r

Deputatın qardaşı holdinq yaradıb

Vergilər Nazirliyi eyni adlı 4 şirkəti dövlət qeydiyyatına alıb.


“Report” xəbər verir ki, söhbət “Abrar Consulting”, “Amrah Med” və “Abrar Investment” MMC-lərdən, eləcə də onları bir çətir altında birləşdirəcək “Abrar Group” MMC-dən gedir.

Bunlardan sonuncunun nizamnamə kapitalı 2 000 manat, digər 3 şirkətin nizamnamə kapitalı isə 1 000 manatdır. Onlar eyni hüquqi ünvanda – Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov küçəsi, ev 44/46-da qeydiyyatdan keçib. 4 kommersiya qurumunun hamısının qanuni təmsilçisi Heydər Rza oğlu İbrahimovdur.

Heydar-Ibrahimov-Kovser-BankXatırladaq ki, H.İbrahimov keçmiş bankirdir. O, 1988-ci ildə Bakıda “Universal Bank”ı təsis edib. Bu maliyyə qurumu 2001-ci ildə adını “Kövsər Bank”a, 2014-cü ildə isə “Synergy Group”a satılması ilə əlaqədar adını “Caspian Development Bank”a dəyişib, 2017-ci ildə isə “Atabank” ASC-yə birləşib. Yeri gəlmişkən, yeni şirkətlərin hüquqi ünvanı vaxtilə “Kövsər Bank”ın baş ofisinin yerləşdiyi ünvanla eynidir.

Qeyd edək ki, Heydər İbrahimov deputat, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimovun qardaşıdır. Onun vaxtilə rəhbərlik etdiyi “Kövsər Bank”la əlaqədar mətbuatda müxtəlif səpkili yazılar dərc edilmişdi. Hətta o zaman bankın lisenziyasının geri alınmasını onun guya İranla bağlı çirkli pulların yuyulmasında iştirakı ilə əlaqələndirənlər də olmuşdu. Lakin H.İbrahimov həmin məlumatları təkzib etmişdi.
Deputatın qardaşı holdinq yaradıb