SON DƏQİQƏ: General Ramiz Zeynalov işdən çıxarıldı - BDYPİ-nin yeni rəhbəri aeroportuun polis rəisi gətirilir

BDYPİ-nin bütün fəaliyyət sferaları iflic durumdadır


Vilayət Eyvazovun Daxili İşlər naziri təyin edilməsi cəmiyyətdə müsbət qarşılanmaqla paralel, müəyyən gözləntiləri də zəruri etdi. Məlumdur ki, mediada yer alan əksər mülahizələrdə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun istefaya göndərilməsinin zərurəti əks olunur. Bəs bu istefa ilə bağlı mülahizələr nədən qaynaqlanır və nə dərəcə də əsaslıdır?

Yenixeber.org bu suallara aydınlıq gətirməyə çalışıb. Əvvəla, daxili işlər naziri postunda 71 yaşlı Ramil Usubovu 51 yaşlı Vilayət Eyvazov əvəz etdiyi kimi, nazirliyin digər rəhbər postlarında da yaşlı kadrların gənclərlə əvəzlənməsi kimi bir gözlənti var. 1970-ci il təvəllüdlü Seyfulla Əzimovun Daxili İşlər nazirinin birinci müavini təyin olunması, 1968 -ci il təvəllüdlü Əbülfət Rzayevin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə rəis təyin olunması qeyd etdiyimiz gözləntiləri stimullaşdıracaq faktorlardır. Bu iki təyinat göstərir ki, Daxili İşlər Nazirliyinin rəhbərliyində daha gənc kadrların önə çəkilməsi davam edəcək.

Bu zaman ilk diqqəti çəkənlərdən biri isə heç şübhəsiz ki, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovdur. Cənab Zeynalovun 68 yaşı bir neçə ay əvvəl tamam olub və düz 25 ildir ki, Baş Dövlət Yol Polisi İdarəsinə rəhbərlik edir. Xatırladaq ki, Ramiz Zeynalov məhz 1994-cü ilin bu ayında Baş Dövlət Yol Polisi İdarəsinin rəisi təyin olunub. 25 il ərzində Ramiz Zeynalovun fəaliyyəti ilə bağlı ictimai rəy yumşaq desək birmənalı deyil. İlk öncə onu qeyd edək ki, Dövlət Yol Polisi sovet sisteminin ən çox korrupsiyalaşmış sistemi olan Dövlət Avtomobil Müffətişliyinin şinelini üzərindən ata bilsə də, prinsipləri dəyişməz oldu. Dövlət Yol Polisində ümüd edilən islahatların olmaması səbəbindən narazılıq kütləviləşdi. Kütləvi dediyimiz narazılıq isə bu qurumun bütün fəaliyyət sahələini əhatə edir: istər patrul xidmətləri olsun, istərsə də, qeydiyyat-imtahan şöbələri.

Qeyd edək ki, Qeydiyyat İmtahan İdarəsinin fəaliyyət dairəsi çox genişdir. Bu dairədə sürücülük vəsiqələrinin verilməsi, mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının dövlət qeydiyyatına alınması, nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi kimi vəzifələr sıralanır. Bu vəzifələr Bakı və Naxçıvan Muxatar Respublikası istisna olmaqla 11 qeydiyyat-imtahan şöbəsi tərəfindən həyata keçirilir. Onların hər biri ilə bağlı mediada kifayət qədər tənqidi fikirlərə, bəzən isə daha da sərt ittihamlara rast gəlinir.Bu narazılıqlarla bağlı konkret faktlara istinadla qarşıdakı günlərdə ətraflı yazacağıq.
SON DƏQİQƏ: General Ramiz Zeynalov işdən çıxarıldı - BDYPİ-nin yeni rəhbəri aeroportuun polis rəisi gətirilir

BDYP İdarəsinin digər mühüm bir xidməti dövlət əhəmiyyətli magistrallarla bağlıdır. Bu sahə Ramiz Zeynalovun müvini Balakişi Əhmədovun kurasiyasındadır. Uzun illərdir bu sahəyə birbaşa rəhbərlik edən polkovnik Balakişi Əhmədovun fəaliyyəti ilə bağlı ictimai rəy narazılıqlarla müşahidə olunduğu kimi, mediada da silsilə yazılar yer almaqdadır. Bu istiqamətdə yenixeber.org-a daxil olan məlumatlar sırasında cənab Əhmədovun fəaliyyətinin görünməyən tərəflərindən və sahib olduğu əmlaklardan da bəhs olunur…

Əldə etdiyimiz məlumatlar sırasında xüsusi ilə diqqəti çəkən isə Balakişi Əhmədovun yeni kürsü iddiasında bulunmasıdır. Söhbət BDYPİ rəhbərliyində gözlənilən kadr dəyişikliyindən gedir. Bu sistemdən yenixeber.org-a daxil olan məlumata görə Balakişi Əhmədov iddialarını gizli saxlamaqla paralel, gərəkən addımları da atmaqdadır. Hətta məlum dairələrdən ilkin razılığın alındığı da bildirilir…

Cavabsız qalan şikayətlər

Baş Dövlət Yol Polisi İdarəsinin vətəndaşın bu ilin may ayında etdiyi müraciətlə bağlı tədbir görmək bir yana, cavab verməməsi bu strukturun iflic vəziyyətdə olduğu qəanətini doğurur. İsmayıllı rayon, Babadağ küçəsi, ev 36-da yaşayan Soltanova Kütahi Şərif qızı may ayının 16-da ərizə ilə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalova müraciət edərək, mülkiyyətçi olaraq ona məxsus olan VAZ 2108 markalı, Az 31 BB 908 dövlət nömrə nişanlı avtomobilin saxlanılmasını, və avtomobili idarə edən şəxs haqqında tədbirlər görülməsini istəyib.Soltanova Kütahi Şərif qızını narahat edən məqam ondan ibarətdir ki, həmin avtomobili indi kimin idarə etdiyi məlum olmasa da, qayda poztuntularına görə cərimələr onun qonşusu, VAZ 2108-lə bağlı 2011-ci ildə qısa müddətdə etibarnamə verdiyi Vahid Balaqardaşovun ünvanına gəlir. Bu vəziyyətə son qoymaq, VAZ 2108 markalı, Az 31 BB 908 dövlət nömrə nişanlı avtomobilin kim tərəfindən idarə olunmasına və həmin şəxsin qanunauyğun hüquq və vəzifələrinin təmin edilməsi ilə bağlı Soltanova Kütahi Şərif qızının müraciəti bu günə kimi heç bir nəticə verməyib. Hətta müraciət müəllifinə cavab belə verilməyib. Bu isə həm də Ramiz Zeynalovun rəhbərlik etdiyi Baş Dövlət Yol Polisi İdarəsinin fəaliyyətinin nəyə qadir olduğunun göstəricisi sayıla bilər.

Ekspertlər isə, Baş Dövlət Yol Polisi İdarəsində yaranmış bu vəziyyəti Ramiz Zeynalovun vəzifəsini əvvəlki qaydada icra edə bilməməsi ilə izah edirlər. Belə fikirlər mövcuddur ki, yaşı və səhhəti Ramiz Zeynalova Baş Dövlət Yol Polisi İdarəsinə effektli rəhbərlik etməyə yetərli deyil və onun gənc bir kadrla əvəzlənməsinin zamanı çatıb. Bu zərurətin daxili işlər naziri Vilayət Eyvazovun kadr siyasəti ilə nə dərəcədə üst-üstə düşdüyünün yaxın zamanda şahidi olacağıq.

Redaksiyadan: Dərc olunmazdan əvvəl yazıda yer alan detallarla bağlı qarşı tərəfi də dinləmək istədik. Qurumun mətbuata sorumlusu Səbri müəllim yazı ilə tanış oldu. Ki, qarşı tərəf olaraq mövqeyini yazsın. Təəssüf ki, heç bir mövqe sərgilənmədi...