Əli Əhmədov hökuməti narahat edən əsas məqamı SƏSLƏNDİRDİ

“Hökumət kənd təsərrüfatı sahəsində bolluğun təmin edilməsi ilə hər bir azərbaycan vətəndaşının bu məhsullara olan ehtiyacının təmin edilməsinə töhfəsini verir”.



Reportyor.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Əli Əhmədov söyləyib. O qeyd edib ki, qiymətlərin aşağı salınmasının ən vacib istiqamətlərindən biri bundan ibarətdir:

“Digər istiqamət də ondan ibarətdir ki, hökumətin iştirakı ilə kənd təsərrüfatı məhsullarının vətəndaşlara çatdırılması, satışı imkanları genişləndirilsin. Bunun üzərində düşünülür. Həmçinin, əhalinin müxtəlif kateqoriyalarının imkanlarının nəzərə alınması istiqamətində onlara xidmət göstərilməsi də bazar istisadiyyatının vacib istiqamətləridən biridir. Bu gün Azərbaycanda göstərilən xidmətlərin səviyyəsinə uyğun şəkildə yüksək qiymətə satılan kənd təsərrüfatı məhsulları da var, orta səviyyəli qiymətlər də müşahidə olunur. Daha ucuz qiymətə məhsulların satışı üçün yarmarkalar da təşkil edilir. Beləliklə, hər bir Azərbaycan vətəndaşının kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi üçün imkanların rəngarəndliyi təmin edilib”.



Ə. Əhmədov qeyd edib ki, hökuməti narahat edən əsas məqam bəzi hallarda kimlərinsə müxtəlif yollardan və vasitələrdən istifadə edərək, məhsulların qiymətlərini qaldırmağa çalışmasıdır.

Bu isə ümumi qiymətlərin yüksəlməsinə təsir göstərir:

“Amma dövlət tərəfindən minimum əmək haqlarının ciddi şəkildə artırılmaıs ilə bağlı qəbul edilən qərar da bazara təsir etməkdədir. Bunsuz mümkün deyil. Əgər maaş alan insanların maaşı qaldırılırsa, bu o deməkdir ki, süniliyə yol vermədən, xidmət göstərən və əməkhaqqı alan insanların da göstərdiyi xidmətə görə aldığı əməkhaqqının dərəcəsi artırılacaq. Dövlət sektorunda çalışan insanların maaşları artırsa, kənd təsərrüfatı işçilərinin də həyat şəraitinin yaxşılaşması üçün qazanclarında artım müşahidə olunacaq. Amma müəyyən ədalət prinsipləri əsasında bu həyata keçirilməlidir. Hökumətin reallaşdırmağa çalışdığı bütün tədbirlər bu prinsiplər əsasında qurulur ki, həm istehslaçı, həm də istehlakçı razı qalsın, hər ikisinin maraqları təmin olunsun”