Tiyedə (Fransa) bədii gimnastika üzrə ənənəvi Qran Pri yarışlarının final mərhələləri baş tutub.
Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, artıq bir neçə gündür davam edən mübarizənin sonunda Azərbaycanın qrup hərəkətləri komandası gümüş medal qazanmağa müvəffəq olub.
Aliyə Paşayeva, Siyana Vasileva, Ayşən Bayramova, Diana Əhmədbəyli və Zeynəb Hümmətovanın “Çəhrayı Pantera” musiqisinin sədaları altında 3 halqa və 2 cüt gürzlə icra etdikləri kompozisiya 23.950 xalla dəyərləndirilib. Bununla da Azərbaycan təmsilçiləri fəxri kürsünün 2-ci pilləsinə qədər yüksəliblər. Turnirin qızıl medalına Ukrayna, bürünc medalına isə Rusiya komandası sahiblənib.
Qeyd edək ki, qrup komandamız çoxnövçülükdə 13 komanda arasında 5-ci yerdə qərarlaşıb.
Yarışda fərdi çıxışları ilə Azərbaycanı təmsil edən Zöhrə Ağamirova isə 4 alət üzrə çıxışlarının ümumi nəticələrinə əsasən sıralamada 15-ci olub.