“Qəbələ” klubu tarixində ilk dəfə olaraq qazandığı Azərbaycan kubokunu doğma şəhərində azarkeşlərinə təqdim edəcək.
Oxu.Az xəbər verir ki, mayın 19-da Naxçıvanda qazanılan mükafat Qəbələyə əlamətdar gündə aparılacaq.
Klubun əldə etdiyi ilk kubok 28 May – Respublika günündə azarkeşlərə təqdim olunacaq. Bununla əlaqədar Qəbələ şəhər stadionunda bayram tədbiri təşkil ediləcək. Tədbir saat 19:00-da başlanacaq.
Təqdimatın bədii hissəsində tanınmış müğənni Roza Zərgərli, meyxanaçı Pərviz Bülbülə mahnı oxuyacaq, rəqs və musiqi qrupları tamaşaçıları əyləndirəcək.
Qeyd edək ki, “Qəbələ” Azərbaycan Kubokunun finalında “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edərək növbəti dəfə Azərbaycanı UEFA Avropa Liqasında təmsil etmək hüququ əldə edib.