“Diaspora Komitəsi ilə xaricdəki səfirliklərimiz arasındakı ziddiyyətlər diaspor təşkilatlarının vahid mövqeyinin formalaşmasına inkan vermir…Biri deyir oxu, biri deyir oxuma”
Məlum olduğu kimi, bu yaxınlarda Moskvada Rusiya Azərbaycanlıları İttifaqı adlı yeni diaspora təşkilatının təsis konfransı keçirilib. Təsis konfransına Rusiya Federasiyasının 56 regionunu təmsil edən diaspor qurumlarının təmsilçiləri qatılıb. Qərara alınıb ki, 3 ay ərzində Rusiya qanunvericiliyinə uyğun olaraq hazırlıq işləri görülsün, Nizamnamə hazırlansın və qurultay təyin olunsun. Qurultaya qədər Rusiya Azərbaycanlıları İttifaqının prezidenti iş adamı Fizuli Məmmədov seçilib. Bəs bu təşkilatın yaradılmasında məqsəd nədir?
Bu və digər məsələlərlə bağlı Rusiya Azərbaycanlıları İttifaqının təsis qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsinin üzvü, Novosibirskdə yaradılan və 25 regionu əhatə edən Azərbaycanlıların Hüquqları və Qanuni Maraqları üzrə “Yedinstvo” (“Birlik”) Regionlararası Konqreslər Assosiasiyasının rəhbəri Mirkazım Seyidovla söhbət etdik.
- Mirkazım müəllim, bu yaxınlarda Rusiyada yeni diaspor təşkilatının yaradıldığı elan olunub. İdarə Heyətində Sizin də təmsil olunduğunuz Rusiya Azərbaycanlıları İttifaqının (RAİ) Moskvada təsis konfransı keçirilib. Rusiyada xeyli sayda diaspor təşkilatlarımız olduğu halda yenisinin yaradılması hansı zərurətdən irəli gəlib? Belə bir təşəbbüs hardan və ya kimdən gəldi? Rusiyadakı Azərbaycan ictimaiyyəti, ziyalıların bu quruma münasibəti necədir?
– Çox vacib və önəmli suallar verdiniz, ona görə mən buna ətraflı cavab vermək istəyirəm. Bildiyiniz kimi, artıq 4-5 ildir ki, Rusiyadakı diaspor təşkilatlarının fəaliyyəti çox acınacaqlı vəziyyətdədir. Əsası ulu öndər tərəfindən qoyulan diaspora quruculuğu işində ciddi problemlər yaranıb. Diaspora fəaliyyəti demək olar ki, iflasa uğrayıb, təşkilatlar tam tənəzzül edib. Azərbaycan dövlətinin və millətinin maraqlarını qoruyacaq, mənafeyinə xidmət edəcək hər hansı iş ortaya qoya bilmirlər. Yəni, tam iflic vəziyyətə düşüblər. Diaspora təşkilatlarının fəaliyyəti koordinasiya olunmadığından, vahid strategiya olmadığından, xaotik durum yaranıb. Hərə bir komitə yaradıb, özünü əsas diaspor təşkilatı elan edirdi. Təsəvvür edin ki, son illər 300-ə yaxın yeni təşkilat yaradılıb. Xüsusilə də Moskvada və Sankt-Peterburqda diaspora təşkilatları yağışdan sonra çıxan göbələklər kimi artıb – sayları təxminən 200-ə çatıb. Bunların hamısı da liderlik iddiasındadırlar, özlərini əsas diaspor təşkilatı sayırlar. Diaspora fəaliyyətindən başı çıxmayanlar belə 3-cü, 4-cü qüvvələrin əli ilə ortaya çıxarılaraq, millət arasında çaxnaşma salmağa çalışırlar. Həm Rusiyadakı azərbaycanlıların, Azərbaycan vətəndaşlarının birliyini parçalamaq, həm də başqa millətlərlə konfiliktlər yaratmaq meyilləri müşahidə olunmaqdadır. Müxtəlif şəxslərin əlilə diaspior adı altında bizim birliyimizə mane olmağa, azərbaycanlılara Rusiyada problemlər yaratmağa çalışan qüvvələr ortaya çıxıb. Axır vaxtlar onlar arasında getdikcə artan mənəm-mənəmlik, liderlik mübarizəsi azərbaycanlılar arasında ədavətə səbəb olurdu. Bəzi jurnalistlər də bu prosesdə qızışdırıcı rol oynayırdılar. Bir sözlə, Rusiyada dövlətimizin və millətimizin maraqlarını qoruyacaq diasporamız yox idi. Əvvala, məhz belə bir vəziyyətin meydana çıxması bütün Rusiyanı əhatə edən bir diaspor təşkilatının yaradılmasını zərurətə çevirmişdi. Ona görə də iş adamı Fizuli Məmmədovun təşəbbüsü həqiqətən Azərbaycana xidmət etmək istəyən bütün diaspora təşkilatları tərəfindən yüksək qiymətləndirilərək qəbul edildi. Açığı biz hamımız belə bir təşəbbüsü çoxdan gözləyirdik. Hələ 2 il əvvəl Ümümrusiya Azərbaycanlılar Konqresi (ÜAK) ləğv edildikdən sonra, yeni federal təşkilatın yaradılması istiqamətində heç bir iş görülmədi. Düzdür, ÜAK ləğv olunmazdan öncə də effektiv strategiya ortaya qoya bilməmişdi, məqsədyönlü fəaliyyət göstərmirdi. Daha çox təqvim tədbirlərini keçirməklə məşğuldu. Amma buna baxmayaraq, Rusiyada yaşayan azərbaycanlıların vahid təşkilatı idi. ÜAK ləğv olunduqdan sonra Rusiyada yaşayan 3 milyondan artıq azərbaycanlını birləşdirən, hüquqlarını qoruyan bir təşkilat qalmamışdı, insanlarda bir ümidsizlik yaranmışdı. Bax, həm də bu Rusiya Azərbaycanlıları İttifaqının (RAİ) yaradılmasını zərurətə çevirdi. Ona görə, RAİ-nin yaradılmasını vaxtında atılmış bir addım kimi qeyd etmək olar.
RAİ-nin məqsəd və məramları bu gün bəzi insanlar, dairələr tərəfindən tam dərk olunmasa da, bəziləri qəsdən təşkilatı qaralamağa çalışsa da, inanıram ki, özünü qısa müddətdə təsdiq edəcək, azərbaycanlıların maraqlarını qoruya bilən güclü təşkilata çevriləcək. Bunu deməyə böyük əsaslar var, konkret təşəbbüslər və əməllər var. Elə RAİ–nin rəhbəri olaraq Azərbaycan ictimayyətinin yaxşı tanıdığı, Rusiyada da çox böyük nüfuza sahib olan, həm ictimai-siyasi xadim, həm də xeyriyyəçi kimi özünü təsdiqləmiş, eyni zamanda diaspora quruculuğunda böyük təcrübəyə malik olan Fizuli Məmmədovun seçilməsi də bundan xəbər verir.
Sualınızın davamına cavab olaraq qeyd edim ki, bu təşkilatın yaradılmasında da əsas təşəbbüskar və böyük əmək sahibi Fizuli Məmmədovdur. O, Rusiyanın reqionlarının diaspor rəhbərləriylə məsləhətləşərək, Rusiya Azərbaycanlıları İttifaqının yaradılması və onun təsis konfransının keçirilməsi təşəbbüsünü irəli sürdü. Bu təşəbbüs bir çox diaspor təşkilatları tərəfindən dəstəkləndi və 27-si aprel 2019-cu ildə təsis konfransı keçirildi. Təsis konfransından əvvəl Moskvada Prezident otelində Rusiya-Azərbaycan dostluğuna həsr olunmuş bir forum da təşkil olunmuşdu. Forumda 56 reqiondan 110 nəfər iştiarak edirdi. Onların əksəriyyəti təmsil etdikləri regionun diaspor rəhbərləri idi. Eyni zamanda foruma tanınmış ictimai siyasi xadimlər, siyasətçilər də qatılmışdı. Məhz orada aparılan məsləhətləşmələrdən sonra belə bir təşkilatıln yaradılması qərara alındı və təsis konfransı keçirildi. Təşkilatın rəhbəri də yekdilliklə Fizuli Məmmədov seçildi. Eyni zamanda da 11 nəfərdən ibarət İdarə Heyəti müəyyənləşdirildi. Məni də İdarə Heyətinə üzv seçdilər.
Bilirsiniz ki, mən 2018-ci ildə Novosibirskdə yaradılan və 25 regionu əhatə edən Azərbaycanlıların Hüquqları və Qanuni Maraqları üzrə “Yedinstvo” (“Birlik”) Regionlararası Konqreslər Assosiasiyasının rəhbəri seçilmişəm. Həmin foruma da mən Assosiasiyanın 10 nəfər üzvüylə qatılmışdım və Rusiyanın 25 regionun diaspor təşkilatlarını təmsil edirdik. Onların razılığı ilə biz də Fizuli Məmmədovun təşəbbüsünü dəstəklədik.
Baxmayaraq ki bizim özümüz böyük qurumuq, 25 regionu əhatə edən, böyük layihələr həyata keçirən təşkilatıq, RAİ-yə qatılmağa, onun qərarları ilə hərəkət etməyə razılıq verdik. Yəni, Azərbaycan dövlətinin , millətinin, eləcə də Rusiyada yaşayan azərbaycanlıların maraqlarını nəzərə alaraq özümüzün bəzi səlahiyyətlərindən imtina etdik. Ümumi birliyimiz, lobbiçiliyimizin naminə biz öz “mən”lərimizi kənara qoyduq, “biz” olmağı qərara aldıq. Çünki “mənlər” heç vaxt diaspora təşkilatlarının mütəşəkkilliyini təmin edə bilmədi.
- Ancaq bu təşkilatın yaranmasıyla bağlı birmənalı fikir yoxdur. Bəziləri bunu Rusiyanın yeni layihəsi hesab edirlər. Yəni, Moskvanın gələcəkdə Azərbaycan dövlətinə, hakimiyyətinə təzyiq üçün Rusiyadakı azərbaycanlıları təşkilatlandırdığına dair iddialar var…
– Bu fikirlərin heç bir əsası yoxdur. Nəzərinizə çatdırım ki, hər hansı bir yeni qurun yarandıqda onu qısqananlar daha çox olur. F.Məmmədovun təşəbbüsü ilə yaradılan bu qurumun məram və məqsədlərini aşıqlasam, görəcəksiz ki, nə qədər vacib bir təşkilatdır. Həm Rusiyada yaşayan azərbaycanlılar üçün, həm də bizim dövlətimiz, vətənimiz üçün. Əvvəla, biz bu təşkilatı yaradanlar hamımız Rusiya vətəndaşlarıyıq. Yaratdığımız qurum da Rusiya Ədliyyə Nazirliyində qeydiyyatdan keçəcək. Ona görə də təbii ki, biz bütün fəaliyyətimizi ilk növbədə Rusiya qanunvericiliyinə uyğun quracağıq. Rusiyanın ictimai- siyasi həyatında yaxından iştirak eləmək, azərbaycanlıların bu dövlətin layiqli vətəndaşına çevrilməsinə çalışmaq təşkilatın əsas vəzifələrindən biridir. Amma bu o demək deyil ki, biz Rusiyanın əlində bir alətə çevriləcək, millətimizə, dövlətimizə qarşı hansısa fəaliyyətin içində olacağıq. Bizin bir diaspor təşkilatı kimi vəzifəmiz həm Rusiyanın vətəndaşı olan azərbaycanlıların, həm də müxtəlif məqsədlərlə bu ölkəyə gələn Azərbaycan vətəndaşlarının problemlərinin həllinə kömək etməkdir. Belə problemlər isə həddən artıq çoxdur. RAİ-də birləşən təşkilatlar nə Rusiya dövlətinin maraqlarına, nə də Azərbaycan dövlərinin maraqlarına zidd hansısa fəaliyyətin içində olmazlar.
- Azərbaycanın diaspor təşkilatlarının ən mənfi cəhətlərindən biri də odur ki, ermənilər kimi yaşadıqları ölkədə öz mövqelərini gücləndirməyə, həmin ölkədə söz sahibii olmağa çalışmırlar. Daha çox Azərbaycanda siyasi mübarizədə iştirak edən tərəflərin birinin yanında yer almağ can atırlar. RAİ-də belə təşkilatlardan biri olmayacaq ki?…
– Əvvəla, qeyd edim ki, dediyiniz problemin səbəbləri çoxdur. Hətta Dünya Azərbaycanlılarının sonuncu qurultayında cənab Prezidentin çıxışında da bu öz əksini tapıb. Cənab Prezident göstərdi ki, diaspora təşkilatları hansısa siyasi qüvvənin deyil, Azərbaycan dövlətinin, xalqının maraqlarına xidmət etməlidir. Ancaq çox təəssüf ki, uzun illər ərzində bəzi dövlət orqanları, o cümlədən Diaspora Komitəsi, xaricdəki səfirlik və konsulluqlarımız öz fəaliyyətlərində bu tezisi rəhbər tutmayıblar. Nəticədə, diaspora təşkilatlarına düzgün münasibət göstərilməyib. Diaspora Komitəsi ilə xaricdəki səfirliklərimiz arasındakı ziddiyyətlər də diaspor təşkilatlarının vahid mövqeyinin formalaşmasına inkan verməyib. Təəssüflər olsun ki, bu ziddiyyətlər bu gün də mövcuddur, onun aradan qaldırılması istiqamətində konkret işlər görülməyib. Bu Azərbaycanın diaspor təşkilatlarının güclü olmamasının ən böyük səbəblərindən biridir.
İkinci səbəb, etiraf etməliyik ki, diaspor təşkilatlarının fəaliyyətlərində zəiflik göstərmələri, bəzən şəxsi maraqları önə çəkmələrilə bağlıdır. Biz, diaspora təşkilatları olaraq xaricdə, o cümlədən Rusiyada yaşayan gənclərimizin müxtəlif dövlət orqanlarında, siyasi partiyalarda, ictimai təşkilatlarda, televiziyalarda, seçkili orqanlarda mövqe tutmasına, bir siyasi qüvvə kimi ortaya çıxmasına töhfələr verə bilməmişik. Yəni yaşadığımız ölkənin ictimai həyatına inteqrasiya etməmişik. Ancaq ermənilər bunu ediblər. Biz özümüzü assimilyasiyadan qorumağın qayğısına qalaraq, cəmiyyətə inteqrasiya etməyi unutmuşuq. Yadınızda saxlayın, heç vaxt diaspora təşkilatları Novruz Bayramını, yaxud hər hansı bir milli və dini bayramlarımızı keçirməklə nə yaşadığı dövlətdə söz sahibinə çevrilə, güc qazana bilər, nə də xalqımızın beynəlxalq imicini möhkəmləndirə bilər. Siyasi qüvvəyə çevrilmək üçün cəmiyyətə inteqrasiya olunmaq lazımdlr. Bunu etmədiyimizdən Rusiyada yaşayan azərbaycanlılar ermənilərdən dəfələrlə çox olsa da, biz söz sahibinə, dövlətə təsir mexanizminə çevrilə bilməmişik. Bu, həm diaspora təşkilatı kimi bizim bağışlanmaz səhvimizdir, həm də bizi düzgün istiqamətləndirməyən dövlət strukturlarının günahıdır. Diaspora Komitəsi və Xarici İşlər Nazirliyi aralaındakı ziddiyətləri bir kənara qoyub, Prezidentin qurultaylardakı çıxşlarından nəticə çıxarsaydılar, diaspora təşkilatlarının fəaliyyət istiqamətini müəyyənləşdirən sxemləri cızsaydılar, belə bir vəziyyət də yaranmazdı. Ancaq Diaspora Komitəsinin sabiq sədri Nazim İbrahimovun öz şəxsi maraqlarını təmin etməkdən, dağıdıcılıqdan başqa bir işi olmayıb. Onun fəaliyyətinin nəticəsi bu gün göz qabağındadır. RAİ-nin yaradılmasının bir səbəbi də məhz bu problemlərlə bağlıdır.
Fizuli Məmmədovun təsis konfransındaki çıxışından 4 məqamı deyəcəm. Bunlar ittifaqın hansı məqsədi qarşısına qoyduğunu tam aydın şəkildə göstərir. Əvvəla, F.Məmmədov bəyan etdi ki, bu onun partiyası deyil, Rusiyada yaşayan hər bir azərbaycanlının təşkilatıdır. Bildirdi ki, təsis konfransı təşkilata rəhbərliyi ona həvalə etsə də, o bu vəzifəni müvəqqəti qəbul edir. Təşkilat Ədliyyə Nazirliyində qeydiyyata alındıqdan sonra 89 reqionun diaspora təşkilatının rəhbərlərinin, nümayəndələrinin iştirakı ilə keçiriləcək konfransda RAİ-nin prezidenti tam demokratik əsaslarla seçiləcək. Onun bu bəyanatı hamı tərəfindən çox bəyənildi.
İkincisi, Fizuli Məmmədov bildirdi ki, Azərbaycan dövlətinin maraqlarının qorunması təşkilat üçün başlıca prioritetlərdən biri olacaq. Eyni zamanda Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyəcəyimizi bəyan etdi. Birinci vitse–Prezident Mehriban Əliyevanın Azərbaycan dövlətinin beynəlxalq imicinin möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətilə bağlı da geniş məlumat verərək, bunun RAİ üçün də bir örnək olacağını bildirdi. Bir sözlə, dövlətimizin yanında yer alacağımızı açıqladı.
Üçüncü, F.Məmmədov təşkilatın başlıca hədəfinin Rusiyada yaşayan gənclərimiz olduğunu bəyan etdi. F.Məmmədov qeyd edir ki, RAİ-də təmsil olunub-olunmamasından, hansı regionda yaşadığından asılı olmayaraq, bütün savadlı gənclərimizin qayğısına qalacaq, onların cəmiyyətə inteqrasiya etməsinə, layiq olduqları vəzifələri tutmalarına, cəmiyyətdə söz sahibinə çevrilmələrinə kömək edəcəyik. Alimlər, siyasətçilər, ictimai-siyasi xadimlər, bəstəkarlar yetişdirməliyik.
Dördüncüsü isə, F.Məmmədov qeyd etdi ki, biz Rusiya vətəndaşı olduğumuza görə bu ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edəcəyik.
Yəni, qarşıya qoyulan bütün hədəflərdə azərbaycanlıların Rusiyada güclənməsi, Azərbaycan dövlətinin maraqlarını qoruyacaq gücə yiyələnmələri nəzərdə tutulur.
– Rusiyada, xüsusən Moskvada fəaliyyət göstərən Azərbaycan diaspora təşkilatlarında arvadı, anası erməni olanlar, qızını erməniyə verənlər meydan sulayır. Belələrinin Azərbaycan adından çıxış etməsinə son qoyulacaqmı?
– Bəli, çox təəssüf ki, bu hallar var. Ancaq bunun həlli bir günün işi deyil. 10 gündür ki, yaradılan yeni ittifaqdan qısa müddətdə belə ciddi məsələlərin həll olunmasını istəyirsiniz? Niyə soruşmursuz ki, uzun illər boyu ÜAK nə işlə məşqul olurdu? Niyə belə hallarla mübarizə aparmayıb? Niyə ÜAK diasporanın erməniqanlı insanlar tərəfindən ələ keçirilməsinin qarşısını almayıb? Kim gətirib onları böyük şəhərlərdə diaspor təşkilatlarının başına? Bu suallara cavab verilməlidir. Ortada müxtəlif siyasi oyunlar gedib. Kim deyə bilər ki, məsələn, Mirkazım Seyidov, yaxud Fizuli Məmmədov bu gün ermənipərəst siyasət aparan “AzərRos”a, Ağadadaş Kərimova (Moskvada Azərbaycan diaspor təşkilatının rəhbəri-red) qarşı loyal münasibətdə olub? Əksinə, kollektiv formada biz onlarla mübarizə aparmağı qarşımızda məqsəd qoymuşuq. Amma bu mübarizə qanunlar çərçivəsində aparılacaq. Biz “reket” deyilik, hüquqi yollarla buna nail olacayıq. Onların azərbaycanlıları təmsil etmədiyini sübut edəcəyik.
- Azərbaycanın Diaspor Komitəsinin RAİ-yə münasibəti necədir. Rusiyadakı əsas diaspor təşkilatı kimi sizi tanıyacaqlarmı?
– Əvvəla, qeyd edim ki, bu təşkilatların hər biri Rusiyada qeydiyyatdan keçərək fəaliyyət göstərir. Hər bir təşkilat müstəqil qurumdur. Onların Azərbaycan tərəfindən tanınması elə də böyük əhəmiyyət kəsb eləmir. Amma biz azərbaycanlı olduğumuza görə, eyni zamanda da həm də orda yaşayan azərbaycanlıların maraqlarını və hüquqlarını qorumaq vəzifəsini üzərimizə götürürük. Eyni zamanda doğma vətənimiz olan Azərbaycan dövlətinin maraqlarını qorumağa çalışırıq. Bütün bunları isə dövlətin ən azından mənəvi dəstəyi olmadan həyata keçirmək çətindir. Bəzən elə çətinliklərlə üzləşirik ki, Azərbaycan hökumətindən, Diaspora Komitəsindən köməklik istəməyə məcbur oluruq. Burada söhbət mənəvi dəstəkdən, siyasi dəstəkdən gedir.
O ki qaldı Diaspora Komitəsi bizim yanımızdadır, ya yox, bunu indidən deyə bilmərəm. Ancaq şübhə etmirəm ki, Diapora Komitəsinin RAİ-yə münasibəti yüksək səviyyədə olacaq. Bir ittifaq ki, qarşısına vətənə, dövlətə, xalqa və dövlətlərarası əlaqələrin möhkəmlənməsinə xidmət etmək vəzifəsi qoyub, Diapora Komitəsinin ona münasibəti necə ola bilər? RAİ-nin yaradılması ilə bağlı bütün materiallarımızı öz rəsmi saytlarında da yerləşdiriblər. Eyni zamanda qurumun təmsilçisi Vəsilə xanım saytda bildirib ki, RAİ-nin yaranmasını alqışlayırlar. Münasibət daha necə olmalıdır? Bilirsiz, əsas odur ki, bizim yanımızda Azərbaycan dövlətinin Prezidenti durur.
Düzdü burda bəzi adamlar istəyirlər ki, bizim düşmən obrazımızı yaratsınlar. Hətta bunların arasında Prezidentin adından sui-istifadə edənlər də var. Hökumət daxilində necə klanlara bölünüblərsə, diasporanı da elə bölmək istəyirlər. Diasporamızın güclənməsində ən böyük maneələrdən biri də budur. Mən Sizə konkret fakt deyəcəm. Yaxın keçmişdə Novosibirskdə çox böyük bir tədbir keçirdim. Tədbir “Мост Дружбы: Россия-Тюркоязычные славянские страны. Глобальные вызовы современности” adlanırdı. Həmin tədbirdə bütün türkdilli dövlətlərin diplomatik missiyaları, hətta Federasiya Şurasının nümayəndələri iştirak elədilər. Diaspora Komitəsindən məndən xahiş elədilər ki, Roman Ağayev deyilən bir jurnalist var, onu da dəvət edim. Mən də Diaspora Komitəsinin tövsiyələrinə qulaq asdım və həmin jurnalisti çağırdım ki, gəlib tədbiri işıqlandırsın. Az.ru adlanan bir saytı var. Mən onun xərclərini ödəyərək, tədbirdə iştirakını təmin etdim. Diaspora Komitəsinin nümayəndəsi də bizim tədbirdə iştirak etdi. Ancaq həm səfirliyin, həm də konsulluğun nümayəndəsi gəlməkdən imtina elədilər.
Hətta Roman Ağayevin orda iştirakına görə, səfirlikdən çox böyük narazıçılıq bildirildi. Dedilər ki, guya Roman Ağayev dövlət əleyhinə, səfirliklə konfliktdə olan adamdır, Azərbaycanı istəməyən biridir. Bəs onda Diaspora Komitəsi niyə onu tədbirə çağırmağımı istəyirdi? Biz diaspora rəhbəri olaraq, necə hərəkət eləməliydik bu situasiyada? Biri deyir oxu, biri deyir oxuma. Bu fakt dövlət strukturları arasında qısqanclığın, ədavətin olduğunu göstərmirmi? Hər biri özünü Prezidentə göstərmək istəyir ki, bu yaxşı işləyir. Zərbə isə diasporaya dəyir. Nazim İbrahimov Diaspora Komitəsinə rəhbərlik etdiyi illərdə bu sahədə xaos yaranmışdı. Bunu hörmətli akademikimiz Ramiz Mehdiyevin dilindən də eşitdik. O, açıq şəkildə dedi ki, diasporaya ayrılan yardımlar ünvana çatmayıb. Hamı da bunun şahididir. R.Mehdiyev bunu o gedən vaxt dedi ki, artıq gec idi. Nazim İbrahimov öz məqsədləri üçün diasporanı parçaladı. Siz bayaq soruşduz ki, bu parçalanmanın səbəbləri nədir? Səbəb İbrahimov və ətrafının fəaliyyəti idi. Sözdə deyirdilər ki, biz Azərbaycan diasporalarının işlərinə qarışmırıq. Ancaq əməldə diasporanı üz-üzə qoyur, parçalayır, onlardan öz məqsədləri üçün istifadə edirdilər.
– Bunları nəyə əsalanaraq söyləyirsiniz? Komitənin yeni sədri Fuad Muradov həmin yolu davam elətdirir, yoxsa müəyyən dönüş yaradılıb?
– Mən sizə konkret faktlar deyəcəm. Ancaq əvvəla, qeyd edim ki, Fuad Muradov Diaspora Komitəsinə rəhbər gəlməklə diaspora təşkilatlarına yeni nəfəs gətirib. Bunu tam məsuliyyətlə deyirəm. Avropada F.Muradovun atdığı ilk addımlar, Ukraynadakı fəaliyyəti buna əyani sübutdur. Mən şəxsən iki böyük tədbir keçirmişəm, hər ikisində Komitənin təmçilçiləri yüksək səviyyədə iştirak edib.
İkincisi, bu gün Fuad Muradov Diaspora Komitəsində rüşvəti tam olaraq yığışdırıb. Qabaqlar orda bilirsiz nə biabırçılıqlar baş verirdi? Nazim İbrahimovun bir köməkçisi var idi – Mikayıl Hüseynov. Onun işi ancaq diaspora təşkilatlarından pul yığmaq idi. Mən 2003-ci ildə Mikayıl Hüseynovu Novosibirskə H.Əliyevin 80 illik yubileyinə dəvət eləmişdim. O gələndə bizim iki cəmiyyətimiz var idi. Mikayıl Hüseynov gəldi, N.İbrahimovun adından bütün azərbaycanlılarla təklikdə söhbətlər apardı. O gedəndən az sonra 7 yerə bölündük. Budur onların xidmətləri…
Keçirəm N.İbrahimovun dövründə Diaspora Komitəsində baş verən biabırçılıqlarla bağlı konkret faktlara. Məsələn, Dünya Azərbaycanlılarının Qurultaylarında birinci sırada oturmaq üçün 7 min pul alınırdı! Qurultayda danışmaq üçün isə 50 min pul alırdılar! Bütün diaspor təşkilatlarından müxtəlif adlarla pul yığılırdı. Fəxri adlar vermək, adını mükafatçılar siyahısına salmaq, tədbirlərə çağırmaq adı ilə külli miqdarda pul yığılırdı. Əlbəttə, bunların indi heç birini etiraf etməzlər… Ancaq bunu hamı bilir axı. Köhnə Diaspora Komitəsinin işi bu olubdur. Dünya Azərbaycanlılarının ikinci qurultayında mən özümün mətbuat katibi Vladimir Krılovu da gətirmişdim. Krılov mənim ən böyük şahidimdir. Onun içəriyə keçməsi üçün Mikayıl Hüseynov məndən 500 dollar pul istədi. Mən dedim ki, bu beynəlxalq səviyyəli jurnalistdir, sadəcə xatirə üçün dəvətnamə götürmək istəyir. Ancaq yenə xeyri olmadı. Biz də dəvətnamədən imtina elədik, onu akkreditasiyadan keçirib qurultayda iştirakını təmin etdik. Belə işləyirdilər. Amma bu gün Fuad Muradovun ən böyük naliyyəti odur ki, rüşvət sistemini yox edib. Bu gün kim millət üçün xeyirli iş görmək istəsə, Diaspora Komitəsi onun yanındadır. Fuad Muradov Azərbaycan diasporunu gücləndirmək üçün hər yerdə, o cümlədən Rusiyada böyük işlər aparır. Komitənin nümayəndələri Peterburqda, Yekaterinburqda olublar. Məndə olan məlumata görə, onların böyük ali məqsədləri vahid mərkəzdən idarə olunan diaspora formalaşdırmaqdır.
Kim gəlib, hamısını qəbul ediblər. Muradov özü göstəriş verib ki, bir dənə diaspora nümayəndəsi burda sözü eşidilməmiş, qəbul edlməmiş getməsin. Bunun özünü qısqanan strukturlar var. Məsələn, səfirliklər. Eləcə də bəzi şəxslərin vasitəsilə bu işlərə kölgə salmağa çalışırlar. Məsələn, bu gün özünü vətənpərvər kimi camaata sırıyan Fuad Abbasov kimlər tərəfindənsə idarə olunur. Onun vasitəsilə yaradılan qalmaqallarda məqsəd də Fuad Muradovun apadığı işlərə kölgə salmaqdır.
Bu gün Fuad Abbasov kimlərinsə sifarişini yerinə yetirən və azərbaycanlılar arasında çaxnaşma yaradan bir fiqura çevrilib. Deyir ki, guya ermənipərəst qüvvələrə qarşı tək vuruşur. Ancaq onun işi müxtəlif tok-şoularda iştirak etməkdir. Tok-şou da nədir? Hər bir açılan tok-şounun birinci məqsədi pul qazanmaqdır. Fuad Abbasov da orda müəyyən pul müqabilində iştirak edir. Sualları da, cavabları da əvvəlcədən müəyyənləşdirirlər. Deyirlər ki, belə suallar olacaq, belə cavab ver və ordan pul qazanırlar. Ona görə də, tok-şoularda erməni faktorundan bəhrələnib, özünü millətpərəst kimi göstərmək lazım deyil. Vətənini sevən jurnalist vətənpərvər insanları antimilli hərəkətdə günahlandırmaz.
Siz gördüz ki, Fuad Abbasov qurultay keçirilən günün axşamı çıxdı efirə və hamını aldatdı ki, məni ora dəvət etməyiblər. Halbuki, o da, ləğv olunmuş ÜAK-ın sədri Fazil Qurbanov da dəvət edilmişdi. “AzərRos”un rəhbəri Mehriban xanımı da biz ora dəvət etmişdik, gəlmədilər. Ağadadaş Kərimov qatı ermənipərəst olduğuna görə onu dəvət etmədik. Amma bunlar dəvət edilsələr də, gəlmədilər.
Sonradan Azərbaycandan getmiş jurnalistlərin təkidiylə Fuad Abbasovu dəvət elədik ki, gəlsin söhbət edək. Onun haqqımızda iftiralar söyləməsinə baxmayaraq, Fizuli müəllim humanistlik göstərdi, barışıq mövqeyi tutdu. Ancaq həmin görüşdən sonra onun yalançı olduğu bir daha ortaya çıxdı. Orda səmimi şəkildə söhbət apardıq, əlaqəli şəkildə fəaliyyət göstərməklə bağlı razılığa gəldik. Ancaq çox keçmədən yenə başladı bizə iftira atmağa. Bu da göstərir ki, onu kimlərsə idarə edir. Çox qeyri-səmimi bir adamdır.
- Mirkazım müəllim, hədəflərinizi açıqladınız. Bəs yaxın dövrdə konkret hansı işləri həyata keçirmək niyyətindəsiniz?
– Biz Rusiyadakı soydaşlarımızı, həmvətənlərimizi Heydər Əliyevin məfkurəsi ətrafında birləşdirəcəyik. Biz Rusiya dövlətinin əlində alətə çevrilməyəcəyik. Rusiyada siyasi qüvvəyə çevrilməyə çalışacağıq. Onun da yolu ancaq gəncliyimizin dəstəklənməsindən keçir. Məqsədimiz yalnız bu gün deyil, gələcəkdə də gənclərimizin böyük Azərbaycan naminə Rusiyada təsir qüvvəsinə malik olmasını təmin etməkdir.
Mən blirəm ki, bu çətin yolda bizə çoxlu daş atanlar, hakimiyyətin, Prezidentin adından manipulyasiya edənlər olacaq. Ancaq bunlar hamısı boş xülyadır. Kim dövlətə, xalqa, millətə xidmət edirsə, o da Prezidentin dostudur. Fizuli Məmmədovun təşəbbüsü də dövlətə, xalqa xidmət məqsədi daşıyır. Qısa müddətdə gördüyü işlər də bunu göstərir. RAİ-nin yaranması heç 1 ay yoxdur, ancaq artıq bəzi işlərin görülməsinə başlanılıb. Məsələn, Kalininqradda bizim bir admiralımız olub – Qasımbəyov. Sovet vaxtında işləyib, Azərbaycanın fəxri olub. Kosmik aləmdə Kərim Kərimov kimi, o da böyük sərkərdə olub. Deməli, Kalininqradın yerli hakimiyyət dairələri xidmətlərini nəzərə alıb şəhərdəki parkda onun heykəlinin ucaldılmasına razılıq veriblər. Eyni zamanda onun evinə memorial lövhənin vurulması ilə bağlı qərar veriblər. Bu isə xeyli vəsait tələb edən məsələdir. Bir neçə milyon lazım olacaq. Buna görə də, ordakı diasporamız dövlət aparatına da müraciət edib, dəstək istəyiblər. Hörmətli akademikimiz Ramiz Mehdiyev də bu haqda bilir. Qurultay ərəfəsində məndən də xahiş etmişdilər ki, köməklik göstərilsin. Oranın diasporasının sədri Tofiq Rzayev həm də bizim Assosiasiyada təmsil olunur. O məndən xahiş elədi, mən də təsis konfransı ərəfəsində bu məsələni qaldırdım. Fizuli Məmmədov lazım olan bütün xərclərin ödənilməsini öz üzərinə götürdü. Tofiq Rzayevə tapşırıldı ki, ümumi smetanı gətirsin, xərclər ödəniləcək. Alqışlanacaq işdir, ya yox?
İkincisi, mən təklif verdim ki, may ayının 22-24-də biz çox böyük bir tədbir planlaşdırmışıq, onu birlikdə keçirək. Tədbirin birinci günü ulu öndərin 96-cı ildönümünə, ikinci günü Respublika Gününə, üçüncü günü isə Nəsiminin 650 illik yubileyinə həsr olunub. Çox böyük bir layihədir. Bizim təklif qəbul olundu, tədbirin keçirilməsi üçün lazımı maddi dəstək göstərildi. Artıq Pezident Administrasiyasına, Diaspor Komitəsinə, Mədəniyyət Nazirliyinə məktublar göndərilib. Tədbirdə eyni zamanda da bizim Assosiasiyamızın jurnalının və internet saytının da təqdimatı olacaq.
Bundan əlavə, Kirov şəhərindən bir qrup gənc müraciət elədi ki, biz istəyirik Böyük Vətən Müharibəsinin Azərbaycandan olan iştirakçılarını anmaq üçün tədbir keçirək. Dərhal lazımı vəsait ayrıldı və tədbir keçirildi.
Eləcədə, bir neçə regionda – Omskda, Peterburqda böyük layihələrin həyata keçirilməsi planlaşdırılır.
May ayının 21-də Fizuli müəllim Daşkənddə ulu öndərimizin 96-cı ildönümünə həsr olunmuş konsert proqramı təşkil edib.
Gördüyünüz kimi, qısa müddətdə nə qədər işlər həyata keçirilir. Bütün bunlar həm Azərbaycan diasporasının Rusiyada güclənməsi, həm də azərbaycanlıların daha sıx birləşməsinə, ictimai-siyasi proseslərə təsir göstərən bir gücə çevrilməsinə şərait yaradacaq. Ona görə də, hər kəs yeni yaradılan təşkilatın güclənməsinə əlindən gələn köməyi göstərməlidir.
İ. İsmayılbəyli
AzPolitika.info