütün tenderləri ələ keçirməyi bacaran Hacı Ramazan himayədarlarının dəstəyinə arxayın olaraq tam sərbəst şəkildə hərəkət edir: «Deyilənlərə görə, bu gün bir çox dövlət qurumları ilə bağlı təmir-tikinti işləri məhz Ramazan Məmmədovun nəzarətindədir. Onu da vurğulamaq lazımdır ki, Hacı Ramazanı himayə edən şəxslərdən biri də Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin 1 saylı Xəzinədarlıq İdarəsinin rəisi Nadir Qarayevdir. Belə ki, onlar təmir-tikinti işlərilə bağlı ortaq hərəkət etdiklərindən Nadir Qarayev hər zaman Ramazan Məmmədovu müdafiə edir, onun üzləşdiyi problemləri dərhal dəf edir».

"Bu arada, Ramazan Məmmədovun Azərbaycan, Türkiyə, Rusiya və digər ölkələrdə nəhəng biznes obyektləri, daşınmaz əmlakları, ticarət obyektlərinin olduğunu iddia edən mənbənin sözlərinə görə, onun oğlanları da atasının yolunu gedərək təmir-tikinti işlərilə məşğul olurlar: «Deyilənlərə görə, Hacı Ramazanın oğlanları hələ xeyli cavan olsalar da, artıq onların adına müxtəlif firmalar mövcuddur. Onlar da təmir-tikinti işlərilə məşğul olurlar. Ramazan Məmmədovun oğlanlarının da dəyəri milyonlarla olan bağ evləri, obyektləri, biznes strukturları var", - yazıda iddia olunur.

Sayt yazır ki, Ramazan Məmmədovun hazırda həbsdə olan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş aparat rəhbəri Vidadi Zeynalovla da sıx əlaqəsi olub: «Belə ki, onlar iş ortağı olublar. Bundan başqa, Hacı Ramazan Vidadi Zeynalovun sağ əli kimi xarakterizə olunub. Ramazan Məmmədov bir müddət əvvəl Vidadi Zeynalovla birlikdə böyük torpaq sahəsi alıb. Deyilənlərə görə, alqı-satqı işini həbsdə olan sabiq məmurun sağ əli kimi tanınan Ramazan Məmmədov həyata keçirib. Belə ki, o Xətai rayonu, Babək prospektində «Akpetrol» yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı 45 sot torpaq sahəsi üçün 4,5 milyon manat ödəyib. Deyilənə görə, Hacı Ramazan həbsdə olan Vidadi Zeynalovla birlikdə həmin ərazidə böyük ticarət obyekti tikdirməyi planlaşdırır. Bu isə o deməkdir ki, Vidadi Zeynalov həbsdə olmasına baxmayaraq, biznes layihələrindən əl çəkmək istəmir».

Yazıda iddia olunur ki, Ramazan Məmmədov onun haqqında yazan saytı hədələməkdən belə çəkinməyib: "Hacı Ramazan deyir ki, kimisə yortacaq, asıb-kəsəcək, güllələyəcək. Görəsən, o, yortmağı, asıb-kəsməyi kimdən öyrənib? Gülləni haradan tapıb? Bu adam unudur ki, qanun qarşısında hər kəs bərabərdir. Həmçinin onu da yaddan çıxarır ki, tezliklə dövlət büdcəsindən silinən milyonların hesabı sorulacaq..."

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.