İmişli Maliyyə idarəsinin rəisi Rəhim Rəhimovla bağlı qaranlıq məqamlar

Son bir neçə ayda Hesablama Palatasının ayrı-ayrı dövlət qurumları ilə bağlı hesabatlarına nəzər saldıqda ölkədə büdcə təşkilatlarına ayrılan maliyyəyə nəzarətin zəif olduğu qənaəti yaranır. Əslində nəzarət mexanizmi Maliyyə nazirliyi və onun yerli idarələri tərəfindən həyata keçirilməlidir. Lakin bu nəzarət mexanizmindən istifadə edilirmi? Nəticələr göstərir ki, yox.
2015-ci ildə Mədəniyyət və Turizm nazirliyindəki kollegiyanın nəticəsi olaraq İmişli Mədəniyyət və Turizm idarəsinin müdiri Süleyman Bəşirov nazirin müvafiq qərarı ilə vəzifədən azad edildi. Bir müddət sonra isə S.Bəşirovala bağlı işində yol verdiyi ciddi nöqsanlarla əlaqədar cinayət işi başlanıldı. Lakin Maliyyə nazirliyinin İmişli rayonu üzrə maliyyə idarəsinin rəisi Rəhim Rəhimov nə qədər qəribədə olsa sorğuya çəkilmədi. Axı yuxarıda qeyd edildiyi kimi nəzarət funksiyası məhz bu şəxsə aiddir. Amma Rəhim Rəhimov özünə təmtəraqlı 50 illik yubiley keçirməklə, İmişlidə fəaliyyət göstərən şadlıq evlərindən birində sərxoş vəziyyətdə dava salıb, şəxsə bədən xəsarəti yetirməklə, oğluna paytaxtın elit restoranlarından birində dəbdəbəli toy etməklə gündəmə gəldi.
Xatırladaq ki, əyalət məmuru olan Rəhim Rəhimov Prezident iradəsinə qarşı çıxan “ilklərdəndir”. Dövlət başçısının öz 50 illik yubileyini Ağcabədidə məskunlaşmış qaçqınlarla birlikdə qeyd etməsindən qısa müddət sonra rayondakı restoranların birində 50 illik yubileyini atəşfəşanlıqla keçirdi Rəhim Rəhimov. Əslində bu hal rayon rəhbərlyi vasitəsilə mərkəzə - Maliyyə nazirlyinə məlumat verilməli idi. Məhz bu məlumatsızlığın sonucu idi ki, Rəhim Rəhimov dövlət görəvlisinə yaraşmayan formada ictimai yerdə sərxoş vəziyyətdə dava saldı. Bədənə xəsarətlə müşayət edilən bu hadisədən sonra hətta buir müddət vəzifəsindən də uzaqlaşdırıldı. Lakin bir drijor çubuğu ilə yenidən peyda olan R.Rəhimovun qayıtmağı həmin vaxt rayonda ciddi rezonans doğurmuşdu.

Dekabrın 8-i, Rəhim Rəhimov paytaxtdakı “Aqora” şadlıq sarayında oğlu üçün kifayət qədər dəbdəbəli hesab edilən toy məclisi təşkil etmişdi. Həmin vaxt müğənni Xatirə İslamın idarə etdiyi toyda çoxlu sayda şou-biznes nümayəndələri iştirak edirdi. Stolun biri 150 manat olan toyda rayondakı əksər müəssisə rəhbərləri və Maliyyə nazirliyinin əməkdaşları iştirak etmişdilər. 1000 nəfərə qədər qonaq dəvət edən İmişli Maliyyə idarəsinin rəisinin oğlunun toy məclisinə xərclədiyi bu qədər vəsaitin haradan əldə edilməsi olduqca maraqlıdır. Cəmi bir-neçə yüz manat əmək haqqı alan idarə rəisinin adi vətəndaş üçün fantastik hesab edilən məbləğin mənbəyi nədir görəsən?
İmişli Maliyyə idarəsinin rəisi Rəhim Rəhimovla bağlı qaranlıq məqamlar

Onu da xatırladaq ki, Rəhim Rəhimov Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəisi, əslən İmişlidən olan Arif Qaraşovun kadrı hesab edilir. Lakin Arif Qaraşov R.Rəhimovun sığındığı yeganə qala deyil. Xatırladaq ki, Maliyyə Nazirliyində kimlərinsə dəstəyinə arxalanan idarə rəisinə heç kim irad tutmur. Və uzun illərdir ki, bu qurumda hər hansı yoxlamalarda olmur. Bu səbəbdən də o, öz bildiyini edir. Rayona ayrılan büdcə vəsaitlərinin böyük hissəsi təyinatı üzrə xərclənmir. Məsələn, onun xeyir-duası ilə 2014-cü ilin mart ayının 10-da büdcə vəsaitindən 45.815 manat pulu fiziki şəxs Abdullayev Rafiq İbad oğlunun hesabına köçürülərək sənəd üzərində ondan məktəbli geyimləri alınıb və guya alınan paltarlar şagirdlərə pulsuz paylanıb. Sual olunur fiziki şəxs harada istehsal etdi bu qədər məktəbli geyimini? Paralel olaraq elə həmin ərəfədə 26.380 manat nağd vəsait də "Elit" MMC-nin hesabına ötürülüb. Guya rayon Təhsil Şöbəsi bu təşkilatdan idman forması alıb. Görəsən bu dəfə “Elif”MMC-nin nizamnamə fəaliyyətinə və ya mövcud iş prinsipinə nəzər yetirildimi? Doğrudanmı bu şirkət idman paltarlarının istehsalı ilə məşğuldurmu? Mənbənin bildirdiyinə görə idarə rəisinin bu cür “maliyyə əməliyyatlarının” sayı çoxdur.
Bir neçə il öncə Yeni Azərbaycan Partiyasının (YAP) İmişli Rayon Təşkilatının qurucularından olan Nəcəf Abıyevin İmişli Rayon Maliyyə İdarəsinin rəisi Rəhim Rəhimovun iş otağında dünyasını dəyişdiyini iddia edən mənbənin sözlərinə görə, mərhum həmin vaxt işlə əlaqədar rayon maliyyə idarəsinin rəisi Rəhim Rəhimovun qəbuluna gedib. Orada idarə rəisi ilə onun arasında ciddi mübahisə baş verib. Bundan sonra halı pisləşən Nəcəf Abıyev infarkt keçirib və dünyasını dəyişib.
Rəhim Rəhimov rayonda fəaliyyət göstərən əksər idarə, müəssisə, habelə büdcə təşkilatları rəhbərlərinə qəti tapşırıq verib ki, onun icazəsi olmadan işə bircə adam belə qəbul edilməməlidir. Eyni zamanda da hamıya xəbərdarlıq edilib ki, bu qadağanı pozan məmurun rəhbərlik etdiyi qurum maliyyə idarəsi tərəfindən ciddi və obyektiv yoxlamaya məruz qoyulacaq. Başqa sözlə desək, Rəhim Rəhimov faktiki olaraq rayonda işədüzəltmə xidmətlərində əsil monopoliya yaradıb. Bunun isə birbaşa maliyyə məsələlərinə aid olan bir səbəbi var. Məlumdur ki, rayonlarda bir çox büdcə təşkilatlarının rəhbərləri öz qohumlarının adını “ölü canlar” qismində işə yazdırıb, sonra da onların əmək haqqlarını mənimsəyirlər. Deməli...
Mövzuya qayıdacağıq.

Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, mövqeylərini dərc etməyə hazırdı.
Conflict.az