Azərbaycan-Gürcüstan sərhədində, Gürcüstan tərəfdəki buraxılış məntəqəsində sıxlıq yaranıb.
Oxu.Az-ın məlumatına görə, sıxlıq sosial şəbəkələrdə yayılan fotolarda da öz əksini tapıb.
İddiaya görə, buna Azərbaycan Dövlət Gömrük Komitəsinin sistemində yaranan problem səbəb olub.
Məsələ ilə bağlı Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov saytımıza bildirib ki, “Sınıq Körpü” gömrük sərhəd buraxılış məntəqəsində heç bir sıxlıq yoxdur və sistemdə heç bir problem yaşanmayıb:
“Sadəcə olaraq yay mövsümündə, xüsusən istirahət günlərində Gürcüstan-Azərbaycan sərhədində qısamüddətli gözləmə olur. Sosial şəbəkədə yayılan şəkillər isə gömrük-sərhəd buraxılış məntəqəsinin Gürcüstan tərəfində lentə alınıb”.
N.Axundov qeyd edib ki, yay mövsümündə, xüsusən istirahət günlərində sərnişinlərin və nəqliyyat vasitələrinin sayında yarana biləcək artımı nəzərə alaraq gömrük sərhəd buraxılış məntəqələri daim gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirir.
Xatırladaq ki, bundan əvvəl “Mazımçay” gömrük postunun işində problem yaranmışdı. Burada giriş-çıxışların bağlanmasına və sıxlığın yaranmasına internet xəttinin kəsilməsi səbəb olmuşdu.