Yaxın qonşu Göyçay rayon İcra Başçısından yaxşıdır -Video

Biri-birinə bəd dua edən zaman “Malın oda-alova qismət olsun “ deyər. Yanğın elə qorxulu fəlakətdir ki, qarşısı alınmazsa dünyanı ağzına ala bilər. Lakin həyat bəzən bizə o faciələri bütün acısı ilə yaşadır. Faciəni yaşamağın forması da fərqlidir. Bir var tək başına onu yaşamaq, biri də var hərkəslə. Hərkəslə yaşanan faciələr zamanı atalar “El ilə gələn bəla toy-bayramdır” deyiblər. Allahın heç bir elə, insana bəla, faciə yaşatmamasını dua etsək də, qədərdən qaçmaq mümkün olmur.

“DogruXeber.az” informasiya agentliyi belə faciənin həm maddi, həm də mənəvi iztirablarını qədərindən artıq yaşayan ailənin faciəsini ölkə ictimaiyyətinə çatdırmaq məqsədilə vətəndaşın dərdini dinləyib, söylədikləri əsasında qələmini əlinə aldı.

29 may 2019-cu il tarixində Göyçay rayon Potokürd kəndinin sakinləri Abdullayev Elvin və Abdullayeva Samirənin yaşayış evləri elektrik xətlərinin qısa qapanması nəticəsində yanır. Hadisə gündüz 10:05 saatlarında baş verir. Xoşbəxtlikdən ailənin üç azyaşlı uşağı və valideynlər evdə olmadığından, can itkisi yaşanmır. Evin yandığını görən qonşular FHN-nin Göyçay rayon Yanğınsöndürmə İdarəsinə məlumat verirlər. Yanğınsöndürənlər isə hadisə yerinə olduqca gec gəlirlər. Demək olar ki, evin əşyaları ilə birgə tamamilə yanıb, kül olmasını bildikdən sonra gəlirlər.

Bəlkə də, bu belə deyil. Lakin görünən mənzərə bundan başqa bir hal düşündürmür. Evi tamamilə yanıb, yurd-yuvasız qalan ailə üç azyaşlı uşaqla küçələrdə gecələməli olur. Ailənin başçısı Elvin Abdullayev kömək göstəriləcəyinə ümid edib, üz tutur Göyçay rayon İcra Başçısı Mehdi Səlimzadənin qəbuluna. Başçının qəbuluna buraxılmayan Elvini başçının birinci müavini İkram Vəliyev qəbul edir. Müavin vətəndaşı dinlədikdən sonra:-“Sizə kömək etmək üçün bizim imkanlarımız məhduddur. Digər tərəfdən sizin evin sığortası yoxdur. Gedin özünüz öz başınıza çarə qılın”. İcra hakimiyyətindən “əli ətəyindən uzun” çıxan Elvin Abdullayev kor-peşiman ailəsinin yanına dönür. Göyçay şəhərində 80(səksən) AZN-dən mənzil kirayə tutub, ailəsini başına yığır. Başına gələn müsibətlər azmış kimi üstəlik qapısını döydüyü aidiyyatı orqanlar da ona süni əngəllər yaratmaqdan sanki zövq alırlar. Evi yanan zaman ailəyə aid sənədlərin məhv olması ailə üzvülərinin rəsmi sənədləşmə problemini də ardından gətirib. FHN-yi bu sahədə onlara kömək edə biləcəyi halda, o da İcra Başçısı kimi borclu olduğu vəzifəsini yerinə yetirib, yanğın aktını təqdim etmir. Ailənin əlində yanğını təsdiqləyən rəsmi aktın olmaması səbəbindən ailə üzvülərinin yanmış şəxsiyyət vəsiqələrini, əmlak sənədlərini, doğum şəhadətnamələrini və.s yenidən bərpa edə bilməsi mümkün deyil.

Göyçay rayon İcra Başçısı guya vətəndaşların problemləri ilə maraqlanıb həll edilməsi məqsədilə yerlərdə keçirdiyi görüşlər zamanı Elvin Abdullayev təkrar öz probleminin həllini xahiş edir. Başçı “gözdən pərdə asmaq” üçün ətrafındakı əmr qullarına tapşırıq verib, sökülən binalardan tikinti materialı verilməsini tapşırır. Qəlbində ümid işığı yanan Elvin sevincək göstərilən ünvana yollanır. Burada ona təqdim edilən tikinti materialları istismar müddətini başa vurub, çürük, tikintiyə yararsız halda olduğundan əli boş evinə qayıdır. Səltənət və sərvət sahibi olan İcra Başçısı Mehdi Səlimzadə isə yəqin ki, öz növbəsində rayonun Statistika İdarəsinə yanğından zərər çəkmiş ailəyə köməklik göstərilməsi barədə saxta hesabat hazırlamağı tapşırır. Başçının bu hərəkəti “Alma almaya bənzər “ filmindəki “Duz-çörək Həsən” obrazını gözlərimiz önündə canlandırdı. “Verdiyi araq buğu isladar, boğazdan aşağı enməz”. Öz maraqlarına xidmət etməyən işlərə vaxt sərf etməyi, yəni əhalinin problemlərinə qulaq verib, gecə olur da birdən xatırlayıb, əhvalı pozulacağından çox qorxan İcra Başçısından fərqli olaraq kənd bələdiyyəsi öz işçilərinin şəxsi vəsaitləri hesabına ailəyə 11 ədəd tikinti materialı olan dik hədiyyə edirlər. Yaxın qonşular qollarından qopan, gücləri çatan nə varsa ailənin üç körpəsini qarşıdan gələn qışdan qorumaq məqsədilə onlardan əsirgəmirlər. Onların bu hərəkətinə baxanda yenə də atalarımızın kəlamını xatırladım. “Kasıb mərd olar”.

Eh! Biz də nə qoyub, nə axtarırıq. “Durmuşuq bir ailənin evinin yanmasını rayon üzrə QLOBAL problem etmişik”. Rayonun başçısı hər il Göyçay rayonunda Beynəlxalq səviyyədə “Nar festivalı” təşkil edir. Ora minlərcə xarici qonaqlar gəlir. Minlərcə yerli və xarici jurnalistlər gəlir. Onların qarşısına çıxmaq üçün hər tərəfli hazır olmaq lazım deyil məgər? Yoxsa gedib Firəngistanda deyərlər “Qarabağ elatının xanımları mərifətsizdirlər. Qonaq qarşılamağı bacarmırlar”. Kinoda deyildiyi kimi.

Ölkə Prezidenti məmurlarla, başçılarla, nazirlərlə hər görüşdə diqqətə çəkdiyi vacib amil xalqın sosial-iqtisadi problemlərini dövlətin daxili siyasətinin ana xətti olduğunu dönə-dönə vurğulayır. Görünür, Göyçay rayon İcra Başçısı digər həmkarları kimi Prezidentin keçirdiyi müşavirələr zamanı “dərin yuxuya dalıb”. Elə olmasaydı, Göyçay rayon əhalisinə xidmət üçün Prezident tərəfindən kürsüyə oturdulub, onların dərdini öz dərdləri hesab etməsi tapşırığını duymuş olardı. Əks halda evini-eşiyini itirib, ailəsi, övladları ilə səfillik həddinə gələn vətəndaşa yararsız tikinti materialları təklif etməklə mənəviyyatını alçaltmaqdan çəkinmiş olardı. Fikrimizin sonunda sadə bir müqayisə aparmaq istədik. Evi-eşiyi yanmış, əlində tək sərvəti olan ailəsi və övladları üçün çarpışan Elvinlə, sərvəti, dövləti saya gəlməyən başçı Mehdi Səlimzadəni üz-üzə qoyub baxın. Biri qəlbi sevgi dolu kasıb ata, digəri xəzinəyə qərq olunmuş kinli məmur. O məmur ki, vətandaşına xidmət göstərməyə birmənalı borclu olduğu təqdirdə, bu məsuliyyətdən süni olaraq yayınır. Bu yerdə yuxarıda qələmə aldıqlarımızı siz dəyərli oxucularımızın ixtiyarına veririk.

Qarşı tərəfin mövqeyini dinləyib, dərc etməyə hazırıq:


“DogruXeber.az”