Rik Qladston
“New York Times”, 10.06.2019
İranın hakimiyyət orqanları son dörd ayda “The New York Times” qəzetinin Tehranda iqamət qurmuş müxbirinin fəaliyyətinə qadağa qoyub.
Hollandiya vətəndaşı olan müxbir Tomas Erdbrink 2012-ci ildən etibarən İrandan “The Times” qəzeti üçün xəbərlər və məqalələr göndərib. O, Tehranda yaşayır, lakin fevralın sonundan etibarən akkreditasiyası etibarsız sayılıb.
“The Times” ictimai mediada son fərziyyələrdən və şərhlərdən sonra mövzunu ictimailəşdirərək açıqlama verməyi qərarlaşdırıb.
“Tomas Erdbrink” imzasının xəbərlərdə yoxluğu İran səlahiyyətliləri ilə ABŞ arasındakı gərginliyin artması ucbatından getdikcə daha diqqətçəkici hala gəlib.
İran Xarici İşlər Nazirliyinin səlahiyyətliləri dəfələrlə “The Times”-a bildiriblər ki, Erdbrinkin akkreditasiyası tezliklə bərpa ediləcək, lakin onlar gecikməyə və ya akkreditasiyanın niyə ləğv olunduğuna dair indiyədək heç bir izahat verməyiblər.
Bunu “Times”-ın beynəlxalq şöbəsinin redaktoru Maykl Slakman bildirib. O əlavə edib ki, problemin bu yaxınlarda həll olunacağını göstərən bəzi əlamətlər var.
Erdbrinkin arvadı Nyuşa Təvəkkolianİran vətəndaşı və “Magnum” foto agentliyinin tanınmış fotoqrafıdır. Onun da fəaliyyətinə icazə verilmir. Təvəkkolian 2001-ci ildən etibarən “The Times” və digər xəbər orqanları üçün çalışır.
Hökumətlər xarici jurnalistlərin etimadnamələrini müvəqqəti dayandırma və ya cəza almadan işləmələri üçün akkreditasiyalarının ləğvini nadir hallarda, amma qəfil qərarlarla həyata keçirirlər. Tomas Erdbrink də müvəqqəti olaraq əvvəlki etimadnaməsini itirib.
2015-ci ildə imzalanan nüvə razılaşmasından çıxmış Tramp administrasiyası İran iqtisadiyyatına böyük təzyiqlər edərək, müqavilənin ləğvi ilə yeni sanksiyaları qüvvəyə mindirib. Administrasiya, həmçinin İranın təhdidlərinə cavab olaraq, Fars körfəzində Amerikanın hərbi iştirakını gücləndirib.
“The Times” son illərdə İran barədə məqalələr dərc edən az sayda ABŞ xəbər qurumlarından biri olub. Fars dilində sərbəst danışan Tomas Erdbrink ölkənin bir çox yerindən xəbərlər göndərib.
“The Times” ailəsinə qoşulmadan əvvəl o, “Washington Post”-un İran müxbiri olub. Onun “The Post” qəzetindəki xələfi – Amerika vətəndaşı olan Ceyson Rezaian, qəzetin absurd saydığı ittihamlarla, casusluqda təqsirləndirilərək həbs olunub.
Rezaian 544 gün həbsdə qaldıqdan sonra nüvə müqaviləsinin qüvvəyə minməsi ilə 2016-cı ildə sərbəst buraxılıb və yaşadıqları ilə bağlı bir kitab yazıb.
Tərcümə: Strateq.az