Dünyanın ən böyük qapalı su hövzəsi olan Xəzər dənizinin buz rejimi son on illiklər ərzində dəyişib.
AzBaku.info Trend-ə istinadən məlumatına görə, bir qrup mütəxəssisin bununla bağlı apardığı tədqiqatların nəticəsi Mərkəzi Asiya Su Tədqiqatları jurnalında dərc edilib.
Məqalədə qeyd olunur ki, 1950-60-cı illərdə qeydə alınmış sərt qış mövsümlərini son on illiklərdə daha mülayim qış əvəz edib: “1990-cı ildən başlayaraq, soyuq dövrdə temperaturun 1,1-1,3 dərəcə artması Xəzər dənizinin buz rejiminə mənfi təsir göstərib”.
Müəlliflər qeyd edir ki, ötən əsrin ortalarından başlayaraq bu günədək temperaturun artımı tendensiyasını müşahidə etmək olar:
“1980-2016-cı illər arasında buz qatının qalınlığının təhlili buzun qalınlığının azalma tendensiyasını göstərir”.
Müəlliflərin fikrincə, iqlim dəyişikliyinin dənizdəki buz qatına təsiri daha çox olacaq və bu amilin tədqiq olunması davam etməlidir:
“İqlim istiləşdikcə buzda çatlar və parçalanmalar daha da çoxalır. İri buz parçalarının olmaması Xəzərdə yaşayan canlıların – məsələn, Xəzər suitilərinin yaşayış bölgəsini məhv edə bilər”.