İspaniya Ali Məhkəməsinin hakimi Kataloniya parlamentinin spikeri Karme Forkadel barəsində həbs qətimkan tədbiri seçib.
AzBaku.info APA-ya istinadən verdiyi xəbərə görə, bununla belə K.Forkadelə 150 min avro girov ödəyəcəyi təqdirdə azadlığa çıxmaq hüququ verilib.
Kataloniya parlamenti rəyasət heyətinin digər üzvləri Luis Korominas, Luis Qino, Anna Simo, Ramona Barrufet barəsində hələlik həbs qərarı verilməyib, buna görə onlar həftə ərzində 25 min avro məbləğində girov ödəməlidirlər. Koalisiya nümayəndəsi Joan Josep Nuet isə girov ödəmədən azadlıqda qala bilər.
Karme Forkadel və digər 4 deputat girov ödədikləri təqdirdə hər həftə məhkəmə qarşısına çıxmalı və İspaniyanın hüdudlarından kənara çıxmamalıdırlar, onların pasportları məhkəmə tərəfindən götürüləcək.
Prokurorluq Karme Forkadel və rəyasət heyətin 3 üzvü barəsində həbs qətimkan tədbirinin seçilməsini və 6 siyasətçinin 6,2 mln. avro girov ödənilməsini tələb etmişdi.
Qeyd edək ki, ötən gün İspaniyanın Ali Məhkəməsində Karme Forkadel, Luis Korominas və Luis Qino Konstitusiyanın Kataloniyanın muxtariyyətinin ləğvinə imkan verən 155-ci maddəsinin tətbiq edilməsini dəstəklədiklərini bəyan ediblər. Onlar Kataloniyanın müstəqil elan edilməsini “istisna olaraq simvolik” adlandırıblar.
Kataloniya hökumətinin keçmiş üzvləri üsyan və qiyamın təşkilində, dövlət vəsaitlərin israf edilməsində ittiham olunurlar. Ölkə qanunvericiliyinə görə, bu ittihamlar üzrə 48 ilədək həbs cəzası nəzərdə tutulur.