Bu il ərzində işlərinə yol verdikləri nöqsanlarına görə altı rayon təhsil şöbəsinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb və əmək müqavilələrinə xitam verilib.
Oxu.Az-ın məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov təhsil işçilərinin respublika konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bəzi hallarda təhsildə qəbul edilən normativ qaydalar yerlərdə tam şəkildə icra edilmir:
"Bir il bundan əvvəl keçirilən analoji konfransda bu istiqamətdə olan məsələnin üzərində çox dayanmadım. Bu məsələlərin növbəti tədris ilərində aktual olmaması və müzakirə predmetinə çevrilməsinə ehtiyac olmamasını arzu edirəm. Təhsil sistemində hər şeyin elektron qaydada aparılması neqativ halların sayını azaltsa da, il ərzində keçirilən nəzarət tədbirləri zamanı bir sıra neqativ halların hələ də mövcud olması öz təsdiqin tapıb" .
Nazir bildirib ki, 10 nəfər rayon təhsil şöbəsinin rəhbəri və üç nəfər ərazi maliyyə hesablaşma mərkəzinin rəhbərləri işlərində verdiyi nöqsana görə intizam tədbirləri tətbiq edilib:
"Nöqsanlara görə səkkiz nəfər məktəb direktoru, altı nəfər direktor müavini müqaviləsinə xitam verilib. 29 nəfər direktor və 37 nəfər direktor müavini intizam tədbirləri tədbiq edilib.
80 nəfər məktəb direktorunun əmək müqaviləsinin müddəti qurtaran zaman növbəti dəfə əmək müqaviləsinin uzadılması barədə qərara alınarkən davamlı şəkildə nəticələrin aşağı olması onların müqavilələrin uzadılmamasına qərar verilib.
Yeddi hal üzrə materiallar toplanaraq hüquqi qiymət verilməsi üzrə aidiyyəti qurumlara göndərilib. Fikrimcə, bu məsələrə ciddi yanaşmalıyıq. Bu nöqsanlara yol verən şəxslər öz cəzalarını alacaqlar".