Naxçıvanda Azərbaycanla Türkiyənin birgə təlimləri hər il keçirilir.
Bu sözlər "Atlas” Araşdırmalar Mərkəzinin təhlilində öz əksini tapıb. Analizdə erməni mediasının builki təlimlərdən narahatlığının Ermənistandakı daxili vəziyyətlə əlaqəli olduğu bildirilib:
"Ermənistan Naxçıvandakı təlimləri özünə qarşı təhlükə kimi qiymətləndirir. Bəzi erməni politoloqlar bu təlimlərin hətta Dağlıq Qarabağda müharibə ehtimalını artıracağını bildirir. Görünür, bu, cəbhə bölgəsində və Ermənistandakı siyasi vəziyyətlə bağlıdır.
Atəşkəs daima pozulur və hər iki tərəfdən itkilər qeydə alınır. Ermənistan qorxur ki, Azərbaycan Ordusu hücuma keçə bilər. Digər tərəfdən, Ermənistanda qorxurlar ki, Azərbaycan Ermənistandakı daxili siyasi gərginlikdən öz məqsədləri üçün istifadə edə bilər.
Ermənistanın qorxusu anlaşılandır. Həqiqətən Azərbaycan siyasi elitasında və cəmiyyətində danışıqlara inam qalmayıb, ordunun imkanlarından istifadə edilməsi vacibliyindən danışılır”.
Mərkəzin təhlilində Naxçıvanda Türkiyə ilə Azərbaycan Ordusu tərəfindən birgə keçirilən hərbi təlimlər vasitəsilə Ermənistana 4 önəmli mesaj verildiyi qeyd edilib:
"Birincisi, Naxçıvanda keçirilən hərbi təlimlər Ermənistana xəbərdarlıq mesajıdır. Müharibə başlayarsa, Türkiyənin Azərbaycana dəstək verəcəyi, ən azı Naxçıvanı qoruyacağı aşkardır. Əgər Ermənistan Rusiyadan daima hərbi dəstək istəyirsə, Azərbaycan da Türkiyədən eyni dəstəyi istəyəcək.
İkincisi, Naxçıvandakı birgə hərbi təlimlər Türkiyənin Naxçıvanda hərbi baza formalaşdırması prosesini sürətləndirə bilər. Hətta belə fikirlər səslənir ki, hər hansı birgə hərbi təlimlərdən sonra Türkiyənin hərbi hissəsi Naxçıvanı tərk etməsin, orada yerləşsin.
Üçüncüsü, Naxçıvandakı hərbi təlimlər Rusiyanı narahat etmir. Bu mövzuda rusiyalı rəsmilərin dilindən hər hansı açıqlama səsləndirilməyib. Bu da Ermənistanda narahatlıq yaradır. Rusiya NATO-nun Gürcüstandakı təlimlərini tənqid edir. Ancaq Rusiya NATO dövləti olan Türkiyənin Azərbaycanla birgə hərbi təlimlərinə etiraz etmir. Çünki Rusiyanın özü Türkiyə ilə əməkdaşlıq edir, qardaş ölkəyə müasir raketlər satır. Ona görə də Kreml Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinə etiraz etmək istəmir. Bunun özü də Azərbaycanın xeyrinədir.
Dördüncüsü, Naxçıvandakı hərbi təlimlərin psixoloji tərəfi də var. Davamlı hərbi təlimlər orduda torpaqları azad etmək ruhunu artırır. Yəni torpaqların güc yoluyla geri qaytarılmasına qərar verilməsə belə, hərbi təlimlər yoluyla artan ruh yüksəkliyi alternativ yollara baş vurma istəyini artırır”.
Qeyd edək ki, bu gün Naxçıvanda Azərbaycanla Türkiyənin "Sarsılmaz qardaşlıq-2019” təliminin sonuncu mərhələsinə start verilib. Təlim ayın 11-nə qədər davam edəcək. Təlimə 5000-ə qədər hərbçi, 200-dən artıq tank və digər zirehli texnika, 180-ə yaxın müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 21 ədəd təyyarə, helikopter, pilotsuz uçuş aparatı və silahlanmaya yeni daxil edilmiş müxtəlif növ müasir silah və hərbi texnika nümunələri cəlb olunub.
Bundan əvvəl də mayın 20-dən 24-dək Naxçıvanda Azərbaycan və Türkiyənin birgə hərbi təlimi keçirilmişdi.