Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun yaradılması haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, Sərəncamda deyilir:
"Naxçıvan Muxtar Respublikasında fundamental elmi yeniliklərin stimullaşdırılmasını, onun təbii resurslarının, mədəni və tarixi irsinin tədqiqinin genişləndirilməsini, elmin müxtəlif sahələrində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən innovativ layihələrin dəstəklənməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondu yaradılsın.
2. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti:
2.1. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ilə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun nizamnaməsinin layihəsini hazırlayıb Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə təqdim etsin;
2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin".