İnsanın tərcümeyi- halını dəyişən, ömür yolunu müəyyənləşdirən elə günlər var ki, dönüb taleyinə yazılır.Hər bir gəncin həyatının mənası olan Bilik günü də belə müqəddəs günlərdəndir. Onu yaşamaq, onu qazanmaq üçünsə oxumaq, oxumaq bir də oxumaq gərəkdir. Sentyabrın 16-da Sumqayıt Dövlət Universitetində 2019-2020-ci tədris ilinin başlanmasına və Bilik gününə həsr olunmuş təntənəli tədbir keçirildi.
Dövlət himni səsləndikdən sonra tədbiri giriş sözü ilə açan universitetin rektoru professor Elxan Hüseynov yeni tədris ilinin başlanması münasibəti ilə professor-müəllim və tələbə heyətini təbrik etdi, onlara təhsildə və əmək fəaliyyətlərində uğurlar arzuladı.Rektor ölkəmizdə milli təhsil quruculuğu strategiyasının uğurla həyata keçirildiyini, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə elmə, təhsilə diqqətin artırıldığını bildirdi, bütün uğurların ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olduğunu, dövlət başçısı cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyini vurğuladı. Rektor onu da diqqətə çatdırdı ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin növbəti dəfə doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin artırılması ilə bağlı imzaladığı sərəncam gənclərin təhsilinin inkişafına daha bir töhfə, tələbələrin təhsillərinin keyfiyyətini artırmalarına, onların daha yaxşı oxumalarına yeni stimul oldu. Son illərdə qazanılan bütün uğurlar ölkə başçısı cənab İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatlar, ölkənin birinci-vitse Prezidenti Mehriban xanım Əliyevanın təhsil obyektlərinin yeniləşməsi sahəsində gördüyü işlərin və dövlətimizin bu sahəyə xüsusi qayğısının nəticəsi kimi dəyərləndirilməlidir. Mütəmadi olaraq təhsil işçilərinin əmək haqlarının artırılması, hər il təhsil işçilərinə əməkdar müəllim adı, Prezident təqaüdü və bir sıra dövlət təltiflərinin verilməsi, ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği artırılması buna əyani sübütdür. Təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, imzalanan fərman və sərəncamlar deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir. Universitetin tarixi keçmişi, müasir inkişaf mərhələləri barədə məlumat verən rektor diqqətə çatdırdı ki, Sumqayıt Dövlət Universiteti yarıməsrdən çox tarixi inkişaf yolu keçən, yüksəkixtisaslı mütəxəssislər yetişdirən, güclü maddi-texniki bazaya malik olan, beynəlxalq əlaqələrini günü – gündən genişləndirən ali təhsil ocağıdır. SDU-da təhsilin səviyyəsi, burada tələbələrin biliklərə yiyələnməsi üçün yaradılan şərait hər zaman diqqət mərkəzində olub. Universitetin potensialı istiqamətində mütəmadi olaraq işlər görüldüyünü deyən rektor bu il SDU-ya qəbul sayının ötən illərlə müqayisədə daha da artdığını diqqətə çatdırdı. Rektor tələbələrə səslənərək onlara bu uğurlarının davamlı olmasını dilədi: “Sizin üçün bu gündən həyatınızın tam yeni mərhələsi, tələbəlik illəri başlayır. Hər bir insanın həyatında tələbəlik illəri xüsusi əhəmiyyətə malikdir. Tələbəlik illəri nə dərəcədə maraqlı, sevilən, emosional olsa da, bir o qədər məsuliyyətli, vacib illərdir”.
Sonra tədbirdə qəbul imtahanlarında yüksək bal toplamış birinci kurs tələbələrinə xatirə hədiyyələri, tələbə biletləri və qiymət kitabçaları təqdim edildi.
Universitetin Ağsaqqallar Şurasının sədri, Prezident təqaüdçüsü, professor, əməkdar müəllim Həsən Sadıqov, 2018/2019-cu tədris ilinin məzunları və hazırda Ekologiya kafedrasının əməkdaşı Günel Rəhimova, Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının əməkdaşı Ceyhun Qasımbəyli, 2019/2020 –ci tədris ilində Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin I kursuna 428 balla qəbul olunmuş tələbə Nuriyyə Hüseynova, filologiya fakültəsinin I kursuna 505 balla qəbul olunmuş tələbə Aytən İskəndərova , valideynlər adındanTarix və coğrafiya fakültəsinin I kursuna 514 balla qəbul olunmuş Günay Əliyevanın valideyni Mehriban Əliyeva və filologiya fakültəsinin I kursuna 440 balla qəbul olunmuş tələbə Salmanlı Ülvinin valideyni Əziz Salmanov çıxış edərək tələbə adını qazanan gəncləri təbrik etdilər, təhsilə və gəncliyə göstərilən dövlət qayğısından danışaraq, müəllim-tələbə heyətinə təhsildə və həyatda uğurlar arzuladılar.
Tədbir universitetin marşı ilə davam etdi.
Qeyd edək ki, Bilik günündən sonra ilk dərslər Sumqayıt şəhərinin 70 illiyinə həsr olundu.