r

Müəllimlərin dərs yükü normalarında dəyişiklik edilib

Nazirlər Kabineti “Təhsil müəssisələrinin pedaqoji işçilərinin (dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər istisna olmaqla) dərs yükü normalarının müəyyən edilməsi haqqında” qərara dəyişiklik edib.

NUHÇIXAN xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində müəllimlərin 1 stavka dərs yükü – 18 saat (bu zaman həftəlik dərs yükü 2 stavkanı aşmamalıdır) olacaq. İdman və incəsənət məktəblərində müəllimlərin, məktəbdənkənar təhsil müəssisələrində dərnək rəhbərlərinin həftəlik 1 stavka dərs yükü - 12 saat (bu zaman həftəlik dərs yükü 3 stavkanı aşmamalıdır) müəyyən edilib.

Qərar sentyabrın 15-dən qüvvəyə minir.