Tarixin ədaləti indi ironik şəkildə tərsinə dövran edir. Repressiyanın günahsız qurbanlarından olan Hüseyn Cavidlərə sonralar bəraət verilirdisə, indi Azərbaycanda günahı olanlar arasında bəraət alanlar var.
İnsan həyatı məhv olur, lakin təqsirləndirilən şəxs nəinki cəzalandırılır, sonra cinayət törətmədiyi deyilərək bəraət verilir, qan batırılır...
Anaxeber.info-nun verdiyi məlumata görə, bu hadisə yaxın keçmişdə baş verib. Belə ki, aprelin 12-də Sumqayıt Apellyasiya Məhkəməsi Abşeron Rayon Məhkəməsinin hökmünü ayaqlar altına alaraq, femidanı zorlayaraq, tapdalayaraq, bir sözlə, hüquq sisteminə tüpürərək hansısa maraqlar qarşılığında Nərimanov rayon icra başçının mavini Şahmar İbadovun avtoqəzada insan ölümünə səbəb olan oğlu Elmar İbadova bəraət verib.
Dəhşətdir! Fantastikadır! Tarixdə misli görünməmiş hüquq pozuntusudur. Nədən ki, Elmar İbadov özü ilkin məhkəmə proseslərində maşınla adam vurduğunu boynuna alıb, peşmanlığını dilə gətirib. İndi necə bəraət ala bilir?!
Görünür, Şahmar İbadov oğlunun dövlət qulluğuna qəbul edilməsini təmin etmək üçün üzərindən məhkumluğun götürülməsinə nail olmaq istəyib.
Ona görə də bəraət almaq üçün Sumqayıt apelyasiya məhkəməsinin qan batıran hakimi Məhəmmədəli Rzayevlə hansı səviyyədə sövdələşibsə, oğluna bəraət qazandırıb.
Elmar İbadovun ölümlə nəticələnən törətdiyi yol qəzası o hadisələrdən idi ki, həmin vaxt ardıcıl olaraq məmur övladlarının qudurğanlığı həm xalqı, həm prezidenti qəzəbləndirmişdi.
Dövlət başçısı məmur balalarına və atalarına xəbərdarlıq edirdi. Amma zaman keçdikcə göründüyü kimi, onlara verilən cəzalar yüngülləşir, həbsdən buraxılırlar, cəmiyyətdə yenidən etirazlar başlayır, inamsızlıq yaranır, digər harınlamış məmur övladlarına presedent yaradır ki, siz də təkrarlayın, qorxusu yoxdur, bir müddət sonra kef-damaqda olacaqsınız.
Bunun bir nümunəsi Baş nazirin müavini, sabiq komitə sədri Əli Həsənovun avtoqəzada iki nəfəri öldürın, iki nəfəri yaralayan nəvəsi Nail Allahverdiyevin azadlığa buraxılmasıydısa, digər oxşar məlumat Nərimanov İH başçısının müavini Şahmar İbadovun “Range Rover”lə adam öldürən oğlu Elmar İbadova bəraət verilməsidir. Halbuki, onların heç biri azadlığa buraxıla bilməzdilər.
Üstəlik, o başçı müavinindən söhbət gedir ki, adı gözdən əlillərin mənzil korrupsiyası ilə bağlı məhkəmə işindən tutmuş müxtəlif neqativ məsələlərə qədər hallanır.
Bəs hakim Məhəmmədəli Rzayevi nə məcbur edib ki, belə qərar verib? Doğurdanmı E.İbadovun günahsız olduğunu və Abşeron məhkəməsindəki həmkarlarının yanlış hökm oxuduqlarını düşünür? Yoxsa biz bilmirik, Şahmar İbadov Məhəmmədəli Rzayevi babat bir hədiyyə ilə razı sala bilib? Hər halda aydınlıq gətirilməlidir.
Çünki Abşeron Rayon Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum olunmuş E.İbadova bəraət verməsi çox ciddi məhkəmə mübahisələri, məhkəmə istintaqının yenidən aparılması zərurəti yaradır.
İkincisi, ölən şəxsin ruhunu incitmək sizin vicdanınızı azca da olsa sızılatmırmı? Belə çıxır ki, bu ölkədə vəzifəlilər və onların övladları istənilən cinayəti törədə bilər, hakimlər də qanuna, konstitusiyaya tüpürər və bu kastaya aid adamlara qahmar çıxar.
Belə bir hüquqsuzluq, cəzasızlıq mühiti, məmurlara və balalarına bu cür haqq qazandırmaq, onları arxayınlaşdırmaq cəmiyyəti hara apara bilər?
Toplumu sarsıdan belə qərarlarla hakimlər məhkəmələrə, dövlətə olan inamı dəfn edirlər, məmurların daha da fironlaşmasına şərait yaradırlar.
Azərbaycan məhkəmələrində çox az hallarda rast gəlinən bəraət hökmü əslində, E.İbadovla bağlı çoxlu sualları ortaya çıxarıb. Bu suallar sükutla qarşılanır.
Əgər bəraət verilibsə, onda Elmar İbadov mövcud qanunvericilikdən yararlanaraq həbs müddətində ona dəyən maddi-mənəvi zərərə görə dövlətdən təzminat tələb edə bilər. Bəs dövlət ona niyə kompensasiya ödəməlidir?
Əldə etdiyimiz bilgilərə görə, 2017-ci ildə Bakı Dövlət Universitetində magistraturaya qəbul olunan E. İbadov həbs olunduğu üçün təhsilinin yarımçıq qaldığı deyilir.
İcra başçısının müavininin oğlu ilkin olaraq təhsilini bərpa etdirmək üçün bəraət qərarından yararlanacaq, sonra dövlət qulluğuna imtahan verəcək.
Vəssalam, məhkumluq arayışını da alacaq, bəraəti gözümüzə soxacaq, sonra hansısa idarədə işə düzələcək. Ara yerdə yaşlı qadının həyatına son qoyuldu.
Necə ki, atasının mənzil korrupsiyası ilə bağlı məhkəmələrdə verdiyi ifadələrlə təqsirləndirilən şəxslərin ifadələri üst-üstə düşmür, Şahmar İbadovun bu işlərdə əsas rolu olduğu deyilir, lakin nə məsuliyyətə cəlb olunur, nə işindən azad olunur.
Elmar İbadov qəzanı "Range Rover" markalı avtomobillə törətsə də, onun 10-AC-100 nömrəli daha bir neçə avtomobilinin olduğu deyilir.
Məmur oğlunun bu kolleksiyasında bahalı "Galandwagen" markalı maşının da olduğu iddia edilir. 10-AC-100 dövlət nömrə nişanlı "Galandwagen"in şəhərdə tez-tez göründüyü bildirilir.