Bakıda 8 yaşlı uşağı zorlayan gəncin toyudur - FOTO

Ailə sahibi olur, ata olacaq, oğul, qız böyüdəcək, fəxr edəcək övladları ilə...


Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə üzücü bir hadisəni izləyiciləri ilə bölüşüb
AzBaku.org aznews.az-a istinadən xəbər verir ki, sığınacaq rəhbəri 8 yaşlı oğlan uşağının başına gələn dəhşətli hadisədən yazıb. O, təcavüzə uğramış azyaşlının taleyini və onunla birlikdə apardığı mübarizədən bəhs edib:

"Deyirsiniz, necə dözürəm, bu sığınacaqdan keçən uşaqların acı talelərinə? Arada onlardan yazacam sizlərə.
Bir faciəni yazım.
Bir neçə il öncə bölgələrdən birində dəhşətli bir hadisə, cinayət baş vermişdi.
8 yaşlı bir oğlanın alkoqolik anası və atalığının baxımsızlığından, laqeydliliyindən, biganəliyindən, əxlaqsızlığından, şərəfsizliyindən sui-istifadə edib kəndin neçə-neçə gənci onu zorlamışdı.
Qış ayında qaçıb zirzəmidə gizlənmişdi körpə uşaq və ayaqlarını don vurmuşdu.
Onu mən Bakıda xəstəxanaların birində tapdım, don vurmuş pəncələrini amputasiya etmişdi həkimlər.
Reanimasiyada gözünü açanda məni görüb ilk sözü bu oldu: "Sən kimsən, məni onlara verməyəcəksən???".
Vermədim... Böyük mücadilələrdən sonra xəstəxanadan çıxdıqda onu rəsmi qaydada qəyyumluğuma götürüb sığınacağa gətirdim. Prokurorluq cinayət işi açmışdı və 2 nəfər həbs olundu (Digərlərinin cinayət faktı sübuta yetirilmədi). Tam bir il məhkəmə prosesləri getdi və o balaca məsumla məhkəmələrə getdim, üzləşmələrdə iştirak etdim, o körpənin yaşadıqlarını onunla bərabər mən də yaşadım. 7 il və 9 il iş verildi şərəfsizlərə. Körpə reabilitasiya keçdi, çox güclü uşaq idi və 2 ildən sonra ölkəsinə, nənəsinin yanına qayıtması qərarı verildi. Mənim ondan ayrılığım da bir faciə idi, çünki getmək istəmirdi, mən də getməsini istəmirdim. Neçə ay onun yoxluğunu qəbul edə bilmirdim. Gedəndə bircə söz dedi: "Kəmalə xala, mən mütləq qayıdacam, məni gözlə..."
Bu gün eşitmişəm ki, onu zorlayan şərəfsizlərdən birinin toyudur. Ailə sahibi olur, ata olacaq, oğul, qız böyüdəcək, fəxr edəcək övladları ilə.
O körpənnin isə yaşadıqlarından sonra gəncliyində nələrin olacağını bilmirəm. Bax beləcə, bu faciələrlə yaşayıram, ürəyimdə ağlayıram və bu faciələri unutmuram. O şərəfsizləri isə heç vaxt unutmayacam.
Siz də unutmayın belə faciələri, övladlarınıza sarılın, qoruyun.
Onun üçün çox darıxmışam. Mən o körpəni sevirəm".