DTX-nə yeni səlahiyyətlər verildi - FƏRMAN


Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1537-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar Fərman imzalanıb.

Həmin qanunla Cinayət Məcəlləsinə “Telekommunikasiya şəbəkəsinə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkili”nə (maddə 233-4) görə cinayət məsuliyyəti nəzərdə tutan maddə əlavə edilib.
Prezidentin fərmanına əsasən, telekommunikasiya sahəsində qeyd olunan cinayət əməllərinin istintaqı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin səlahiyyətlərinə daxil edilib.
Məlum olduğu kimi, günümüzdə ümumi cinayətlərin sırasında informasiya texnologiyalarından istifadə edilməklə törədilən cinayətlərin payı artmaqdadır. Son illər Azərbaycan banklarına qarşı kibercinayətlər törədən çoxsaylı xarici vətəndaşlar DTX tərəfindən müəyyən edilərək Azərbaycana ekstradisiya olunmuşdur. Hazırki dəyişikliklər isə telekommunikasiya sahəsində artan cinayətlərin qarşısının alınmasına yönəlibdir.