Paşinyanın münaqişə ilə bağlı siyasi alver cəhdləri sıradan çıxdı – Politoloq Vyana görüşünü şərh edir

“Vyana görüşünün əsas nəticələrindən biri Ermənistanın baş naziri Nikol Paşinyanın şıltaqlığının sıradan çıxarılması və əvvəlki axarına salınmasıdır”.

Bu barədə Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın dünən Vyanada baş tutan görüşünü şərh edərkən deyib.

Politoloq qeyd edib ki, Azərbaycan Prezidentinin TASS-a dediyi sözlər də Vyana görüşünün Paşinyanın danışıqlar formatını dəyişdirilməsi, “Qarabağın masaya gətirilməsi” kimi fikirləri birdəfəlik alt-üst etdiyini təsdiqləyir.

“Həmsədrlər də qəti şəkildə buna qarşıdır və onların bəyanatında qeyd olunur ki, yalnız iki ölkə razılaşacağı təqdirdə format dəyişikliyi ola bilər. Azərbaycan qəti şəkildə buna qarşıdır və Vyana görüşü Paşinyanın bundan sonra münaqişə ilə bağlı siyasi alver etmək cəhdlərini də alt-üst etdi”, - deyə o bildirib.
Paşinyanın münaqişə ilə bağlı siyasi alver cəhdləri sıradan çıxdı – Politoloq Vyana görüşünü şərh edir

Q. Hüseynli bildirib ki, Vyanada tərəflər konkret nəticələrə hesablanmış substantiv danışıqların aparılması və bu addımın hazırlanması üçün XİN rəhbərlərinə göstərişlərin verilməsi ilə bağlı razılıq əldə ediblər: “Bununla yanaşı, iki ölkə arasında humanitar əlaqələrin genişləndirilməsi ilə bağlı da razılıq olub. Bu, XİN rəhbərlərinin Parisdə “xalqları sülhə hazırlamaq” razılaşmasının davamı hesab oluna bilər. Diqqət çəkən əsas məqam danışıqlar prosesinin indiyə qədər bərqərar olunmuş formatının saxlanılmasıdır və bundan sonra formatla bağlı siyasi alver cəhdi sıradan çıxdı. Tərəflər konkret addımların atılması istiqamətində danışıqları davam etdirəcəklər”.

Politoloq Vyana görüşünün Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsində geri çəkilməyəcəyini, Dağlıq Qarabağ münaqişəsinin də yalnız ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu bir daha nümayiş etdirdiyini vurğulayıb.