Vaxtilə dünyada zəlzələ effekti vermiş Vikiliks sənədlərində (artıq bu günlərdə sənədləri yaymış Culian Asanc həbs edilib - müəllif) Azərbaycanın fövqəlgüc məmuru kimi fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adı keçəndə çoxları inanmamışdı. ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Donald Lu tərəfindən məxfiləşdirilmiş sənədlərdə qeyd olunurdu ki, Heydərov iqtisadiyyatda “rəqabətsizlik dağının” zirvəsində yer alır. Onun bütün biznes əmlaklarının, holdinqlərinin, ağla gəlməyən kommersiya strukturlarının siyahısı dənə-dənə açıqlanmışdı. Türkiyənin baş naziri Binəli Yıldırımın Ərdoğanla Putinin barışdırılmasında vasitəçiliyinə görə K.Heydərova təşəkkür etməsini görəndə də "fövqəlnazir"in qüdrətinə o qədər inanmamışdıq. Anaxeber.info yazır ki, FHN-də Maddi-Texniki Təchizat İdarəsinin və Su Ehtiyatları Dövlət Agentliyinin rəisi çalışmış, hazırda nazirlikdə yüksək vəzifə tutan, K.Heydərovun yaxın dostu olmuş Muradov Raqif Murad oğlunun prezident İlham Əliyevə ünvanladığı müraciətlə tanış olanda artıq əminlk yaranır ki, heç də deyilənlər mif, blef deyilmiş, K.Heydərov az qala Azərbaycanın İvanaşvilisi (Gürcüstanda qeyri-rəsmi iqtidarda olan oliqarx) olmağa iddialı bir nazirdir. Xatırladaq ki, bir neçə il öncə Gürcüstandakı siyasi proseslər özü ilə gətirdiyi bəzi müsbət elementlərlə yanaşı, qafalarda
Azərbaycanın İvanişvilisi kim ola bilər?
Kimi sorular da yaratdı. Doğrudur, Gürcüstanda hakimiyyəti dinc, seçki yolu ilə dəyişdirə biləcək qədər fərqli siyasi mühit mövcud idi. Bu isə bütün sahələrdə azad fəaliyyət imkanı deməkdir. Hətta o qədər ki, İvanişvili kimi biznes adamının Rusiya və Avropada qazandığı milyonlarının Gürcüstan siyasətinə sərmayə olaraq qoyulmasına haqq tanındı. Bu haqq cücərdi, ən nəhayət iqtidara çevrildi və geosiyasi həcminə görə, son 15 ildə “Qızılgül” inqilabından sonra ən əhəmiyyətli hadisə oldu. Bu siyasi hadisənin anoloji hallar üçün presedent yaradacağını düşünmək üçün də əsaslar yox deyil.
Azərbaycan azadlıqlar baxımından kasad olduğundan məmləkətdə siyasi “İvanişvili”lər yetişsə də, milyarder “İvanişvili”lər yetişməyib. Siyasət bir növ daxili azadlıq məsələsi olduğundan bunu təmamilə yasaq etmək mümkün deyil. Böyük biznes haqqı isə Azərbaycanda yalnız hakimiyyətdəki müəyyən güc mərkəzlərinə tanındığından milyarder “İvanişvili”lərin yetişmə ünvanı yalnız iqtidar ola bilər. Burada da bənzər şəxsi tapmaq o qədər asan olmasa da, xeyli çək-çevirdən sonra FH naziri Kəmaləddin Heydərovun üzərində dayandıq. Niyə məhz Kəmaləddin Heydərov? Ona görə ki, hakimiyyət içində qeyri-rəsmi statusuna görə nisbətən müstəqil və iddialı davranışları ilk olaraq onu diqqətə gətirir. Bu şəxslərin oxşar və fərqli cəhətlərini də Anaxeber.info olaraq araşdırdıq. Əvvəlcə
Oxşar cəhətlər
Barədə
– Hər ikisinin varidatı milyardla ölçülür. Hətta bizim məmur-oliqarxın bu məsələdə İvanişvilinin qarşısına doqquz qoyacağını demək olar.
– Hər ikisi böyük pul kisəsindən ictimai nüfuzu olan insanlara və ona tabe olan media qurumlarına yardım edir.
– Hər ikisi hakimiyyətin ən ali kreslosuna iddialıdır və bu yöndə heç bir rəqib tanımırlar.
– Hər ikisi müəyyən mənada həm Rusiya, həm də Qərblə bağlıdır. İvanişvilinin biznesinin əsas hissəsinin Rusiyada olması, bu hissələrin artıq satıldığı və Avropaya daşındığı bəllidir. “Fövqəlnazir”in də Rusiya ilə bağlılığının olduğu deyilir. Qərb İvanişvilini dəstəklədi, Heydərov da böyük dövlətlərin hamısının səfirləri ilə müntəzəm görüşlər sayəsində özü haqda imic formalaşdıra bilib.
– İvanişvili kimi Heydərov da milyardları ibtidaidən aliyə doğru gedən biznes fəaliyyəti ilə qazanıb. Azərbaycanlı nazir sovet iqtisadi baryerlərinin aradan götürüldüyü zamanlardan bizneslə məşğul olub sonradan isə hakimiyyət komandasında yer alması bu biznesi böyüdüb.
– İvanişvilinin qısa zaman kəsiyində populyarlıq qazanmasının səbəblərindən biri də onun daim aktiv fəaliyyətdə olması idi. Gürcü lideri həm də iddialı xarakteri ilə seçilir. K. Heydərov da kifayət qədər işgüzar dövlət məmuru, daşdan çörək pulu çıxarmağı bacaran biznesmen, siyasi iddiasını qabiliyyətinə uyğun qurmağı bacaran siyasətçi kimi tanınıb. Onu yaxından tanıyanlar bildirirlər ki, FHN şefinin son illərdə nə zaman məzuniyyətə və istirahətə getdiyi bəlli deyil. Hətta o dəfələrlə bir neçə günlük dincəlmək adı ilə işdən gedərkən istirahətdə də işlərini və adamlarının işi necə görməsini təqib edib, istirahətini yarımçıq qoyub iş başına qayıdıb. Onu yaxından tanıyanlar bildirir ki, K. Heydərov daxilən narahat, bir yerdə qərar tuta bilməyən, çox şeyə qane və razı olmayan iddialı bir şəxsdir.
– İvanişvili demokratiya ilə tam təmin olunmuş gürcü xalqı üçün bir sosial qurtuluş mənbəyi idi. K.Heydərov haqqında da sadə vətəndaşlar arasında əliaçıq, comərd, maddi sərvətlərini tək xərcləməyən obrazı yaranıb ki, “bu adam dolandırandır o birilərə baxanda” fikrinin yaranmasına yol açıb. Atası və özü Naxçıvan və Qəbələ rayonu daxil olmaqla bir sıra bölgələrdə və insanlar arasında “çörək verən şəxs”, “əli açıq insan” kimi ayamalara məxsusdurlar ki, bu da Heydərovlar ailəsinə əlavə hörmət və imic gətirir.
Oxşarlıqları uzatmaq da olar, hətta ora qədər ki, sözügedən şəxsin hər ikisi bəstə boyludur… Bir qədər də
Fərqli cəhətlər
Haqda danışaq:
– İvanişvili ali hədəf naminə etdiyi güzəştlərlə əsas stajlı siyasi liderləri bir nüvə ətrafında birləşdirə və ölkənin ən güclü siyasi alternativinə çevrilə bildi. Bu, həm də ona görə mümkün oldu ki, həmkarlarına özü qədər haqq, hüquq tanıdı, münasibətlərə cəzbedici meyarlar daşıdı və birləşdirici faktor oldu. Sonuc göz qabağındadır.
Kəmaləddin Heydərov isə qurmaq istədiyi siyasi və iqtisadi imperiyada indiyədək heç bir rəqib tanımayıb və bu gün də dəyişən bir şey yoxdur. Örnək olaraq sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevi göstərmək olar.
– İvanişvili öz sərvətini xalqının cibinə girmədən qazandığı və buna baxmayaraq comərdcəsinə xərclədiyi üçün ictimaiyyətin sevgilisinə çevrilə bilib. “Fövqəlnazir” isə Gömrük Komitəsinin sədri olmasından tutmuş, Kür çayının daşmasından zərərçəkmiş insanlara, çayın deltasının təmizlənməsi, blindajların qurulmasına, indi də Zaqatalada baş verən zəlzələ qurbanları üçün ayrılan yüz milyonlarla vəsaitin xərclənməsi ilə bağlı konkret əməllərdə heç də ictimai yaddaşlarda müsbət bir qəhrəman kimi qalmayıb. Orada olan fəsadların acısını bu gün də insanlar yaşamaqdadır.
– İvanişvili hakimiyyətə cəmiyyətlə üzlaşaraq bir bütün olaraq gəldi. Kəmaləddin Heydərov isə indiki durumda olsa-olsa bir klan liderliyinə iddia edə bilər. O da təbii ki, PA rəhbəri Ramiz Mehdiyevin hakimyyətdən gedişindən sonra. – İvanişvili öz komandasına Gürcüstanın bütün siyasi qaymaqlarını cəlb edib. “Fövqəlnazir” isə qohum-əqrabası bir yana, əlaqədə olduğu bütün təsadüfi adamlara, hətta şəxsi sürücüsünə belə general rütbəsi verdirib, nazir və komitə sədrlərinin müavinlərinə qədər yüksəldə bilib. Bu, həm də iki şəxsin dövlətə və dövlət idarəetməsinə baxış, yanaşma tərzi, münasibət fərqini ortaya qoyur.
Bütün bu müqayisələrdən sonra yalnız bir əlavə etmək qalır.
İqtidar içində qurulan iqtidar
Anaxeber.info bildirir ki, biz zamanında nazirin iqtidar içində iqtidar olduğunu yazanda kimlərəsə bəlkə də inandırıcı gəlmirdi. Lakin faktlar faktların üstünə gəlir və Ərdoğanla Putinin barışmasında vasitəsçi olmuş bir naziri hansı qüvvəyə sahib olduğunu təkcə biz yox, elə prezidentə müraciət ünvanlamış R.Muradov da çoxdan anlamalıydı. İqtidarda öz iqtidarını qurduğunu zənn edən fövqəladə hallar naziri indi hakimiyyət daxilindəki kompomat savaşında əsas hədəfə çevrilib. FHN rəhbəri olduqca ağıllı, dünyagörüşlü və siyasətdə püxtələşmiş məmurdur. Türkiyənin baş naziri Binəli Yıldırımın Rusiya prezidenti Putin ilə Ərdoğanın barışmasında Heydərovun da vasitəçiliyini etməsini qabartması bir çox mətləblərə işarə idi. Bu açıqlama həm daxili auditoriyada nazirin nüfuzunu qaldırmış oldu, həm də iqtidar daxilində bir çaxnaşma yaratdı. Onsuz da düşməni çox olan Heydərovun yatmış rəqibləri də baş qaldırdı. Təxminən bu reaksiya ilə: necə, Kəmaləddin Putinlə Ərdoğanı barışdırıb? Yəni ki böyük dövlətin rəhbəri ilə əlaqələrdə çıxış imkanı var? Suallar çoxdur… Buna qədər isə Ərdoğanın sevimli aktyoru olan Necati Şaşmazın (Polad Ələmdar) nazirlə görüşü hansısa siyasi qanadın fövqəlnazirlə əlaqəli olduğunu xəbər verirdi. Düşmənləri isə bu faktoru heç cür həzm edə bilməzdi: əvvəla bir nazirin iki böyük qonşu ölkənin prezidentini barışdırmaqda rolu var, digər tərəfdən onun xalq içində müsbət imici formalaşıb. Üstəgəl, prezident İlham Əliyevin etibarlı kadrı olsa da, dövlət başçısının yox, özünün reklamı ilə məşğuldur. Heydərov özü haqda mərhəmətli oliqarx-nazir obrazı formalaşdırıb. Bundan əlavə, onun hakimiyyətdən ciddi asılılığı yoxdur, sədaqətlə xidmət etsə də böyük beynəlxalq əlaqələri var, Rusiya və Türkiyənin çiyinlərində iqtidarda daha böyük yüksəlişə nail ola bilər. Çünki ortada
Böyük kapital, media dəstəyi, siyasi güc sahibi və iddia…
Var. Bəzi araşdırmaçı ekspertlər Kəmaləddin Heydərovun imkanları və təsir gücü barədə aşağıdakı fikirləri bölüşürlər; “O, öz çətiri altında çoxlu sayda nazirliyi, naziri, yüksək vəzifə tutan məmurları, icra başçılarını, deputatları, iqtidaryönlü və «konstruktiv müxalifət» partiyalarını, iri biznes strukturlarını, media qurumlarını birləşdirən nəhəng oliqarxdır. Bu gün hakimiyyətin xüsusilə də maliyyə-iqtisadi sektorunda təmsil olunan yüksək çinli məmurların böyük əksəriyyəti məhz K.Heydərovun təqdimatı ilə seçilib. Çoxsaylı orta və kiçik vəzifələrdə Heydərova yaxın insanların yerləşdirilməsini bir kənara qoyuruq. Ölkədə aparıcı strukturların bir çoxunun rəhbəri birbaşa fövqəladə hallar nazirinin kadrıdır. Dövlət Gömrük Komitəsinin, Vergilər Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun, «Azərlotoreya»ASC-nin, Hesablama Palatasının, Dovlət Taxıl Fondunun, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərlərinin məhz Kəmaləddin Heydərovun kadrları olduğu çoxlarına məlumdur. Eyni zamanda hakimiyyətin müxtəlif təbəqələrindən, Prezident Administrasiyasından tutmuş hüquq mühafizə orqanlarına, parlamentə qədər çox saylı ona sadiq qüvvələr var. Bundan başqa K. Heydərov kifayət qədər kapitala, media dəstəyinə (hazırda onun dəstəyi ilə 10- a yaxın qəzet, saysız- hesabsız İnformasiya agentlikləri, xəbər portalları və birbaşa təsirində olan TV- lər), fiziki gücə və müəyyən qədər də beynəlxalq əlaqələrə malikdir. Başda Gilan Holdinq və Azəri- Trans olmaqla böyük inşaat və tikinti şirkətləri var. Bəzi analitiklər və ekspertlər hesab edir ki, hakimiyyətə nüfuz, təsir gücü, əlaqə, kapital və dəstək baxımdan ciddi təhlükə törədir. O, həm də nə qədər gizlətsə də siyasi baxımdan iddialı adamdır. Bir müddət öncə baş nazirliyə can atması da onun daxili, gizli və uzaq gedən iddia və istəklərindən xəbər verirdi.