Bir vaxtlar Masallının icra başçısı Rafil Hüseynov rayonda Abıyevlərin hökmranlığına son qoymaq üçün bütün resurslarını səfərbər eləmişdi.
Bu hədəfi aşa bilməyən sabiq Masallı şefi (indi Astara İH başçısı) Qəzənfər Ağayev kimi Rafil Hüseynov da çırmanaraq Abıyevləri ram eləmək, onların bölgədə süqutuna nail olmaq üçün əlindən gələni əsirgəmədi.
Amma faktiki olaraq onlara bata bilmədi. Söhbət Daşkəsənin icra başçısı Əhəd Abıyev və onun Masallı İH başçısının I müavini olan qardaşı Nadir Abıyevdən gedir.
Hətta bir müddət əvvəl N.Abıyevin vəzifədən azad olunduğu xəbərləri yayılmışdı, amma hazırda İH-nin saytında I müavin olaraq qalır.
Reportyor.info xəbər verir ki, Abıyevlərin Masallıda təsir gücləri heç də azalmayıb. R.Hüseynova onlara bata bilmədi.
O, ilk vaxtlarda Abıyevləri “zərərsizləşdirib”, bölgədə təsir imkanlarını sıfıra endirməklə təkbaşına idarəçilik ambisiyasındaydı.
Lakin icra başçısının bu qədərinə gücü çatmadı və müəyyən dərəcədə onların qoyduğu qaydaları davam etdirməli oldu.
İddialar var ki, bir müddət əvvəl mediada kompromat savaşı aparan tərəflər bir-birini yuxarılarında gözündən salmağa cəhd edirdi. Bu həmlələr də fayda vermədi.
Bu gün Abıyevlər rayonun bütün sahələrində söz sahiblərindən biridirlər. Nadir Abıyevin biznes imkanları, “İman” istirahət mərkəzi fəaliyyət göstərir.
Masallıda yerləşən “İsti – Su” sanatoriyası da Nadir Abıyevin biznes imperiyasının bir qoludur. Buradakı şərait isə o qədər də ürəkaçan deyil və ailəvi istirahətə gedənlər bir daha “İsti – su”ya üz tutmurlar.
Mətbuatda yayılmış xəbərə görə, 2017-ci ildə Lənkəranın icra başçısının birinci müavini İlqar Dadaşov N.Abıyevin “İsti – su” sanatoriyasında dünyasını dəyişib.
Vətəninfo.az-ın xəbərində iddia olunurdu ki, İlqar Dadaşovun vəfat etdiyini eşidən Nadir Abıyev tez onu öz obyektindən çıxartdıraraq yol kənarındakı avtomaşına qoydurub. Nadir Abıyevin belə bir addım atmasının səbəbi isə hansısa xoşagəlməz səs-küyə səbəb olmaq istməməsi olub.
Nadir Abıyev haqda qalmaqallı bir xəbər isə bir neçə il qabaq qardaşı oğlu Raqif Abıyevin toy məclisində dava düşməsi olub. Qafqazinfo.az yazmışdı ki, səbəbtoyda yığılan pulun bölüşdürülə bilməməsi imiş.
Nadir Abıyev bildirib ki, toya pul yazdıranları əsasən özü dəvət etdiyi üçün yığılan vəsait də ona çatmalıdır.
Qardaşı oğlanları isə onunla razılaşmayıblar. Toydan sonra pul yığılmış çantanı götürüb şadlıq evindən çıxmaq istəyən Nadir Abıyev qardaşı oğlanlarının hücumuna məruz qalıb.
Ötən il isə Masallının 2-ci Dadva məhəlləsinin sakini Nəzərova Zəminə Ağababa qızı 7GUN.az-a müraciət edərək, 2016-cı ilin may ayından etibarən özünün və ailəsinin Masallı rayon İcra Hakimiyyətinin Başçısının aparatı tərəfindən təqiblərə məruz qaldğını bildirmişdi.
Zəminə Nəzərova demişdi ki, ailəmizə ayrılmış həyətyanı torpaq sahəsinin yanındakı meşə zolağının yararsız hissəsində 1 mərtəbəli tikili inşa edilib: “Birinci müavin Abıyev Nadir Mikayıl oğlu qəbul etdi.
Nadir Abıyev bizdə olan sənədlərə baxdıqdan sonra İHB-ı tərəfindən yenidən sərəncamın verilməsinin lazım olmadığını və işimizə davam etməyi tapşırdı.
Əvəzində bizdən 3000 (üç min) manat pul istədi və bildirdi ki, həmin məbləğdə İHB-ı Rafil Hüseynovun və digər şəxslərin də payı var. Biz razılıq verdik.
Həmin qəbuldan 3 gün sonra Nadir Abıyev bizə zəng etdi və pulu İsti-Su yolunun üstündə tikdirdiyi şəxsi istirahət mərkəzinə gətirməyi tapşırdı.
Ərim xəstə olduğuna görə mən oğlum Əmrahla birlikdə Nadir Abıyevin istirahət mərkəzinə getdim və pulu ona verdim.
Nadir Abıyev tikintini başa çatdırmağı və sahibkarlıqla məşğul olmağı bizə tövsiyə etdi. Biz yarımçıq tiklinin üstünü inşa etdirməyə başladıq.
Binanın damını bağlatdırarkən Masallı rayon İcra Hakimiyyətinin və Polis Şöbəsinin əməkdaşları həyətimizə gəldilər, tikintini dayandırmağımızı tələb etdilər. Mən Nadir Abıyevə zəng etdim, lakin o zəngimə cavab vermədi.
Ərim qara ciyər serrozundan və şəkər xəstəliyindən əziyyət çəkdiyinə görə mən özüm rayon icra hakimiyyətinə getdim, Nadir Abıyevlə görüşüb, ona baş verən hadisə barədə məlumat verdim.
Lakin o, məni dinləmək istəmədi. Mən ondan 3000 manat pulun geri qaytarılmasını tələb etdim. Nadir Abıyev həmin pulu qaytarmayacağını və ailəmizin başına oyun açacağını bildirdi”.
Yəni, Əhəd Abıyevin qardaşı Masallı bu cür hadisələrlə, biznesi ilə hər zaman mətbuatın gündəminə gəlib. Bu gün isə rayonda tam hökmranlığı bərqərar edib, icra başçısı da artıq onlarla mübarizə aparmır.
2006-cı ilə kimi – Şirəli Əhədov, Azər Səfərov və Oqtay Əliyevin Masallıya rəhbərlik etdikləri dövrdə Abıyevlərin “qılıncı” sağ-sol tanımayıb. Nadir Abıyev əvvəl rayondakı torpaq və xəritəçəkmə idarəsinə müdir, daha sonra İcra başçısının 1-ci müavini vəzifəsinə təyinat alıb.
Abı Abıyev rayonlararası kənd təsərrüfatı idarəsində rəhbər postunda, Zəfər Abıyev bir neçə rayonda polis rəisi postunda daha da möhkəmləniblər.
Həmçinin, onların bir sıra yaxın qohumları şəhər bələdiyyəsindən tutmuş əmlak məsələlərinə qədər bir sıra vəzifələrə yiyələniblər.
Abıyevlər yarıxoş, yarıgüc, bəzən “qaydasız döyüş” üsulları ilə rayonda onlarla obyektə, torpaq sahəsinə yiyələniblər.
Bəzi sahibkarların torpağı zorla, ağına-bozuna baxmadan əllərindən alınıb. Bu iddialarla bağlı qarşı tərəfin mövqeyini öyrənməyə hazırıq.
AzBaku.org