"Azərsun" qəsdimizə NECƏ DURUB? - İTTİHAM

Ötən saylarımızın birində qeyd etdiyimiz kimi, "Azərsun Holding"in prezidenti Abdulbari Gozal bugünlərdə Bakıda keçirilən "Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır" adlı konfransda çıxışı zamanı Azərbaycanda qanunların işləməməsindən gileylənib. O, həmçinin dövlətin iqtisadiyyatda uğurlu ola bilməyəcəyini iddia etməklə yanaşı, dövlətin ticarətdən uzaq durmasını məsləhət görüb: "Biz dövlətdən xahiş edirik ki, sən ticarətlə məşğul olma, bizim yolumuzu aç. Dövlət heç vaxt iqtisadiyyatda uğurlu ola bilməz. Bu gün bizim üçün ən vacibi ölkəyə xarici sərmayənin gəlməsidir. Bunun üçün də qanunların düzgün işləməsi lazımdır. Şükür Allaha, prezident bu məsələni nəzarətə götürüb. Biz ona inanırıq. Əgər ölkə başçısı bir şeyi diqqətdə saxladısa, ən yaxşısını görəcək. Əgər qanunlar düzgün işləyərsə, sahibkarlar üçün yaxşı olar".

"Azərsun Holding" mövcud qanunların işləməməsi, normal rəqabətli biznes mühitinin formalaşmaması nəticəsində ölkənin qida sektorunu monopoliyaya alıb

Təbii ki, nəinki Azərbaycanda, hər bir ölkədə biznesin inkişafı, kiçik, orta və iri sahibkarların gəlirlərinin artması, o cümlədən iqtisadiyyatın güclənməsi üçün qanunların işləməsi, məhkəmə hakimləri tərəfindən ədalətli qərarların qəbul edilməsi olduqca mühüm əhəmiyyət kəsb edir. Lakin Abdulbari Gozalın məhz indi bu mövzuya toxunması, hətta dövlətin ticarətdən kənarda qalmasını təklif etməsi məsələ ətrafında ciddi düşünməyə vadar edir. Axı, tərkibinə "Azərbaycan Duz istehsalat Birliyi" QSC, "Azərsun Ticarət və Dağıtım" MMC, "Bakı Qida və Yağ Fabriki" MMC, "İnnova Konstrakşn ənd Kontraktinq" MMC, "Kürdəmir Süd Emalı Zavodu" MMC, "Qafqaz Ticarət" MMC, "Sun Food Service" MMC, "Azərsun Kənd Təsərrüfatı Məhsulları" MMC, "Qafqaz Konserv Zavodu" MMC, "Sun Tea Çay Fabriki" MMC, "Green Tech" MMC və digər biznes strukturlarının daxil olduğu "Azərsun Holding" ölkənin qida sənayesində inhisarçı mövqeyə sahibdir. Belə olan halda, Abdulbari Gozalın gileylənməsi tamam başqa məqamlardan xəbər verir. Görünür, indiyədək kiçik və orta sahibkarların üzləşdiyi problemlər "ərzaq kralı" kimi tanınan Abdulbari Gozaldan da yan keçməyib. Lakin Gozal bir məqamı unudur ki, onun rəhbəri olduğu "Azərsun Holding" məhz mövcud qanunların, daha doğrusu, onların işləməməsi səbəbindən normal rəqabətli biznes mühitinin formalaşmaması nəticəsində ölkənin qida sektorunda əsas söz sahiblərindən birinə çevrilib, adıçəkilən sahəni monopoliyaya alıb. Odur ki, əgər o, qanunların işləmədiyini bir neçə il öncə bəyan etsəydi, bunu başa düşmək olardı. Ancaq indiki məqamda belə bir açıqlama ilə çıxış etməsi onu deməyə əsas verir ki, Gozal ümumi ölkə sahibkarlarının deyil, məhz "Azərsun Holding"in maraqlarından çıxış edir. Halbuki kiçik və orta ranqlı iş adamları adıçəkilən holdinqin inhisarçılığı səbəbindən ciddi ziyanla üzləşiblər. Çünki monopoliya elə bir mərəzdir ki, ölkədə azad rəqabət mühitinin boğulmasına və mərhələli şəkildə sıradan çıxmasına səbəb olur. Yəni monopolist qüvvələr daha çox qazanc naminə kiçik və orta sahibkarları bazardan sıxışdırıb çıxarırlar. Odur ki, "Azərsun Holding"in məhz azad rəqabət mühitinin olmaması səbəbindən qida məhsulları üzrə istehlak bazarında inhisarçı mövqeyə yiyələnməsi artıq hər kəsə bəllidir. Abdulbari Gozal nə qədər cəhd göstərsə belə, bunu inkar edə bilməz. Necə deyərlər, Görünən dağa bələdçi lazım deyil!

Abdulbari Gozalın, eləcə də "Azərsun Holding"in adı mətbuatda bir neçə dəfə yezidi kürdlər, o cümlədən PKK terrorçuları ilə yanaşı hallanıb

Onu da qeyd edək ki, İranda kürd əsilli ailədə dünyaya göz açan Abdulbari Gozalın, eləcə də "Azərsun Holding"in adı indiyədək mətbuatda bir neçə dəfə yezidi kürdlər, o cümlədən PKK terrorçuları ilə yanaşı hallanıb. Məsələn, bir neçə il öncə virtualaz.org-un yaydığı məlumatda deyilirdi ki, Azərbaycanın ən iri ərzaq məhsulları istehsalçısı olan "Azərsun" holdinqin prezidenti Abdulbari Gozal İraqın şimalındakı Sincar dağlarında İŞİD yaraqlılarının mühasirəsində qalan minlərlə yezidi kürdə yardım üçün Britaniya şirkətindən yeni texnoloji avadanlıq alıb. Həmçinin, o da qeyd olunub ki, Britaniyanın "Olympus Automation" şirkəti Abdulbari Gozalın sifarişi ilə yezidi kürdlərə ərzaq yardımı üçün yeni texnoloji avadanlıqdan istifadə edəcək. Məlumata görə, şirkət Böyük Britaniyanın xüsusi təyinatlı qüvvələrinin keçmiş mütəxəssisi Stüart Riqbini Abdulbari Gozalın sifarişi ilə saatda 4000 isti yemək payı hazırlaya bilən "Steam İnfusion" qurğusundan istifadə üzrə təlim keçmək üçün Türkiyəyə göndərib. Xəbərdə deyilir ki, "Azərsun" prezidenti həmin avadanlığın alınması və yezidi kürdlər üçün ərzaq yardımı ilə bağlı bütün xərcləri üzərinə götürüb.

"Holding Ermənistanla olan ticarət əlaqələrini İranın Maku şəhərindəki "Nikan Tabaka" və "Pakan Tabaka" şirkətləri vasitəsi ilə qurur"

Abdulbari Gozalla bağlı sensasion xarakterli digər məlumat isə 3 il əvvəl cumhuriyyet.net-də yayımlanıb. Belə ki, 2007-ci ilin dekabr ayında Rusiya Fedarasiyası Daxili İşlər Nazirliyinin Azərbaycan üzərindən Dağıstana şübhəli ticarət əlaqələri ilə yük daşıyan "Firuz" adlı şirkət haqda məlumatlar açıqladığını vurğulayan saytda yer alan informasiyaya görə, adıçəkilən şirkət "Azərsun Holding" tərəfindən yaradılıb: "Şirkət tranzit daşımalarını Rusiya ərazisində satmaqda günahlandırıldı. Ən maraqlısı isə şirkətin "Azərsun Holding" tərəfindən yaradılması idi. Həmin ilin dekabr ayının 28-də "Azadlıq" qəzeti şirkətin Azərbaycanda özəl fondlardan birinə pul köçürdüyünü və bu pullarla Türkiyədə PKK terror təşkilatına yardım edildiyi haqqında yazdı. Fond həmçinin, kürd əsilli şəxslərin Azərbaycanda yüksək vəzifələrə gətirilməsi üçün rüşvət verməkdə ittiham olundu. "Azərsun" tərəfindən uzun illər istehsal olunan "Final", "Məryəm" markalı çaylar, Çindən idxal olunan elektrik cihazları son illərə qədər Bakıda fəaliyyət göstərən və kürd təşkilatlarına maliyyə yardımı edən "Cihan MMC" şirkəti tərəfindən istehsal olunan siqaretlər İrandakı kürd əsilli şəxslər tərəfindən İran üzərindən İraqdakı kürdlərin kompakt yaşadığı Dohuk, Süleymaniyyə və Kərkük şəhərlərinə, ordan da Türkiyədəki PKK düşərgələrinə daşınaraq üzərinə "Azərsun Holding istehsalıdır" yox, "Kürtsun Holding İstehsalıdır" yazılaraq buraxılıb". Hələ bu, harasıdır. Saytın iddiasına görə, "Azərsun Holding" Ermənistanla olan ticarət əlaqələrini İranın Maku şəhərindəki "Nikan Tabaka" və "Pakan Tabaka" şirkətləri vasitəsi ilə qurur: ""Azərsun"la birlikdə fəaliyyət göstərən "Cihan MMC" şirkəti Rusiyanın Yaraslav şəhərində fəaliyyət göstərən "Avangard" adlı firmaya "Azərsun"a məxsus məhsulları satır. Şirkətlər arasında əldə olunan gəlirin bir qismi isə Ermənistanda yayımlanan "R’ya Teze" adlı qəzetə maddi yardım göstərir. Bütün göstərilən faktlar Abdulbari Gozalın öz biznesindən hansı məqsədlər üçün istifadə etdiyini aydınladır".

"Azərsun Holding" ölkənin qida bazarını keyfiyyətsiz, insan orqanizmi üçün təhlükəli ərzaq məhsulları ilə doldurur

Bu arada, "Azərsun Holding"in istehsal etdiyi məhsullara gəlincə, qeyd etməliyik ki, həmin malların keyfiyyəti də ürəkaçan səviyyədə deyil. Belə ki, bir müddət əvvəl bununla bağlı açıqlama verən millət vəkili Zahid Oruc bildirib ki, Abdulbari Gozalın rəhbəri olduğu şirkət Çindən gətirilmiş hazır konsentratın üstündə bir qədər emal prosesi həyata keçirib Azərbaycan xalqının mədəsinə "tomat" tökür. Onun sözlərinə görə, məhz bundan sonra ölkənin səhiyyə müəssisələrinə xeyli sayda xəstə müraciət edir. Buradan da belə qənaətə gəlmək olar ki, "Azərsun Holding" ölkənin qida bazarını keyfiyyətsiz, insan orqanizmi üçün təhlükəli ərzaq məhsulları ilə doldurur. Halbuki, qida təhlükəsizliyi hər bir ölkə üçün mühüm əhəmiyyət kəsb edir. Bu səbəbədən də inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin böyük əksəriyyətində əhalinin ekoloji təmiz məhsullarla qidalanmasına xüsusi önəm verilir. Elə buna görə də hazırda Avropa ölkələri, o cümlədən ABŞ marqarin və palma yağından imtina edir. Çünki son elmi araşdırmalar palma yağından nəinki qida kimi istifadənin, hətta onun texniki baxımdan istifadəsinin də zərərli olduğunu göstərir. "Azərsun Holding" isə buna əhəmiyyət vermədən, ucuz başa gəldiyi üçün Azərbaycanda palma yağının geniş yayılmasına şəait yaradır. Belə ki, holdinq hazır yeməklərin, yarımfabrikatların və digər qida məhsullarının hazırlanmasında insan orqanizmi üçün zərərli olan palma yağından geniş istifadə edir. Məlumat üçün nəzərinizə çatdıraq ki, palma yağının zərərləri ilə bağlı alimlər ilk dəfə olaraq 1960-cı ildə həyəcan siqnalı çalıblar. Onlar hətta bu yağın müxtəlif ürək xəstəliklərinə səbəb olduğunu da bəyan ediblər. Bu istiqamətdə aparılan araşdırmaların nəticəsində bəlli olub ki, palma yağından istifadə piylənmə və qlobal miqyasda xroniki xəstəliklərin inkişafına gətirib çıxarır, onun istehsalı isə təbiətə düzəlməz zərər vurur. Ümumdünya Səhiyyə Təşkilatının bir müddət öncə hazırlanmış hesabatından da görünür ki, bütün bunları nəzərə alan ekspertlər palma yağı sənayesinə münasibəti dəyişməyi məsləhət görürlər. Ümumiyyətlə, təşkilatın mütəxəssisləri tərəfindən aparılmış təhlil zamanı palma yağının işemik ürək xəstəliklərinin artmasına səbəb olduğu müəyyən edilib. Onu da vurğulamaq lazımdır ki, palma yağının xərçəng xəstəliyi əmələ gətirə biləcəyini deyən həkimlər, bu yağı ehtiva edən qidalardan uzaq durmağın lazım olduğunu məsləhət görürlər.

"Azərbaycanda yağların ölkəyə gətirilməsinə, satışına nəzarət yoxdur"

"Altay" Strateji Araşdırmalar Mərkəzinin (ASAM) rəhbəri Elçin Bayramlı da bu qənaətdədir ki, Azərbaycanda yayılmış qorxunc xəstəliklərin ən azı 80 faizi təkcə yağla bağlıdır. Onun fikrincə, yağlara nəzarət olunmasa, faciəvi vəziyyət gəlib çıxacaq. Elçin Bayramlının sözlərinə görə, indi həmin o faciəvi vəziyyət gəlib çıxıb. Yəni indi ölkənin xəstəxanaları, aptekləri insanlarla doludur: "Qida Təhlükəsizliyi Agentliyi yağlarla, genetik modifikasiya olunmuş məhsullarla məşğul olmalıdır. Sizi əmin edirəm ki, Azərbaycanda yayılmış qorxunc xəstəliklərin ən azı 80 faizi təkcə yağla bağlıdır. Yəni Azərbaycan xalqının ən böyük düşməni demək olar ki, maqazinlərdə satılan yağlardır. Maqazində satılan yağların ən azı 99 faizi təhlükəlidir. Qalan 1 faiz də xeyirli deyil, sadəcə qorxulu təhlükəsi yoxdur. Qida Təhlükəsizliyi Agentliyi marketdə satılan yağlara reaksiya vermir. Gömrük Komitəsində də nəzarət yoxdur ki, ölkəyə nə girir, nə çıxır və yaxud ölkəyə gətirilən malların sertifikatı varmı, loboratoriyadan yoxlanılıb, yoxlanılmayıbmı bilinmir. Marketdə yağ saılır və yağ qutuya qoyulub. Qutunun üstünə də "Zellandiya yağı" yazılıb. Qiyməti də 18 manat. Mən nə bilim ki, bu qutuda olan həqiqətən də Zellandiya yağıdır. Satıcı da deyir ki, biz özümüz bilirik ki, nə yağıdır? Adama deyərlər ki, bəlkə sən 2 manatlıq palma yağını kəsib oraya qoyub Zelandiya yağı adı ilə satırsan? Mənim laboratoriyam yoxdur ki, aparam o yağı yoxlayam. Bir sözlə, Azərbaycanda yağların ölkəyə gətirilməsinə, satışına nəzarət yoxdur. Bəlkə bizim düşmənimiz olan ermənilər hansısa, təhlükəli, zərərli məhsulları göndərirlər ki, genimizdə problem yaransın".

"Azərsun Holding" Bakı Neft Emalı Zavodundan aldığı yağlardan bitki yağlarının hazırlanmasında istifadə edir?

Mövzu ilə bağlı əldə etdiyimiz məlumatda isə deyilir ki, Bakı Neft Emalı Zavodundan tonlarla yağ "Azərsun Holding"in H.Z.Tağıyev (Nasosnu) qəsəbəsində yerləşən bazasına daşınır. İddialara görə, holdinq zavoddan əldə etdiyi yağlardan bitki yağlarının hazırlanmasında istifadə edir. Sözün açığı, bunun nə dərəcədə doğru olub-olmadığını deməkdə çətinlik çəksək də, ümid edirik ki, müvafiq qurumlar, əsasən də Qida Təhlükəsizliyi Agentliyi qeyd olunan informasiyanı ətraflı və obyektiv şəkildə araşdırıb bununla bağlı ictimaiyyəti məlumatlandıracaq. Çünki "Hürriyyət" qəzeti olaraq bizim belə bir imkanımız yoxdur. Lakin onu deyə bilərik ki, əgər "Azərsun Holding" həqiqətən də Bakı Neft Emalı Zavodundan aldığı yağları bitki yağlarının hazırlanmasında istifadə edirsə, o zaman bu, birbaşa cinayət əməli, ölkənin qida təhlükəsizliyinə vurulan ağır zərbə kimi qiymətləndirilməlidir. Məhz bu səbəbədən də Qida Təhlükəsizliyi Agentliyi ilə yanaşı, ölkənin hüquq-mühafizə orqanları da sözügedən məlumatla bağlı genişmiqyaslı araşdırmalara başlamalıdır.

Rusiya da "Azərsun Holding"in məhsullarının təhlükəli olduğunu, qida kimi istifadəsinin mümkünsüzlüyünü təsdiqləyib

Yeri gəlmişkən, "Azərsun Holding"in ixrac etdiyi kənd təsərrüfatı məhsullarının da standartlara cavab vermədiyi, hətta insan orqanizmi üçün təhlükəli olduğuna dair faktlar mövcuddur. Məsələn, ötən ilin dekabr ayında "Rosselxoznadzor"un regional idarəsinin yaydığı informasiyada bildirilib ki, Rusiyanın Tomsk şəhərində Azərbaycandan ixrac edilən pomidorlarda çox təhlükəli Cənubi Amerika pomidor güvəsi adlı zərərverici aşkarlanıb. Həmçinin, qeyd olunub ki, Cənubi Amerika pomidor güvəsi ən təhlükəli zərərvericilərdən biridir və ona qarşı yüz faiz effektli mübarizə vasitəsi yoxdur. Hətta kimyəvi pereparatlardan istifadə də bu zərərvericiləri tam məhv etmir. "Rosselxoznadzor" əlavə edib ki, həmin məhsulun yoxlanılması zamanı təhlükəli zərərvericinin həyat qabiliyyətli süfrələri də aşkarlanıb. Buna görə də 120 kiloqram pomidor Tomas gömrüyünün əməkdaşları və yükün daxil olduğ "EvroLogistik" MMC şirkətinin nümayəndələrinin iştirakı ilə bərk məişət tullantıları poliqonunda məhv edilib. Məlumatda bildirilib ki, həmin pomidorun qida kimi istifadə edilməsi mümkün deyil, təhlükəlidir. "Rosselxoznadzor"un bununla bağlı yaydığı görüntülərdən aydın olur ki, həmin məhsul "Azərsun Holding"in tərkibinə daxil olan "Gözəl Təbiət" MMC adlı müəssisənin "Green Tech" istixanalarında istehsal olunub.

"Azərsun Holding"in məhsulları ciddi və aradan qaldırılması mümkün olmayan problemlər yarada bilər

Xülasə, bütün bunlar bir daha onu deməyə əsas verir ki, əhalisinin 91 faizinin milliyyətcə türk olduğu Azərbaycanda ölkənin ən önəmli sektorunun - qida sənayesinin milliyyətcə kürd olan, adı mətbuatda yezidi kürdlər, o cümlədən PKK terrorçuları ilə yanaşı hallanan Abdulbari Gozalın nəzarətinə verilməsi, onun rəhbəri olduğu "Azərsun Holding"in sözügedən sahəni inhisara alması heç bir halda doğru addım deyil. Elə zənn etməyin ki, bunu deməklə, qatı millətçilik nümayiş etdiririk. Əsla, belə deyil. Sadəcə, əslən Azərbaycan deyil, İran kürdü olan birisinin ölkəmizdə bu qədər geniş imkan sahibi olması və bunun qarşılığında vətəndaşlarımızı normal, təhlükəsiz qida ilə təmin etməməsi hamı kimi bizdə də haqlı narazılıq yaradır. Çünki bütün bunlar bu gün olmasa da, sabah bizə ciddi və aradan qaldırılması mümkün olmayan problemlər yarada bilər. Belə ki, holdinqin istehsal etdiyi keyfiyyətsiz, insan orqanizmi üçün təhlükəli olan qida məhsullarından istifadə sonda Azərbaycan türklərinin deqradasiyasına, əhalinin genefondunun ciddi zərbə altında qalmasına, yetişməkdə olan gənc nəslin mənəvi və fiziki cəhətdən cılızlaşmasına, ölkədə müxtəlif ağır və sağalmaz xəstəliklərin artmasına, kişi sonsuzluğuna və qadın qısırlığına səbəb ola bilər!

"Hürriyyət"in Araşdırma Qrupu