Naxçıvan gömrükçüləri iranlı həmkarları ilə müştərək görüş keçiriblər - FOTOLAR

AzBaku.org nuhıxan-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikasının gömrük xidməti nümayəndələri arasında müştərək görüş keçirilib. Şahtaxtı Gömrük İdarəsində təşkil olunan görüşdə İranın Yol təşkilatının nümayəndələri də iştirak edib.

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-mayoru Səhət Həbibbəyli ölkələrimiz arasında tarixi-mədəni əlaqələrin, eləcə də qarşılıqlı əməkdaşlığa əsaslanan iqtisadi-ticari münasibətlərin önəmini qeyd edib. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2017-ci ilin dekabr ayında Tehrana rəsmi səfərindən sonra ikitərəfli münasibətlər, o cümlədən Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikasının yaxın vilayətləri arasında əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub. Muxtar republikamızda gömrük və yol infrastrukturunun müasir şəkildə qurulduğunu, bütün sahələrdə inkişafın təmin olunduğunu qeyd edən komitə sədri Naxçıvanın tranzit potensialını önə çəkib. Gömrük xidməti nümayəndələri arasında vaxtaşırı keçirilən görüşlərin qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə, eləcə də iki ölkə arasında mal və nəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsi və təhlükəsizliyinin təmin edilməsi işinə töhfə verdiyi vurğulanıb.

İran gömrük xidməti nümayəndə heyətinin rəhbəri, Gömrük Administrasiyasının Beynəlxalq Əməkdaşlıq Ofisinin baş direktoru Hüseyn Kaxki və Yol təşkilatının Tranzit və Beynəlxalq Daşımalar Ofisinin baş direktoru Mənüçöhür Salmanzadə ölkələrimiz arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin gömrük işi sahəsini də əhatə etdiyini, qarşlıqlı əlaqələrin gediş-gəlişin və ticarət həcminin artmasına, prosedurların sadələşdirilməsinə və sürətləndirilməsinə imkan yaratdığını önə çəkiblər.

Tərəflər Culfa-Culfa gömrük sərhəd buraxılış məntəqəsinin 24 saatlıq iş rejiminə keçirilməsinin, Şahtaxtı-Poldəşt gömrük sərhəd buraxılış məntəqəsinin iş vaxtının 16 saata çatıdılmasının, Bakı-Naxçıvan-Bakı marşrut avtobuslarına tətbiq olunan gömrük nəzarətinin tam sadələşdirilməsinin qarşılıqlı münasibətlərin əyani göstərici olduğunu və insanların rahatlığına xidmət etdiyini qeyd ediblər.

Görüşdə Naxçıvan Muxtar Respublikasının tranzit potensialından müksimim istifadə, Naxçıvan Muxtar Respublikasından Azərbaycan Respublikasının əsas ərazi vahidinə və əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin keçidi üçün prosedurların asanlaşdırılması və sadələşdirilməsi, diri heyvanların nəql olunması, o cümlədən gömrük işi sahəsində qarşıya çıxan digər vacib məsələlər müzakirə olunub.

Görüş gündəlikdə duran məsələlərin müzakirəsi və həlli yollarının tapılması üçün qarşılıqlı razılaşmaların əldə olunması baxımından əhəmiyyətli və səmərəli olub.

Şərqi Azərbaycan Gömrüklərinin rəisi, Təbriz Gömrüyünün baş direktoru xanım Orəngi və Qərbi Azərbaycan Gömrüklərinin rəisi, Urmiya Gömrüyünün baş direktoru cənab Bərkabian göstərilən qonaqpərvərliyə görə minnətdarlıq edərək müzakirə olunan məsələlərin önəmini və müştərək görüşlərin əhəmiyyətini qeyd ediblər.

Sonra xatirə hədiyyələri təqdim olunub. Qonaqlar Şahtaxtı gömrük sərhəd buraxılış məntəqəsinin modern infrastrukturu və maddi texniki bazası ilə tanış olub, müasir rentgen-nəzarət qurğularının iş prinsipi ilə maraqlanıblar.