Ötən həftə Qəbələnin akademik Zərifə Əliyeva küçəsində yaşayan bəzi sakinlər, Dəmiraparan çayının onlara yaxın olan hissəsinin qanunsuz zibillik kimi istifadə edildiyindən şikayət etmişdilər. İşimiz çox olduğu üçün həmin anda əraziyə çəkiliş üçün gedə bilməmişdik. Belə ki, Qəbələ sakinlərinin problemləri o qədərdir ki, əhalinin şikayətlərinə yetişə bilmirik. Şikayət edəcək yer tapmayan sakinlər, bizi bir ümid yeri olaraq görməyə başlayıblar. Üç gün əvvəldən isə sakinlər həmin zibillikdə böyük yanğın olduğu barədə FHN-nin Qəbələ rayonunda yerləşən Şimal –qərb regional mərkəzinə şifahi müraciətlər ediblər. Əraziyə Qəbələ otellərinin zibili daşınaraq vaxtaşırı yandırılırmış. Son yanğın çox şiddətli olduğundan, sakinləri narahat edib. Əhalinin müraciətinə heç təəccüblü deyil ki , kimsə məhəl qoymayıb. Son dönəmlərdə Qəbələdə ümumiyyətlə heç bir idarə, təşkilat əhalinin müraciətini saya salmır. Bilincli şəkildə Xalq narazı salınır, ümidsizləşdirilir və hansısa qüvvələrin nəzarətinə keçmələri üçün qəsdlə şərait yaradırlar. Dünən səhər tezdən yanğın ərazidəki meşə zolağına sıçrayıb. Hadisəyə rayonun aidiyyətli orqanlarından kimsə məhəl qoymayıb. Hadisə barədə bizə məlumat verən Tehran Musayevin deiyinə görə axşam saat 17-00 da yanğın yaxınlıqdakı yaşayış evlərinə keçib. Əhalinin bir qismi evlərini yanğından öz gücünə qoruya bilsə də vətəndaş Musayev Elman Zaləddin oğlunun evi bir saat ərzində yanaraq, külə deönüb. Yalnız bundan sonra hadisə yerinə FHN-nin yanğın söndürənləri cəlb edilib və bir neçə saatdan sonra yanğın söndürülə bilib. Qəbələ hazırda ölkənin ən başlı başına buraxılmış, yerəl hakimlərin özlərini sultan gördüyü bir bölgəyə dönmüş durumdadır. Ümid edirik ki, tezliklə daha yuxarılardan bu duruma əl qoyular, əhali qanunların şah olduğuna şahid olar. Hələliksə Qəbələdə qanun yerli padişahlardır.