"Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "Qadın və qızların gender əsaslı zorakılığa məruz qalmaması üçün preventiv tədbirlərin görülməsi məqsədilə maarifləndirmənin təşkili" layihəsinin icrasını davam etdirir.
Layihə çərçivəsində Mingəçevir və Şəmkirdə fəaliyyət göstərən Regional QHT-lərin Resurs və Təlim Mərkəzində seminarlar keçirilib. Hər bolgədən 40 nəfər olmaqla 80 nəfər qız və qadınlar arasında keçirilən seminarlar 4 gün davam edib. Seminar zamanı layihənin rəhbəri Nailə İsmayılova layihə haqqında iştirakçılara ətraflı məlumat verib.
Seminarlar layihə üzrə ekspert Nəzakət Balabəyova tərəfindən aparılıb. O, layihənin keçirilmə məqsədini izah edərək bildirib ki. gender əsaslı zorakılıq cəmiyyətdə müxtəlif fəsadlar törədir və bu fəsadların baş verməməsi üçün ölkə başçısının imzaladığı sərəncama əsasən 2010-cu qəbul olunmuş “Məişət zorakılığının qarşısının alınması haqqında Qanun”nu əsas tutaraq preventiv tədbirlərin görülməsi vacibdir. Seminar zamanı o da qeyd olunub ki, həyata keçirilən layihə qadın və qızlara qarşı zorakılıq hallarında cavab tədbiri xarakterini daşıyan alətlər, xüsusilə, zorakılıq qurbanlarına və ya zorakılıqdan xilas olanlara yönələn maarifləndirmə işləri həyata keçirir. Maarifləndirmə zorakılığa məruz qalmış qadınların öz hüquqlarını bilməsi və tələb etməsi, onların cəmiyyətə inteqrasiyasının təmin edilməsi, həmçinin zorakılığın təkrarlanmasının qarşısının alınması və bəzi hallarda, zorakılıqla bağlı davranış və stereotiplərin dəyişilməsi üçün cəmiyyətin və ya əhalinin xüsusi təbəqələri ilə işin aparılması baxımından mütləq xarakter daşıyır. Layihə çərçivəsində hər iki bölgədə anonimlik qorunmaqla əhali arasında şifahi sorğu keçirilib və zorakılığa məruz qalmış qız və qadınlarla fərdi söhbətlər aparılıb.
Seminarda Mingəçevir İcra hakimiyyətinin nümayəndəsi Tərlan Əliyeva və Şəmkir icra hakimiyyətinin nümayəndəsi Gülçin Qasımova iştirak ediblər. Hər iki məsul şəxs Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına belə bir aktual mövzuya dəstək verdiyinə görə təşəkkür ediblər.
Sonra müzakirələr zamanı iştirakçılar həyatda rastlaşdıqları hadisələrdən bəhs ediblər və bu hadisələrin neqativ tərəfləri haqqında danışıblar. Hər seminarın sonunda iştirakçılara simvolik hədiyyələr (gigiyenik kosmetik vasitələr) təqdim olunub. Bunlarla bərabər layihə çərçivəsində çap olunmiş kitabçalar, bukletlər layihə iştirakçıları və əhali arasında paylanılıb.