Dövlət Gömrük Komitəsi (DGK) və Azərpoçt elektron –ticarət yolu ilə sifariş olunan malların vətəndşlara çatdırılması üçün hələ də normal bir sistem qura bilməyiblər
.Bunu IT üzrə ekpert Osman Gündüz deyir.
O.Gündüz deyir ki, bu qədər resurslara malik olan hər iki qurum üçün bu çox utancverici bir haldır: “Dünən bir daha bu qurumların iş metodları və şəraiti ilə tanış oldum. Görük rüsumu ödənilməsinə ehtiyac olmayan, şəxsi məqsədlər üçün gətirilən bağlamanı da almaq üçün gərək mütləq məşhur Poçt Daşıma Mərkəzinə, Droqal 702 ünvanına baş çəkəsən. Gömrük Postu da burada yerləşir.”
Gömrük rəsmiləri bildirirlər ki, bəzən malın dəyəri ilə bağlı bağlamanın üstündə qeyd edilən rəqəmlə bağlamadan çıxan malın dəyəri üst-üstə düşmür: “Bəzən isə bəyannamələrdə qeyd olunan mallar və içərisindən çıxanlar fərqli olur.
Məhz bu səbəbdən də gömrükçülər kütləvi olaraq bütün bağlamaları açıb yoxlamaq məcburiyyətindədirlər. Anlaşılmaz situasiyadır. Əgər kimsə , hansısa bir vətəndaş və ya göndərən şirkət qəsdən malın dəyərini aşağı qeyd edirsə gərək bütün vətəndaşlar əziyyət çəksin.
Şəxsi məqsədlər üçün gətirilən adi bir əşyanı da poçt nə üçün DGK-ya yönləndirməlidir, anlaşılmazdır.
Əgər Azerpoçt kütləvi olaraq göndərişləri DGK-ya verəcəksə, vətəndaşlar da bağlamanı gedib Gömrük postundan alacaqsa onda ümumiyyətlə Azərpoçta nə ehtiyac var?
Düşünürəm ki, doğru bir yanaşma deyil. DGK və Azerpoçt normal, şəffaf bir sistem qurmalıdırlar.
DGK şəxsi məqsədlər üçün gətirilən malların asan və rahat formada əldə edilməsi üçün onlayn imkanlar yaratmalıdır.
Kommersiya məqsədi ilə gətirilən malların aşkara çıxarılması üçün indiyədək də normal bir mexanizmin yaradılmaması təəssüf doğurur.”
Xatırladaq ki, buradakı gömrük qurumunun əvvəlki rəhbərliyi və bir neçə əməkdaşı da korrupsiyaya qarşı mübarizə qurumu tərəfindən saxlanılmışdı. İstintaqın nəticəsi haqqında məlumat verilməyib.