Şeyxin nəzir qutularının milyonları Karlovı-Varıya daşınır? – Gizlinlər…

Azərbaycanda nəzir qutuları da “nazir qutuları”na çevrilməkdədir. İllərdir ki, bu gizli qutuların içindən çıxan milyonların hara axdığı sorğu-sual olunmur. Çünki “iqtisadi azadlıq” imtiyazına malik olan “nəzir qutuları”nın sahibləri bu vəsaitlərin hesabatını vermirlər.
Anaxeber.info-ya verilən məlumata görə, bu sədəqələrin ehtiyacı olanlara və ibadət evlərinə xərclənməsi nəzərdə tutulsa da, şəffaflığın təmin olunmadığı iddia edilir.
Çünki ölkə ərazisində məscidlərin tikintisi onsuz da dövlətin və xeyirxah iş adamlarının dəstəyi ilə reallaşır.
Belədə sual yaranır ki, nəzir qutularındakı pullardan hansı kasıb zümrəyə, kimin övladının təhsil haqqına, hansı xəstənin əməliyyat xərclərinə sərf edilib?
Bu “bağlı boğçalara” nəzarət Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təşkil olunub. QMİ isə hər il nəzir-niyazın necə istifadə edilməsi barədə ictimaiyyətə ən azı mənəvi baxımdan məlumat verməlidir.
Baxmayaraq ki, belə bir məcburiyyəti yoxdur, lakin illərdir nəzir qutularındakı vəsaitlərin necə xərclənməsi ilə bağlı şübhələr var.
Xüsusən də bu söz-söhbətlər QMİ sədri, Qafqazın Şeyxi Allahşükür Paşazadənin Çexiyada, Karlovı-Varıda əmlaklarının üzə çıxmasından sonra böyüməyə başladı. Cəmiyyət A.Paşazadənin nəzir qutularının pullarını Çexiyaya yoxsa yetim-yesirlərə daşıdığını sual eləməkdədir.
Anaxeber.info yazır ki, Mİ bütün dirənişlərə rəğmən bu günə qədər sözügedən gəlir sahəsi ilə bağlı heç bir hesabat verməyib. Müxtəlif zamanlarda sözügedən mövzuyla bağlı QMİ rəsmilərinin mətbuata verdiyi açıqlamalar isə təəssüf doğurmaqla yanaşı, daha çox izi itirmək mahiyyəti daşıyıb.
Hazırda Azərbaycanda 1750 məscid və 500-dən artıq ziyarətgah var. Onların hamısının qarşısında birmənalı olaraq nəzir qutuları qoyulub. Bu qutulara hər ay on milyonlarla manat pul toplanır.
ABŞ-da yəhudilərə məxsus fondlardan toplanan pullarla bağlı hesabatlar verilir. Türkiyədə isə məscidə yardım edən şəxs qeydiyyatdan keçmiş mədaxil qəbzi alır.
Həmçinin mətbuat vasitəsilə ictimaiyyətə yığılan sədəqələrin haralara xərcləndiyi açıqlanır. Bu pullar ehtiyacı olanlara, məscidlərin təmirinə sərf olunur.
Şeyxülislam isə bu günə kimi nə Azərbaycanın vergi orqanlarına, nə Maliyyə Nazirliyinə, nə də cəmiyyətə hesabat verməyi özünə borc bilib.
Bu günlərdə Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı da bu problemə toxunaraq vurğulayıb ki, Türkiyədə böyük vaqflar gələnəyi var:
“Vaqflar bankı, vaqflar idarəsi çalışmaqdadır. Vaqfların çoxu xeyirxah insanların ümumi səyi ilə qurulub, lazım olanda dövlət də yardımını əsirgəmir”.
Partiya sədri bildirib ki, Azərbaycandakı böyük ziyarətgahlar öz fondlarını və ya vaqflarını yaradaraq xeyirxah işlərə yardımçı olmalıdır:
“Ola bilməz millətin sədəqəsi ancaq bir ailənin, bir varislər qrupunun cibinə axsın. Bu pullar Allah naminə yığılırsa, poçtla Allaha göndərilmir ki, kimlərinsə cibinə gedir.
Halbuki, Allaha xoş gedən bu nəzirin cəmiyyət üçün, kasıblar üçün və halallıqla xərclənməsidir.
Yoxsa ola bilməz ki, bir dərgahda səhərdən axşama qurbanlar kəsilsin, nəzirlər toplansın, ondan millətə heç bir xeyir gəlməsin.
Niyə bizdə heç olmasa ümumi bir ziyarətgahlar vaqfı yaradılmasın və bu vaqf ildə 10-15 gəncin xaricdə təhsilini maliyyələşdirməsin, yetim evlərinə kömək etməsin.
Yaxud kasıb tələbələr üçün İmamzada, Əli aga, Fatimeyi Zəhra, Beşbarmaq, yaxud Mir Mövsüm ağa təqaüdləri kəsilməsin.
Ünvanı bəlli olmayan nəzir və qurbanlarda halallıq ola bilməz, yığılandan insana qayıdış yoxdursa Allah bunu qəbul etməz və bu, haramdır”.
Hələ bir müddət əvvəl Şeyx prezidentliyə namizədlərdən birinin onun Siyəzən rayonu ərazisində 150 hektarlıq alma bağlarının olması, habelə Çexiyada aşkarlanan mülkləri, eləcə də nəzir qutularına nəzarət etdiyi barədə ittihamlarına cavab olaraq demişdi ki, hamısı yalandır.
Ancaq qardaşı, deputat Cavanşir Paşazadə deputat Fazil Mustafanın nəzir qutularının yığışdırılması təklifinə etiraz eləmişdi. Görəsən, Paşazadələrin bu qutuların mövcudluğunda nə maraqları var?
Şeyxin çadır biznesinin olması haqda da iddialar səslənib. Həmçinin, torpaq sahələri, restoraları, ən əsası Karlovı-Varıdakı evi barədə mətbuat çox yazıb.
O, müalicə məqsədi ilə gəldiyi kurort şəhərdəki kompleksində özü üçün hazırlanmış 6 otaqdan ibarət lüks mənzildə qalır.
Şeyxin bu şəhərdəki mülkü təkcə mənzil kompleksindən ibarət deyil. Belə ki, onun qardaşı Cavanşir Paşazadə ilə şərikli bir neçə oteli var.
Mülkiyyət qeydiyyatı reyestrinə görə, Paşazadə qardaşları həmçinin Karlovı Varıda yerləşən çex şirkəti “Aynur KV”nin sahibidirlər.
Paşazadələrin malik olduqları mənzil kompleksi Karlovı Varının mərkəzinə baxan yüksəklikdə və regionda ən məşhur mehmanxana olan “İmperial Hotel”in yaxınlığında yerləşir.
20-ci əsrin əvvəllərində tikilmiş bu oteldə knyaz Pavel, bəstəkar Richard Strauss, hind maharacaları və Hollivud ulduzları yaşayıblar.
Ötən il kurort cənnəti hesab olunan Karlovı Varıda şeyximizin mülklərinin və biznesinin olması haqda məlumatlar yayılanda bunu təsdiq edən fotolar, Çexiyanın müvafiq qurumlarının reyestr məlumatları təqdim olunmuşdu.
Həmin məlumatdan sitat: “Marketa Şpişakova adlı bu çex qadın Şeyxülislam Allahşükür Paşazadənin şərikidir, 36 yaşı var.
İxtisasca həkimdir, heç bir sərmayə qoymadan Allahşükür Paşazadənin və Milli Məclisin deputatı Cavanşir Paşazadənin Çexiyada, Karlovı Varıda açdığı ”Aynur KV” şirkətinin ortağı olub. Qadının valideynləri də 3 şirkətə sahibdirlər”.
Sonuncu yayılan video Allahşükür Paşazadənin sübut tələbini ödəyir. Bundan başqa ortaya çıxan bu video Allahşükür Paşazadənin qardaşı, deputat Cavanşir Paşazadənin, 38 dəfə Həcc ziyarətinə getməsi ilə öyünən Qalib Salahzadənin yalan danışdıqlarını təsdiqləyir.
Yayılan məlumatlardan belə aydın olur ki, Paşazadələrin “Aynur KV” qrupu avtomobillərin lizingi və kirayəsi, daşınmaz əmlak alqı-satqısı ilə məşğuldur.
MMC kimi Skroupova, 36001, Karlovy Vary ünvanında qeydiyyatdan keçib. Aylıq gəliri 1 milyon kron -təxminən 100 min manatdır.
Qeyd edək ki, A.Paşazadənin, onun deputat qardaşının adı bundan əvvəl ölkə daxilində qurulan daha bir biznes layihəsindən doğan mübahisədə hallanırdı. Məsələnin mahiyyəti bu idi ki, Müğdət Həşimov Paşazadələrlə birgə fəaliyyət haqda müqavilə imzalamışdı.
Müqavilə üzrə M.Həşimov Paşazadələrə məxsus “Medi-Sina” klinikasını işlətmiş, sonradan tərəflər arasında mübahisə yaranmışdı.
Bundan sonra Paşazadələrin yaxın adamı, “Hacı Mazan” kimi tanınan Ramazan Zeynalov dövriyyəyə girib və onun iddiası əsasında M.Həşimov həbs olunub. Bir müddət əvvəl isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib.
İttihama görə, Paşazadələrə məxsus “Medi-Sina” klinikasına avadanlıqların alınması məqsədilə ayrılmış vəsaitdən 193 min manatın mənimsənilməsində ittiham olunan Müğdət Həşimov özünü təqsirli bilmirdi.
Bu iş üzrə hazırda Ali Məhkəmədə M.Həşimovun şikayətinə baxılır. Biz Anaxeber.info olaraq bu məlumatlarla bağlı bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.
Anaxeber.info