Qasım Qasımov, Allahverdi Əliyev və... üçbucağının 20 000 avronu hara verdikləri məlum oldu

Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin rəhbərlik etdiyi dövlət müəssisəsinin tabeliyində olan Mərkəzi Muğan Kollektorunun İstismarı idarəsinin rəisi Qasım Qasımov və Mərkəzi Muğan Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı idarəsinin rəisi Allhaverdi Əliyevlə bağlı məlumatların ardı-arası kəsilmir. Bu gün BakuNews.az-a daxil olan məlumata görə Qasım Qasımov və Allahverdi Əliyev rəhbərlik etdikləri dövlət müəssisələrinin texnikalarından şəxsi məqsədləri üçün istifadə edərək, külli miqdarda vəsait əldə edirlər. Belə ki, hər iki dövlət qurumunun texnikaları İmişlidə fəaliyyət göstərən qum-çınqıl karxanalarına qeyri-rəsmi icarəyə verilir. Məhz bu amilə əsaslansaq onu da qeyd etmək lazımdır ki, Qasımov və Əliyevin məsul olduqları kollektorlar uzun müddətdir ki, təmizlənmir. Elə bu səbəbdən də hər il fermerlər əkdikləri sahələrin suvarılmasında ciddi problemlər yaşayırlar. Hər il rayon ərazisində su qıtlığı yaşanır. Rayonda su ilə bağlı əksər təşkilatların bu özbaşınalığı məhsuldarlığında kifayət qədər aşağı düşməsinə səbəb olur. Beləliklə bu cür işbazların “fəaliyyəti” nəticəsində cənab Prezidentin ərzaq bolluğu ilə bağlı müəyyən etdiyi iqtisadi siyasəti sabotaj edilir. Lakin bu nə Qasım Qasımovu, nə də Allahverdi Əliyevi qətiyyən narahat etmir. Problemlər bununla da yekunlaşmır. Həmin təşkilatlarda bu gün də fəaliyyət göstərən mənbələrin bildirdiyinə görə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Mərkəzi Muğan Kollektorunun İstismarı idarəsinə və Mərkəzi Muğan Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı idarəsinə verilən ehtiyat hissələri və yanacaq rayonda fəaliyyət göstərən benzindoldurma məntəqələrinə, eyni zamanda ehtiyat hissələrinin satışını həyata keçirən mağazalara satılmaq üçün verilir. Onu da xatırladaq ki, hər iki şəxs rayonda kifayət qədər imkanlı şəxs kimi tanınırlar. Oxucuların diqqətinə onu da çatdıraq ki, istər Qasım Qasımovun, istərsədə Allahverdi Əliyevin kifayət qədər böyük şəxsi biznes strukturları da var.

Diqqətli oxucular xatırlayırsa bir neçə gün öncə Əhməd Əhmədzadənin rəhbərlik etdiyi dövlət müəssisəsinin tabeliyində olan bu müəssisələrin rəhbərlərinin rayonda fəaliyyət göstərən banklardan birindən müəyyən məbləğ Azərbaycan manatını 20 000 avroya dəyişdikləri haqqında məlumat dərc etmişdik. Həmin proseslə bağlı xəbəri olan şəxslərdən birinin redaksiyaya verdiyi məlumata görə Qasımov və Əliyev bu məbləği yuxarıya çatdıracaqlarını bildiriblər. Onu da qeyd edək ki. Əhmədzadənin tabeliyində olan digər müəssisənin rəisi həmin “vergidən” rayondakı səlahiyyətli şəxslərdən birinin xahişi ilə müvəqqəti azad olunub. Belə ki, həmin o rəis rayonda tabe olduğu qurum rəhbəri tərəfindən mütəmadi abadlıq işlərinə cəlb edildiyi üçün yuxarıya verilən “vergidən” müəyyən xahişə rəğmən azad edilib. Və onu da xatırladaq ki, redaksiya həmin müəssisə rəhbərlərinin Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ayrılan dövlət vəsaitinin 83%-nin yenidən qeyri-qanuni olaraq ASC-yə qaytardıqları ilə bağlı iddia da tərəfimizdən araşdırılır.

Mövzuya qayıdacağıq.

Yazıda adı çəkilən şəxslərində mövqelərini dərc etməyə hazırıq.